Azərbaycanın inkişafı dinamik xarakter daşıyır

 

6 ayın yekunları bu il də makroiqtisadi sabitliyin təmin olunacağına zəmanət verir

 

2015-ci ilin birinci yarısı Azərbaycanın tarixinə möhtəşəm bir hadisənin - ilk Avropa Oyunlarının keçirildiyi vaxt kimi daxil oldu. Ölkəmizin belə genişmiqyaslı tədbirə evsahibliyi etməsi, eləcə də idmançılarımızın qazandığı parlaq qələbələr müstəqil Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərin, yüksəlişin, sosial-iqtisadi sahədəki müvəffəqiyyətlərin bir növ məntiqi təsdiqidir.

I Avropa Oyunları Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin artan qüdrətini, böyük məsuliyyət və təşkilatçılıq tələb edən belə mötəbər tədbirləri yüksək səviyyədə keçirməyə qadir olduğunu bir daha təsdiqlədi. Avropa Oyunlarının təşkil olunmasında, Oyunların bütün beynəlxalq standartlara cavab verən böyük təşkilatçılıq səviyyəsində keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əməyi xüsusi qeyd olunmalıdır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi fədakar fəaliyyət göstərmiş, ən yüksək peşəkarlığa malik komanda kimi işləmişdir. Bütün bunlar əsl vətənpərvərlik nümunəsi idi.

Bu dövrdə ölkənin iqtisadi həyatı da öz axarı ilə davam etmiş, sosial sahədə bütün işlər rəvan getmiş, nəzərəçarpan uğurlar qazanılmışdır. Belə ki, birinci yarımillikdə müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 26,3 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilmişdir. Bu, 2014-cü ilin müvafiq dövründəkindən 5,7 faiz çoxdur. Əlavə dəyərin 36 faizi sənayedə, 13,4 faizi ticarət, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətlərində, 12,5 faizi tikinti kompleksində, 5,8 faizi nəqliyyatda, 5,6 faizi kənd təsərrüfatında, 1,9 faizi rabitədə və 16,4 faizi digər sahələrdə yaradılmışdır. Hər nəfərə düşən ÜMD istehsalı 2765,1 manat olmuşdur.

Təqdirəlayiq haldır ki, Azərbaycanda bu inkişaf bir çox ölkələrdə iqtisadi böhranın davam etdiyi vaxtda əldə olunur. Məlum olduğu kimi, MDB məkanında vəziyyət ürəkaçan deyil. Ukraynadakı böhran qalmaqdadır. Ermənistanın iqtisadiyyatı tamamilə çöküb, Yunanıstan və bir sıra digər ölkələr böhranla bacara bilmirlər.

Azərbaycanın öz inkişafının dinamikliyini qoruyub saxlaması dövlətin həyata keçirdiyi düzgün və məqsədyönlü siyasətdən, sosial-iqtisadi sahədə aparılan islahatlardan, ardıcıl tədbirlərdən qaynaqlanır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bütün bunları vurğulayaraq demişdir: “Baxmayaraq ki, qonşuluqda iqtisadi vəziyyət hələ ki o qədər də müsbətə doğru dəyişməyib, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bax, indi gətirəcəyim rəqəmlər bunu göstərəcək və sübut edəcək ki, bu, doğrudan da tarixi nailiyyətdir. Beləliklə, 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Yəni, bundan yuxarı nəticə ola bilməz. Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir”.

Qeyri-neft sektorunun inkişafı dövlətin qarşıya qoyduğu prioritet vəzifələrdən biri olaraq qalır. Ona görə bu sahə üzərində xüsusi dayanaraq bir neçə rəqəmi diqqətə çatdırmaq istərdim. Belə ki, keçən ilin birinci yarısı ilə müqayisədə qeyri-neft sektorunda əlavə dəyər 9,2 faiz artmışdır. Sənaye məhsulu üzrə qeyri-neft sahəsində məhsul istehsalı göstəricisi daha yüksəkdir - artım 14,1 faiz olmuşdur.

Qeyri-neft sektorunun ayrı-ayrı sahələrində əldə olunan nəticələr də ürəkaçandır. Məsələn, emal bölməsində qida məhsullarının istehsalı 3,7 faiz artmışdır. Artım özünü daha çox ət, kolbasa məmulatları, üzlü süd, cem və marmelad, duru bitki yağları istehsalında göstərmişdir.

Toxuculuq sənayesində diqqətəlayiq uğur qazanılıb: əmtəəlik hazır pambıq parça istehsalı 17,5 dəfə artıb. Keçən ilin eyni dövrünə nisbətən dəri 2 dəfə, üstü dəridən olan ayaqqabılar 84,9 faiz çox olub.

Kimya sənayesində məhsul istehsalı 2,2 dəfə artıb. Artım əsasən polietilen, etilen, izopropil spirti, barium-sulfat, propilen buraxılışında müşahidə edilib.

