Bakıda Ümumdünya Kimya
Olimpiadası davam edir
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının təşkilatçılığı ilə Ümumdünya Kimya Olimpiadası davam edir. Bu ümumdünya bilik yarışmasında 5 qitədən, 75 ölkədən 300 gənc kimyaçı, bundan əlavə, 250-dən artıq kimya alimləri, münsiflər heyəti, kimya mütəxəssisləri, pedaqoqlar, müşahidəçilər, qrup rəhbərləri iştirak edirlər.
MDU-nun Bakı filialından AZƏRTAC-a bildirilib ki, artıq Olimpiada çərçivəsində nəzəri və praktik kimya üzrə imtahanlar baş tutub.
İyulun 23-də praktik tur, iyulun 25-də isə nəzəri biliklər üzrə sınaq imtahanı keçirilib. Yarışma iştirakçıları MDU-nun Bakı filialının auditoriya və laboratoriyalarında bilik səviyyələrini sınayıblar.
Hər imtahan zamanı şagirdlər 5 saat ərzində qoyulmuş tapşırıqları icra etməyə çalışıblar. 75 ölkənin komanda üzvləri orijinal və qeyri-standart yanaşma tələb edən məsələlər üzərində işləyiblər. Bakıda keçirilən bu böyük elm yarışmasına dünyanın hər nöqtəsindən təşrif buyurmuş iştirakçılar tapşırıqları yerinə yetirərkən MDU-nun Bakı filialının zəngin maddi-texniki bazasından, laboratoriyalardakı modern avadanlıqdan, texnologiyanın ən son tələblərinə cavab verən cihazlardan yararlanıblar.
Qaydalara əsasən, nəzəri imtahana maksimum 60 bal, laboratoriya işlərinə ən çoxu 40 bal verilir. Hər iştirakçı ölkənin iki nümayəndəsindən formalaşdırılmış Beynəlxalq Münsiflər Heyəti cavabları müzakirə edir və qiymətləndirir. Nəticələr iyulun 28-də Olimpiadanın bağlanış mərasimində elan olunacaq.
47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın rəhbərliyi altında Universitetin alim-pedaqoq heyəti bu möhtəşəm və əhəmiyyətli tədbirin gündəlik işinə ciddi nəzarət edir.
Azərbaycan.- 2015.- 26 iyul.- S. 4.