Azərbaycanda
sosial-iqtisadi proqramların icrası uğurla davam edir
Prezident
İlham ƏLİYEV: “Bizim siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı dayanır”
Milli iqtisadi modeli, makroiqtisadi uğurları ilə dünyanın aparıcı maliyyə mərkəzlərinin də diqqət mərkəzində olan Azərbaycan sosial məsələləri də daim diqqətdə saxlayır. Prezident İlham Əliyev çoxşaxəli islahatları çevik və işlək mexanizmlər üzərində reallaşdırır, davamlı yüksəlişi təmin etmək üçün ölkənin daxili potensialından səmərəli istifadə olunur.
Cənab İlham Əliyevin son 12 illik fəaliyyəti dövründə praqmatik siyasi lider kimi reallığı operativ və obyektiv şəkildə dəyərləndirməyi, milli maraqlar naminə cəsarətli və prinsipial addımlar atmağı, istənilən ekstremal şəraitdə ən optimal, düzgün qərar qəbul etməyi, habelə ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşıb. Dünyada neftin qiymətinin kəskin aşağı düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən institusional islahatlar, səmərəli idarəetmə üsulları Azərbaycanın davamlı inkişafını təmin edib. Hökumətin çevik və işlək fəaliyyət mexanizmlərinə əsaslanmaqla müəyyənləşdirdiyi sığortalayıcı mexanizmlərin hər bir mərhələ üzrə işə salınması, daxili maliyyə mənbələrinin bu destruktiv prosesə qarşı səfərbər edilməsi son nəticədə respublikanın qlobal böhrana potensial müqavimət əzmini gücləndirib.
Ölkə rəhbəri dəfələrlə vurğulamışdır ki, sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin əsas vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Respublikamızın iqtisadi siyasətinin sosialyönümlü səciyyə daşıması bir tərəfdən insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Qlobal maliyyə böhranının tam səngimədiyi bir şəraitdə ümumi daxili məhsulda, eləcə də qeyri-neft sektorunda artımın müşahidə olunması respublikanın iqtisadi siyasətinin qlobal miqyasda cərəyan edən neqativ təsirlərə müqavimət gücünü nümayiş etdirdi. Bir çox dövlətlərdən fərqli olaraq, ölkəmizdə böyük infrastruktur layihələrinin icrası davam etdirilir, vətəndaşların sosial mənafeyinə xidmət edən kompleks tədbirlər sistemi həyata keçirilir, bütün bunların da əsasında məhz insan amili, vətəndaşa layiqli xidmət məramı dayanır. Yeni neft strategiyasının davam etdirilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin reallaşdırılması, Azərbaycanı regionda lokomotiv dövlətə çevirən enerji layihələrinin həyata keçirilməsi, iqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin, sənaye potensialının formalaşdırılması kimi vacib məqamlar cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır.
Paytaxtda yeni körpülərin, yol ötürücülərinin, piyada keçidlərinin istifadəyə verilməsi, respublika əhə-miyyətli yollarda əsaslı yenidənqurma işlərinin aparılması, regionlarda yeni təhsil, səhiyyə, mədəniyyət, Olimpiya idman komplekslərinin tikintisi görülən məqsədyönlü tədbirlərdəndir. Bütün bunlar məhz Azər-baycan vətəndaşlarının firavan, rahat yaşamasına xidmət edən qlobal investisiya layihələridir. Sosial sahəyə diqqətin ildən-ilə artırılması ölkə vətəndaşlarının rifah halının yüksəlməsi ilə nəticələnir. Sosialyönümlü siyasətin məqsədi heç də sosial bərabərsizliyi aradan götürmək deyil, onu tarazlaşdırmaq, kəskin təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərini layiqli həyat səviyyəsi ilə təmin etmək üçün fərdin ictimai statusunu yüksəltməkdir. Ölkəmizdə ünvanlı sosial yardım proqramının uğurla həyata keçirilməsi, respublikamızda yeni açılan iş yerlərinin sayının ildən-ilə artması sosial siyasətin praktik nəti-cələri kimi diqqəti çəkir. 2015-ci ilin birinci yarısında ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılmışdır ki, onlardan 48 mini daimidir. Ümumilikdə isə son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yerləridir. Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib: “Sosial sahədə bütün proqramlar icra edilir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, bu, təbiidir. Biz büdcəni qəbul edəndə neftin qiymətini 90 dollardan hesablamışıq, əslində indi 60 dollar səviyyəsindədir. Bir neçə ay bundan əvvəl daha da aşağı səviyyədə idi, əlli dollardan aşağı düşmüşdü. Ancaq bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik”.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla həyata keçirilməsi Azərbaycanın qeyri-neft sektorunda mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb. Regionların inkişafına xidmət edən kompleks tədbirlərin davamlı səciyyə daşıması tamamilə təbiidir: inkişaf etmiş dövlətlərin təcrübəsi də sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin saxlanılması vacib şərtlərdəndir. Dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanır. Azərbaycanda inflyasiyanın səviyyəsi 3,5 faiz təşkil edir. Əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyir və 6,2 faiz artmışdır. Kənd təsərrüfatı 7 faizdən çox artmışdır ki, bu da son illər ən yüksək artım tempidir.