Qeyri-neft sektorunun inkişafına metallurgiya sənayesi də öz töhfəsini verir. İlin ilk 6 ayında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahəsində 166,2 milyon manatlıq məhsul buraxılıb və xidmətlər göstərilib. Metallurgiya sənayesində istehsalın həcmi 21,9 faiz artıb. Hazır metal məmulatları 2 dəfə çoxalıb.

Qeyri-neft sektorunun tikinti materiallarının istehsalı sahəsində əmtəəlik tikinti gipsi 4,4 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan hazırlanan məmulatlar 3,5 dəfə, asfalt 31,2 faiz artıb. Yanvar-iyun aylarında bu sahədə 166,2 milyon manatlıq məhsul istehsal edilib.

Ümumilikdə isə yarımildə ölkənin sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 13,3 milyard manatlıq məhsul istehsal etmişlər. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çoxdur. Sənaye məhsulunun 63,3 faizi mədənçıxarmada buraxılıb.

Məlum olduğu kimi, keçən il respublikada “Sənaye ili” elan olunmuşdu. Sənayedə başlanan yeni işlər uğurla davam etdirilir. Sənayeləşmə prosesində irəliyə doğru addımlar atılır.

Bu il isə “Kənd təsərrüfatı ili”dir. Aqrar sahə orada çalışan əhalinin sayına və əhatə dairəsinə görə qeyri-neft sektorunda ön yeri tutur. Bununla yanaşı, ölkəmizin həmin sektorda məhsul istehsalını artırmaq üçün böyük potensialı var. “Kənd təsərrüfatı ili” bu potensialdan istifadə etmək məqsədilə atılan əməli bir addımdır. Yanvar-iyun aylarında qazanılmış nailiyyətlər “Kənd təsərrüfatı ili”nin uğurla sona çatacağından və başlanmış işlərin qoyulmuş hədəflərə çatmaq üçün möhkəm zəmin olacağından xəbər verir.

Yarım ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2648,6 milyon manat olmuşdur. Onun sabit qiymətlərlə dəyəri keçən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,6 faiz, bitkiçilik məhsulları üzrə 14 faiz artmışdır.

Ölkənin kənd təsərrüfatında yaz-tarla işləri uğurla başa çatmışdır. İyun ayının 24-nə kimi 362,1 min hektar sahədə yazlıq bitkilərin əkini aparılmışdır. Kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa çatdırdıqdan sonra yetişdirdikləri məhsulun yığımına başlamışlar. Yığım başlanandan bəri tarlalardan 288,7 min ton kartof, 382,9 min ton tərəvəz, 93,1 min ton meyvə və giləmeyvə, 37,4 min ton bostan məhsulları, 76,5 ton tütün, 273,4 ton yaşıl çay yarpağı toplanmışdır.

Bu il zəmilərdə bol məhsul yetişmişdir. Payızlıq və yazlıq dənli və dənli paxlalıların biçini (qarğıdalısız) iyul ayının 27-si vəziyyətinə belə olmuşdur: 2747224 ton məhsul toplanmışdır ki, bu da keçən ilin müvafiq dövrünün göstəricisindən xeyli çoxdur (keçən il 2152431 ton). Hər hektarın məhsuldarlığı da ötənilkindən yüksəkdir. Belə ki, 2014-cü ildə 1 hektardan 22,8 sentner məhsul götürülmüşdürsə, bu il həmin rəqəm 30,5 sentnerə çatıb. Bir çox bölgələrdə məhsulu biçiləcək sahələrin hamısında işlər yekunlaşıb. Məsələn, Naxçıvan Muxtar Respublikasında, Abşeron, Ağcabədi, Bərdə, Biləsuvar, Hacıqabul, Xızı və bir sıra digər rayonlarda biçin qurtarıb.

Kənd təsərrüfatında heyvandarlıq da son illərdəki inkişaf tempini saxlamaqdadır. Bunu 6 ayda qaramalın baş sayının 0,4 faiz, qoyun və keçilərin sayının isə 1,9 faiz artması da sübut edir. Yarım ildə keçən ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət, süd, yumurta və yun istehsalı artmışdır.

Prezident İlham Əliyev “Ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək” demişdir. Sahibkarlar həqiqətən ölkə iqtisadiyyatının inkişafına böyük töhfə verirlər. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, bu il iyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 551 mindən çox olmuşdur. Onların 108 min 986-sı Aran, 70 min 310-u Gəncə-Qazax, 34 min 990-ı Şəki-Zaqatala, 26 min 967-si Abşeron iqtisadi rayonlarında fəaliyyət göstərir.

Fərdi sahibkarların 19,4 faizini qadınlar təşkil edir, onların da xeyli hissəsi Bakıda, Aran və Gəncə-Qazax iqtisadi rayonlarında qeydiyyatdan keçmişlər.

