Donald
Tuskun ölkəmizə
səfəri Avropa İttifaqının Azərbaycana
verdiyi dəyərin göstəricisi idi
Ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirən digər beynəlxalq qurumlar da bu
səfərdən ibrət,
dərs götürməlidirlər
Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana keçən həftəki səfəri tərəflər arasında münasibətlərin inkişafında yeni mərhələ kimi qiymətləndirildi. Avropanın müxtəlif dairələrinin ölkəmizə qarşı qərəzli münasibətindən sonra reallaşan bu səfər Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu ortaya qoydu.
D.Tuskun Azərbaycan dövlət başçısı ilə keçirdiyi görüşdə səsləndirilən fikirlər əməkdaşlığın inkişafı üçün geniş spektrin olduğunu təsdiqləməklə yanaşı, Avropa İttifaqı üçün Azərbaycanın böyük əhəmiyyət daşıdığını təsdiqlədi. Eyni zamanda bu səfər göstərdi ki, Avropa İttifaqı ölkəmizin əhəmiyyətini yüksək qiymətləndirərək, Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi Azərbaycanla işğalçı Ermənistan arasında bərabərlik qoymaq fikrində deyil.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bu səfərlə bağlı dedi ki, Avratlantik məkana inteqrasiya, beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycana nə qədər lazımdırsa, ölkəmiz də bu məkan üçün bir o qədər lazımdır. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyində, sülhün və təhlükəsizliyin təmin olunmasında önəmli rola malikdir: “Azərbaycan müstəqil xarici və daxili siyasət kursu yeridən, heç kimin dirijor çubuğu ilə idarə olunmayan bir dövlət olaraq beynəlxalq birlikdən, beynəlxalq təşkilatlardan, Avropa qurumlarından da onunla bərabərhüquqlu tərəfdaş kimi davranılmasını istəyir və tələb edir. Bu, bizim haqqımızdır və heç zaman da dəyişməyəcək birmənalı mövqeyimizdir. Azərbaycan onunla zor, təhdid, şantaj, təzyiq, diktə dilində danışılmasını qəbul etmir və bundan sonra da qəbul etməyəcək.
Bu gün müstəqil Azərbaycan Avropaya da, dünyaya da açıq, şəffaf bir dövlətdir. Ölkəmiz bütün beynəlxalq qurumlarla bərabərhüquqlu əsaslar üzərində qurulan əməkdaşlıqda, tərəfdaşlıqda maraqlıdır, o cümlədən, Avropa İttifaqı ilə də. Ona görə də Azərbaycan beynəlxalq təşkilatların ədalətli mövqe sərgiləmələrini gözləyir. Donald Tuskun Azərbaycana səfəri göstərdi ki, bu qurum Azərbaycanla əməkdaşlıqda maraqlıdır və az qala onlar tərəfindən yandırılmış körpünü bərpa etmək niyyətindədir. Onların nə dərəcədə səmimi olub-olmadığını gələcək zaman göstərəcək. Ancaq elə bilirəm ki, bu, Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirən digər beynəlxalq qurumlara da bir dərs olmalıdır. Onlar da artıq Azərbaycanla təhdid, təzyiq dilində danışılmasının qeyri-mümkün olduğunu anlamalı, dərk etməli və öz yanlış addımlarından geri çəkilməlidirlər”.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov dedi ki, Donald Tuskun Azərbaycana səfəri bir çox məsələlərin həllinə, Aİ ilə Azərbaycan arasında olan münasibətlərə müsbət təsir göstərdi.
“Prezident İlham Əliyevlə keçirilən görüşdə son vaxtlar Azərbaycana qarşı Avropanın bir çox qurumları, o qurumların üzvü olan müəyyən qruplar, tək-tək şəxslər tərəfindən ölkəmizə qarşı şər-böhtan xarakterli qərəzli fikirlərə, obyektiv, düzgün olmayan haqsız-ədalətsiz mövqelərə aydınlıq gətirildi. Donald Tusk özü şahidi oldu ki, Azərbaycanda insan hüquqlarının pozulması, demokratiyanın olmaması ilə bağlı söylənilən fikirlər cəfəngiyatdan başqa bir şey deyil. O, yaxşı bilir ki, Azərbaycan inkişaf etmiş hüquqi, demokratik dövlətdir. Ölkəmizdə insan hüquqları, söz, mətbuat azadlığı təmin olunub. Gördü ki, Azərbaycanda xeyli sayda qəzet, jurnal dərc olunur və telekanallar, radiolar fəaliyyət göstərir. Bir sözlə, ölkəmizdə media azadlığı var. Qonağa həmçinin bir milyondan artıq qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması haqqında məlumat verildi. Ümumilikdə görüşdə səsləndirilən fikirlər çox dəyərli oldu.
Donald Tusk Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı çox vacib fikirlər səsləndirib. Qeyd edib ki, status-kvo həm onun özü, həm də Avropa İttifaqı üçün qəbuledilməzdir. Ona görə də işğalçı Ermənistana heç bir dəstək nümayiş etdirməyib”.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2015.- 29 iyul.- S. 3.