Prezident İlham Əliyev sözügedən iclasda qarşıda duran vəzifələrlə bağlı deyib: “Sosial infrastruktur yaradılır. Məktəblər, xəstəxanalar tikilir. İndi təxminən 20-dən çox məktəb, 30-dan çox tibb müəssisəsi təmir olunur, tikilir. Yəni bu proses də gedir. Demək olar ki, biz bu sahədə əsaslı dönüş yarada bildik. Növbəti illərdə çalışmalıyıq ki, bir dənə də təmirsiz məktəb olmasın və hər bir yerdə, hər bir kənddə insanlar normal tibbi xidmətə malik olsunlar. Yəni sosial və iqtisadi vəziyyət bundan ibarətdir. Bu, bir daha onu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan sürətlə inkişaf edə bilər. Çünki bizim düşünülmüş siyasətimiz var. Bizim proqramlarımız reallıq üzərində qurulubdur. Hər bir məsələ, hər bir sahə ilə bağlı çox konkret fəaliyyət planı var - regionların inkişafı, işsizliyin aradan qaldırılması, sənayeləşmə, kənd təsərrüfatının inkişafı. Deyə bilərəm ki, kənd təsərrüfatının inkişafı üçün bu il çox önəmli addımlar atılmışdır. Bir neçə fərman imzalanmışdır ki, bu da kənd təsərrüfatının inkişafına xidmət göstərir. Məsələn, taxılçılıqda məhsuldarlıq böyük dərəcədə - təxminən 20 faiz artmışdır. Əvvəllər hektardan 22 sentner götürürdüksə, mənə verilən məlumata görə, indi 30 sentner götürmüşük. Dövlətin dəstəyi ilə iri fermer təsərrüfatları yaradılır, meliorasiya tədbirləri, bütün aqrotexniki tədbirlər görülür, strukturlaşma prosesi gedir və şəffaflıq təmin edilir. Əlbəttə, gələcəkdə daha da ciddi işlər aparılacaq ki, həm məhsuldarlıq artsın, həm də biz torpaq fondumuzdan maksimum dərəcədə istifadə edək”.
Sahibkarlığa dövlət tərəfindən ayrılan maliyyə vəsaitlərinin həcminin artması da son dərəcə təqdirəlayiq faktdır. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir. Azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılması, infrastrukturun yeniləşdirilməsi, regionların tarazlı və davamlı inkişafı və digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən cənab İlham Əliyev ötən müddətdə özəl sektorun inkişafına xüsusi diqqət yetirmişdir.
Müstəqil Azərbaycan məhz cənab İlham Əliyevin rəhbərliyi altında qarşıda duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir. Əminliklə demək olar ki, Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan bu siyasət bundan sonra da uğurla davam etdiriləcək, respublikamız qabaqcıl dövlətlər sırasında layiqli yerini tutacaqdır.
Elnur
HACALIYEV,
Azərbaycan.- 2015.- 26 iyul.- S. 3.