YAP Tərtər rayon təşkilatı yaradılmasının 22-ci ildönümü qeyd olunmuşdur

 

YAP Tərtər rayon təşkilatının yaradılmasının 22-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin mərkəzi meydanda ucaldılan abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir.

YAP rayon təşkilatının sədri Ramiz Şabanov qeyd etmişdir ki, tarixi zərurətdən doğan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən dövlətçilik, azərbaycançılıq, vətənçilik kimi ali prinsiplərə söykənərək artıq 22 ildir ki, iqtidar partiyası kimi fəaliyyətdədir. Ümummilli lider Heydər Əliyev ideyaları ilə silahlanmış Yeni Azərbaycan Partiyası həmişə bu gün Prezident, YAP-ın sədri İlham Əliyevin müəyyənləşdirdiyi daxili xarici siyasəti uğurla həyata keçirir, Azərbaycanın dünya dövlətləri sırasında tutduğu layiqli mövqeyinin möhkəmləndirilməsi yolunda fəaliyyət göstərir.

1993-cü il iyul ayının 25-də yaradılan YAP Tərtər rayon təşkilatı partiyanın siyasi xəttinin dönmədən həyata keçirilməsi, rayonda davamlı aparılan abadlıq, quruculuq işlərində sıralarında birləşdirdiyi 5673 nəfər partiya üzvünün fəallığı əsasında fəaliyyət göstərir. Hazırda rayon təşkilatı üzvlərinin 2971 nəfərini qadınlar, 1449 nəfərini gənclər təşkil edir. Cari ilin ötən dövründə partiya sıralarına 151 nəfər fəal, Heydər Əliyev ideyalarına, dövlətə dövlətçiliyə sədaqəti ilə seçilən gənclər qəbul olunmuşlar.

Tədbirdə çıxış edən rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov, YAP rayon təşkilatı nəzarət-təftiş qrupunun sədri Adil Hüseynov, YAP rayon təşkilatı gənclər birliyinin sədri Emin Pənahov, şəhər 5 nömrəli tam orta məktəbin direktoru Arzu Həsənova, mərkəzi rayon xəstəxanası ərazi ilk partiya təşkilatının sədr müavini Pərvanə Xuduyeva, rayon təhsil şöbəsinin müdir müavini Surxay Mirzəyev, Qapanlı kənd bələdiyyəsinin sədri Rizvan Əzimov demişlər ki, Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin ideyalarının həyata keçirilməsi sayəsində hərtərəfli inkişaf edən dövlətimiz bundan sonra da etibarlı əllərdə olduğunu, müstəqilliyimizin əbədiləşdirildiyini bilir, Prezident İlham Əliyevin daxili xarici siyasətini dəstəkləyirlər.

Sonunda partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunmuşdur.

 

Lazım QULİYEV,

 

Azərbaycan.- 2015.- 28 iyul.- S. 5.