“Maral qaçar dağ üstə...”
Ötən əsrin 70-ci illərində Qulu Əsgərov oxuyardı bu mahnını. Sadəcə, mahnının gözəlliyinə aludə olardıq, musiqini canımıza hopdurardıq.
Marala, cüyürə, ceyrana yalnız vəhşi təbiətin qoynunda, tək-tək hallarda rast gəlmək mümkün idi. İndi isə ölkəmizə yüzlərlə maral, ceyran gətizdirilib. Şəkildə gördüyünüz bu marallar və ceyranlar bir tərəfdən bizim dağların gözəlliyini özünə qaytarır, keçmişimizi xatırladır. Digər tərəfdən də qeyri-neft sektorunun yeni bir sahəsi kimi ölkənin aqrar sektorunda öz layiqli yerini tutmağa çalışır. Biz maralı, ceyranı bir qədər poetik qəbul etmişik. Bir poetik sevdanın təcəssümü, gözəlliyin rəmzi kimi. Ərəblərdə, bir çox müsəlman ölkələrində, hətta ispanlarda belə qəzəl deyilən şeir janrı da ceyranın adı ilə bağlıdır.
İndi dünya dəyişir, Avropa dövlətlərində artıq maral yalnız təbiəti bəzəmək üçün deyil, həm də ət istehsalı üçün yetişdirilir. Maral ətinin istehsalı Qərb ölkələrində ən gəlirli sahələrdən biri sayılır. Azərbaycana maralların gətirilməsi və onların yarımvəhşi təbiətdə yetişdirilməsi nadir hadisə kimi bir qədər poetik təsir bağışlayır. Digər tərəfdən kim bilir, bəlkə yaxın gələcəkdə Azərbaycan Qafqazda bu sahədə də liderliyi qazanacaq.
B.İMANQULİYEV,
Azərbaycan.- 2015.- 25 iyul.- S. 8.