Tbilisidə 13-cü Avropa Gənclər Olimpiya Festivalının rəsmi açılışı olub

 

İyulun 26-da Gürcüstan paytaxtındakı Mixeil Mesxi stadionunda “Tbilisi-2015” 13-cü Avropa Gənclər Olimpiya Festivalının rəsmi açılışı olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mərasimdə Gürcüstanın dövlət hökumət rəsmiləri ilə yanaşı, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov da iştirak edib.

Ümumilikdə 50 ölkədən idmançıların, yüksək vəzifəli qonaqların qatıldığı tədbirdə “Tbilisi-2015” Olimpiya Festivalının təşkilat komitəsinin sədri Aleksi Axvlediani Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış edərək qonaqları salamlayıb, idmançılara uğurlar arzulayıblar.

Gürcüstanın dövlət bayrağı Avropa Olimpiya Komitəsinin bayrağı meydana gətirilib.

Sonra hava şarı ilə olimpiya məşəli meydana daxil olub. Gürcüstanın tanınmış idmançıları, Olimpiya dünya çempionları növbə ilə məşəli meydanda gəzdirdikdən sonra Olimpiya məşəli alovlandırılıb.

İdmançılar minlərlə tamaşaçının alqışları ilə meydana daxil olublar. Azərbaycan idmançıları qonşu ölkədə hərarətli alqışlarla qarşılanıblar.

Mərasimin bədii hissəsində incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.

Mərasim atəşfəşanlıqla başa çatıb.

Qeyd edək ki, Azərbaycan bu yarışmada 35 idmançı ilə təmsil olunur. Gənclərimiz bu festivalda idmanın 6 növü üzrə - yüngül atletika (10 nəfər), tennis (4), üzgüçülük (5), bədii gimnastika (1), velosiped (3) cüdo (12) yarışlarda mübarizə aparacaqlar.

Gürcüstanda keçirilən bu festivalda Azərbaycandan 35 könüllü iştirak edir.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

Azərbaycan.- 2015.- 28 iyul.- S. 2.