Sənayeləşmə məhsulun
həcmini artırır,
keyfiyyətini dünya
standartlarına çatdırır
Nazirlər Kabinetinin iclasında
bu barədə də danışılıb
Ölkədə iqtisadi inkişaf ildən-ilə dinamik şəkildə artmaqda davam edir. Bu uğurun təməlində həyata keçirilən iqtisadi islahatlar və qanunvericilik bazasının təkmilləşdirilməsi dayanır. Bazar iqtisadiyyatı prinsiplərinə söykənərək sahibkarlıq sinfinin formalaşmasında dövlətin gördüyü tədbirlərin xüsusi yeri var. Bu işdə yerli və xarici sahibkarlar tərəfindən sərmayə qoyulması da mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan iqtisadiyyatında aparıcı sahə neft sənayesi olub. Bu, ötən əsrin əvvəlində Bakıda neft hasilatında sıçrayış dövründən sovet dönəminin süqutuna kimi davam edib. Müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə də ölkə iqtisadiyyatının bütün ağırlığı neft sənayesinin üzərinə düşüb. Xüsusilə inkişafında 1994-cü il sentyabrın 20-də bağlanan “Əsrin müqaviləsi”nin böyük rolu olub. Həmin müqavilə bağlandıqdan sonra neft hasilatı artdı və ölkə büdcəsinə vəsait daxil olmağa başladı. Əldə olunan vəsaitdən iqtisadi və sosial sahələrin inkişafına vəsait yatırıldı. Bunun sayəsində ölkənin tarazlı inkişafının təmin edilməsinə start verildi.
Dövlət tərəfindən həyata keçirilən bu iqtisadi siyasət özünün doğru olduğunu keçən dövr sübut etdi. Belə ki, ikinci dəfə neftin qiyməti kəskin şəkildə bahalaşdığı kimi, qəfildən də kəskin şəkildə aşağı düşməyə başladı. Hazırda ölkədə iqtisadiyyatın bütün sahələrində dinamik inkişaf davam edir. Cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları da bunu sübut edir.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə ətraflı danışılıb. Dövlət başçısı ölkə iqtisadiyyatının bugünkü durumunu dərindən təhlil edib və rəylərini bildirib. Məlumdur ki, Avropada, o cümlədən bizimlə qonşu dövlətlərdə yaşanan iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanda iqtisadi inkişaf dinamik şəkildə artmaqda davam edir. Dövlət başçısı bununla bağlı demişdir: “Bax dediyim bu mənzərənin fonunda bizim uğurlarımız doğrudan da tarixi xarakter daşıyır. Altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, baxmayaraq ki, neftin qiyməti aşağı səviyyədədir. Baxmayaraq ki, qonşuluqda iqtisadi vəziyyət hələ ki o qədər də müsbətə doğru dəyişməyib, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bax indi gətirəcəyim rəqəmlər bunu göstərəcək və sübut edəcək ki, bu, doğrudan da tarixi nailiyyətdir. Beləliklə, altı ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artım görürük. Yəni bundan yuxarı nəticə ola bilməz. Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə görülmüş işlərin, tədbirlərin nəticəsidir”.
Qeyd edilən rəqəmlərdən aydın olur ki, hesabat dövründə ölkə iqtisadiyyatında inflyasiya 3,5 faiz civarında olub. Əhalinin pul gəlirləri isə ənənəvi olaraq inflyasiyanı üstələyərək 6,2 faiz artıb. Aqrar sektorda da dinamik inkişaf davam edir. Belə ki, bu sahədə artım 7,3 faiz olub.
Dövlət neft gəlirlərindən iqtisadiyyatın qeyri-neft sənayesinə sərmayə qoymaqla onun inkişafında həlledici rol oynayır. Lakin neftin dünya bazarında qiymətinin kəskin şəkildə ucuzlaşması dövlətin ehtiyat tədbirləri görməsini zəruri etdi. Yəni Neft Fonduna yığılan vəsaitdən daxili investisiyalarda istifadəni müəyyən qədər məhdudlaşdırdı. Ancaq sevindirici haldır ki, daxili investisiyaların qoyuluşu azaldığı bir dövrdə xarici sərmayələrin yatırılması artıb. Bu da onu göstərir ki, xarici investorlar Azərbaycan dövlətinə inanır. Yəni xarici investorlar əmindirlər ki, ölkə iqtisadiyyatına qoyduqları sərmayə batmayacaq, əksinə, onlara gəlir gətirəcək. Xarici investisiyaların Azərbaycan iqtisadiyyatında önə keçməsinin bir səbəbi də, qeyd etdiyimiz kimi, ölkəmizə olan möhkəm inamın təzahürüdür.
