Azərbaycanın güclənməsində mətbuatın da üzərinə böyük vəzifə düşür

 

Prezident İlham ƏLİYEV: “Sizin işiniz mənim üçün də çox dəyərlidir, əhəmiyyətlidir və mən bunu yüksək qiymətləndirirəm”

 

Bir neçə gün əvvəl Bakıdakı “Gülüstan” Sarayında Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilsə də, ölkə ictimaiyyəti, ən çox da jurnalistlərin özləri bu şanlı yubileyin xoş təəssüratı ilə yaşayırlar.

Prezident İlham Əliyev son illərdə yaranmış mütərəqqi ənənənin davamı kimi 2015-ci il iyunun 2-də “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzaladı. Bu, Azərbaycan mətbuatının inkişafına, ölkə jurnalistlərinə diqqət və qayğının daha bir parlaq nümunəsi idi. Bu, bir daha göstərdi ki, dövlət azad sözün təminatçısı olan mətbuatın, kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində tədbirlərini ardıcıl surətdə davam etdirir.

Sərəncamla bağlı tərtib olunmuş plana əsasən milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin vətəni Zərdabdan başlayaraq ölkənin bir sıra şəhər və bölgələrində, o cümlədən Gəncədə, Qəbələdə, Masallıda, Qubada tədbirlər keçirildi. Bir sıra dövlət qurumlarında konfranslar təşkil edildi. Bir sözlə, mətbuatımızın tarixi yenidən vərəqləndi, onun keçdiyi yola bir daha nəzər salındı, bu günü barədə söhbət açıldı.

Yubiley ərəfəsində kütləvi informasiya vasitələri nümayəndələrinin böyük bir qrupu - qəzet, jurnal, radio, televiziya və informasiya agentliklərində çalışan 200-ə yaxın jurnalist Prezidentin sərəncamı ilə fəxri adlara layiq görüldü, orden və medallarla təltif olundu.

Azərbaycan mətbuatının keçdiyi yol həqiqətən şərəflidir. 140 il əvvəl “Əkinçi”dən başlayan bu yol XIX əsrdən XX əsrə keçərək Azərbaycan Xalq Cümhuriyyəti dövründə özünü əsasən “Azərbaycan” qəzeti ilə təcəssüm etdirib. Sonra mətbuatımız 70 illik sovet dönəminin keşməkeşlərindən adlayaraq yaşayıb, inkişaf edib. Bir çox KİV-lər hətta AXC-Müsavat cütlüyünün hərc-mərclikləri, keçid dövrünün çətinlikləri zamanında da öz haqq sözünü cəsarətlə deyib. Bugünkü mətbuatımız artıq azad, müstəqil, ardıcıl inkişaf xətti ilə irəliləyən bir ölkənin mətbuatıdır.

Prezident İlham Əliyevin milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə qeyd etdiyi kimi, bu gün Azərbaycan mətbuatı yeni səviyyəyə qalxa bilmişdir: “Bu, ümumiyyətlə, cəmiyyətimizin inkişafı ilə bağlı olan məsələdir. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində Azərbaycan mətbuatında bəzən gedən yazılar bizim nə əxlaq normalarımıza, nə milli dəyərlərimizə sığırdı. Bu da yəqin ki, keçid dövrünün bir əlaməti idi. Çünki azad mətbuat yaranmışdı və senzura ləğv edilmişdi”.

Müstəqil Azərbaycanda mətbuatın yeni bir mərhələyə qədəm qoyub getdikcə inkişaf etməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bəli, bu, danılmaz bir həqiqətdir ki, Azərbaycan mətbuatı müstəqillik illərində tam azad mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır. Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu sahədə də islahatlar aparılmağa başlandı. Məhz 1993-cü ildən sonra Azərbaycan insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. Təsadüfi deyil ki, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası hər kəsə informasiya əldə etmək hüququ verdi. 1998-ci ildə isə ümummilli lider Azərbaycan jurnalistikasının inkişafına xidmət edən tarixi bir sənəd imzaladı - KİV üzərində senzura ləğv edildi.

Sonrakı illərdə də ulu öndər mətbuatın azad və müstəqil fəaliyyətini, inkişafını təmin edən qanunlar və sərəncamlar imzaladı.

Senzuranın ləğv edilməsi ümummilli lider Heydər Əliyevin mətbuata böyük dəstəyi, inamı, etibarı idi. Bu inamdan sui-istifadə etmək deyil, bəhrələnmək lazımdır. Başqa sözlə, hər bir jurnalist qələmini xalqının, dövlətinin mənafeyinə xidmət edən mövzulara yönəltməlidir. Yazarkən özünün şəxsi hiss və ambisiyalarına deyil, ağlına arxalanmalıdır. Bilməlidir ki, nəyi və necə yazsa, bununla öz ölkəsinə bir fayda verə bilər. Senzura jurnalistin daxili dünyasında, vicdanında olmalıdır.

Çox az ölkə olar ki, orada jurnalistikaya Azərbaycandakı kimi dəstək, jurnalistə buradakı kimi qayğı göstərilsin. Hər halda ətrafımızdakı ölkələr sırasında beləsi yoxdur.

Ulu öndər Heydər Əliyev həmişə jurnalistlərin dostu olub. Müstəqillik illərində Azərbaycan jurnalisti öz dövlətinin ona köməyini, dəstəyini daha çox hiss etdi. Prezident İlham Əliyev bu ənənəni uğurla davam etdirərək jurnalistlərin əməyini yüksək qiymətləndirir, onların yaradıcılığının inkişafı, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əməli tədbirlər görür.

Beləliklə, kütləvi informasiya vasitələrinin son 12 ildə keçdiyi inkişaf yolu ümummilli lider Heydər Əliyevin yaratdığı mütərəqqi ənənələrin layiqli davamçısı Prezident İlham Əliyevin gördüyü əməli tədbirlərlə bağlıdır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2013-cü ildə Azərbaycan jurnalistlərinin böyük bir qrupu məxsusi olaraq mətbuat işçiləri üçün tikilmiş binada yeni mənzil sahibi oldu. Bu, 17 mərtəbəli, iki bloklu evdə 156 jurnalist ailəsinin xoşbəxt ömür sürməsi deməkdir.

Hazırda Səbail rayonunda jurnalistlər üçün 17 mərtəbəli, 3 girişli, 255 mənzilli daha bir yaşayış binasının tikintisi davam etdirilir. Bu da dünyada analoqu olmayan haldır. Yəni heç bir ölkədə dövlət ev tikib onu jurnalistə təmənnasız bağışlamır.

Azərbaycan dövləti, Azərbaycan xalqı jurnalistlərə inanır, onların verdiyi hər məlumatı dəyərləndirir. Jurnalistlərin öz üzərlərinə düşən çətin və şərəfli missiyanı layiqincə yerinə yetirmələrini dövlət başçısı da yüksək qiymətləndirir: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”.

Azərbaycan Prezidenti həqiqətən də jurnalistlərin dostudur. Dövlət başçısının Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə söylədiyi nitq mətbuatın keçdiyi yola nəzər salan bir baxış, onun bugünkü durumuna verilən qiymət olmaqla yanaşı, həm də jurnalistlərlə səmimi söhbət idi. Belə ki, Prezident “bir çox hallarda ölkədə, misal üçün, hər hansı pozuntular baş verdikdə, qüsurlar olanda, yaxud da hər hansı bir xoşagəlməz vəziyyət yarananda” məlumatı həm də mətbuat vasitəsilə əldə etdiyini bildirdi: “Bu, mənim üçün də çox əhəmiyyətlidir. Çünki yəqin, siz də bilirsiniz ki, Prezidentin hadisələrlə bağlı bilavasitə mətbuata çıxışı yoxdur, vasitəçilər, köməkçilər, administrasiya işçiləri, digər mənbələr var. Ona görə bəzi hallarda məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir. Administrasiyada, digər yerlərdə, digər strukturlarda işləyənlər bunu bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm. Ən azı, bu, yoxlanılmalıdır, əgər həqiqətdirsə, ölçü götürülməlidir. Ona görə sizin işiniz mənim üçün də çox dəyərlidir, əhəmiyyətlidir və mən bunu yüksək qiymətləndirirəm. Bu, belə də olmalıdır, çünki ölkədə həllini gözləyən problemlər hələ ki, çoxdur”.

Prezidentin ölkənin hərtərəfli inkişafında, qarşıda duran işlərin yerinə yetirilməsində jurnalistlərə arxalanması, kömək, dəstək gözləməsi bizlərin boynuna çətin və şərəfli bir vəzifə qoyur. Bununla yanaşı, dövlət başçısı həm də bizim o vəzifələrin gerçəkləşməsində bütün qəlbimizlə, gücümüz və vicdanımızla iştirak edəcəyimizə şübhəsi olmadığını, inandığını bildirir: “Biz hamımız çalışırıq və çalışacağıq ki, ölkəmizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı rifahını təmin edək. Əlbəttə ki, burada da həm iqtidarın üzərinə böyük funksiya, həm də mətbuatın üzərinə böyük vəzifələr düşür. Qeyd etdiyim kimi, mətbuat işçiləri bu vəzifələrin öhdəsindən şərəflə gəlirlər”.

Azərbaycan jurnalistləri əllərində qələm bu gün də öz xalqı, dövləti ilə birlikdədirlər. Bundan sonra da belə olacaq.

 

Flora SADIQLI,

əməkdar journalist

 

Azərbaycan.- 2015.- 25 iyul.- S. 4.