Ölkənin sənayeləşməsi siyasəti 10 ildən çoxdur ki, uğurla həyata keçirilir. Bunun nəticəsində ölkəmizdə minlərlə böyük, orta və kiçik həcmli müxtəlif sənaye müəssisəsi fəaliyyət göstərir. Müstəqilliyin bərpasından sonrakı illərdə tikilən bir çox sənaye müəssisəsi dünya standartlarının tələbinə cavab verən keyfiyyətli məhsul istehsal edərək daxili tələbatı ödədikdən sonra xarici bazara da məhsul göndərir.
Azərbaycanda iri sənaye müəssisələrinin yaradılması qarşıda duran vacib məsələlərdən biridir. Çünki ölkənin inkişafının göstəricilərindən biri sənaye müəssisələrinin keyfiyyətli məhsul istehsalı səviyyəsindən asılıdır. Ölkəmizdə bu məqsədlə iri sənaye sahələri olan texnoparkların tikintisinə start verildi. Hazırda Sumqayıt Sənaye Texnoparkının timsalında bu ideyanın nə qədər doğru olduğunu aydın görürük. Nazirlər Kabinetinin ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev ölkənin sənayeləşməsinin əhəmiyyətini qeyd edərək demişdir: “Sənayeləşmə prosesi də uğurla gedir. Qeyd etdiyim kimi, qeyri-neft sənayemiz 14 faiz artmışdır. Mən xatırlamıram ki, nə vaxtsa qeyri-neft sənayemiz bu qədər artsın. Bu, doğrudan da rekord göstəricidir. Sənaye artımı əvvəllər də olub, amma daha çox neft hasilatı hesabına. O illərdə sürətli hasilatda artım olmuşdur. Amma qeyri-neft sənayemiz 14 faiz artıb. Bu, doğrudan da görülən işlərlə bağlıdır. Hər bir rayonda sənaye zonaları yaradılacaq, eyni zamanda sənaye parkları. Məndə olan məlumata görə, Sumqayıt Kimya Sənaye Parkında 4 rezident tərəfindən 700 milyon manat investisiya nəzərdə tutulur. Bu da çox gözəl göstəricidir və bir daha onu göstərir ki, bu sənaye parklarının yaradılması çox düzgün və vaxtında atılmış addım idi”.
Hazırda bir sıra Avropa ölkələri iqtisadi böhrandan çıxmağın yolunu sosial layihələri ixtisar etməkdə, pensiyaları azaltmaqda görürlər. Başqa sözlə, Avropa ölkələri iqtisadi böhrandan çıxmaq üçün “kəmər bağlama” siyasətinə üstünlük verirlər. Necə deyərlər, siyasətçilərin səhvlərini vətəndaşların sosial təminatlarını azaltmaq hesabına düzəltmək istəyirlər. Ancaq Azərbaycanda bunun əksinədir. Əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyərək 6,2 faiz artıb. Dövlət vətəndaşın sosial təminatına xüsusi qayğı göstərir. Dövlətin ehtiyacı olan vətəndaşlara göstərdiyi qayğı bununla bitmir. İlin birinci yarısında ünvanlı sosial yardımların, aylıq və birdəfəlik sosial müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən 248 milyon manat vəsait xərclənib. Bu, Azərbaycan reallığıdır.
Ölkəmiz iqtisadi və sosial sahələrdə qazanılan uğurlarla kifayətlənmək fikrində deyil. Bu işi uğurlu şəkildə davam etdirmək əzmini hər bir vətəndaş göstərməlidir. Xüsusilə də sahibkarlar onlara yaradılan münbit şəraitdən istifadə edərək ölkə iqtisadiyyatının dinamik inkişafına öz töhfələrini verməlidir. Prezident İlham Əliyev sözügedən iclasda əldə olunan nailiyyətləri qorumaqla bərabər, onu daha da inkişaf etdirməyin vacib olduğunu bildirərək demişdir: “Biz iqtisadi artımın yüksək templərini ilin sonuna qədər saxlamalıyıq. Əminəm ki, biz buna nail olacağıq. Çünki birinci altı ayda göstəricilər çox müsbətdir. Gələn altı ay ərzində elə etməliyik ki, ili gözəl nəticələrlə başa vuraq. Əminəm ki, makroiqtisadi sabitlik də təmin olunacaq. Çünki bayaq qeyd etdiyim kimi, inflyasiya cəmi 3,5 faiz təşkil edir və ümumiyyətlə, hesab edirik ki, birrəqəmli inflyasiya hər bir ölkə üçün gözəl göstəricidir. Son illər ərzində bizdə inflyasiya çox aşağı səviyyədədir. Bu səviyyə, əlbəttə ki, normal iqtisadi inkişafı təmin edir və insanların rifah halını yaxşılaşdırır”.
Rüstəm KAMAL,
Azərbaycan.- 2015.- 25 iyul.- S. 7.