Yarım ildə ölkədə müəssisə və təşkilatların sayı 3,3 faiz artıb və 97 min 684-ə çatıb. Artım əsasən təhsil, informasiya və rabitə, peşə, elmi-texniki fəaliyyət, turistlərin yerləşdirilməsi və ictimai iaşə, eləcə də digər bölmələrdə olmuşdur.

Azərbaycan iqtisadiyyatının inkişafında investisiyaların rolu şəksizdir. Nazirlər Kabinetinin iclasında dövlət başçısı investisiyalar barədə danışarkən son bir neçə il ərzində xarici sərmayənin ilk dəfədir daxili sərmayəni üstələdiyini qeyd etmişdir. Belə ki, cari ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatına cəmi 12,7 milyard manat investisiya yönəldilmişdir. Onun tərkibində xarici sərmayənin xüsusi çəkisi üstünlük təşkil edir.

Prezident İlham Əliyevin dediyi kimi, ölkədə “dövlət investisiya proqramı icra edilir. Bu proqram çox konkret xarakter daşıyır. İnvestisiya proqramı ölkə qarşısında duran əsas məsələlərin həlli üçün mühüm vasitədir. İlin sonuna qədər bütün lazımi infrastruktur layihələrinin icrası davam etdirilməlidir və yeni layihələr icra edilməlidir”.

Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi keçən ilin eyni dövründəkindən 3,7 faiz çoxdur.

Əsas kapitala yönəldilmiş ümumi vəsaitin yarıdan çoxu sənaye sahələrinin inkişafına sərf edilmişdir. 12,5 faizi tikintiyə, 12,3 faizi nəqliyyat və anbar təsərrüfatına, hər birində 4,7 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, dövlət idarəetməsinə, 3,8 faizi istirahət, əyləncə və incəsənətə, qalanı isə digər sahələrə xərclənmişdir.

Sosial sahədə planlaşdırılan bütün proqramlar da müvəffəqiyyətlə icra olunur, sosial infrastrukturun yaxşılaşdırılması davam edir. Təkcə bu ilin birinci yarısında ölkədə ümumi sahəsi 870,4 min kvadratmetr olan yeni yaşayış evləri istifadəyə verilmişdir. Təzə məktəblərin tikintisi və köhnə məktəb binalarının təmiri yenə də diqqət mərkəzindədir. 4908 şagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi ötən 6 ayın yadigarlarıdır.

Yeni obyektlərdən söz düşmüşkən qeyd edim ki, bu ilin birinci yarısında Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq daha 7 elektrik stansiyası istismara daxil olmuşdur. I Avropa Oyunları ərəfəsində Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, eləcə də digər idman arenaları həm paytaxtımızın simasını daha da gözəlləşdirmiş, həm də idman infrastrukturunu zənginləşdirmişdir.

Son 6 ayda bölgələrdə də bir sıra yeni obyektlər, o cümlədən Sumqayıtda Beton Məmulatı Zavodu, Tikiş fabriki, Qusarda “Park Chalet Schahdag” hoteli istifadəyə verilmişdir.

Sosial obyektlərdən danışarkən yeni yollar da mütləq qeyd olunmalıdır. Dövlət başçısı yeni yolların çəkilişini, köhnələrin təmir edilməsini, rayonlararası və kənd yollarının tikintisini daim diqqət mərkəzində saxlayır, çoxsaylı sərəncamları ilə bu sahəyə vəsaitlər ayırır. Bunun nəticəsidir ki, ölkədə yol tikintisi geniş vüsət alıb. Təkcə bu ilin əvvəlindən paytaxtda Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü, Stend Atıcılığı Kompleksinə gedən yol, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar, Astara rayonunda Deqədi-Pəlikəş avtomobil yolları istifadəyə verilmişdir.

Ölkə nəqliyyatçılarının ilin bütün fəsillərində işi çox olur. Bu, nəqliyyatın bütün sahələrinə aiddir. Bu ilin birinci yarısında da nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri gərgin işləyərək 109,6 milyon ton yük daşımışlar.

Qeyri-neft yüklərinin həcmi 2,1 faiz artaraq 78 milyon tona çatıb. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 59,7 faizi avtonəqliyyat, 28,8 faizi boru kəməri, 8,2 faizi dəmir yolu, 3,3 faizi dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib.

Qeyri-dövlət bölməsində yük daşınması 5,1 faiz artıb. Bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 78,9 faiz təşkil edib.

Yanvar-iyun aylarında nəqliyyatçılar 900,2 milyon nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çox sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,3 faizi avtomobil, 12,5 faizi metro nəqliyyatının xidmətlərindən istifadə edib.

Dəmir yolu nəqliyyatı ilə yük daşınması isə 9 milyon ton olmuşdur. Orta hesabla sutkada 478 vaqon yüklənmiş, 456 vaqon boşaldılmışdır.

Dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 3,6 milyon ton təşkil etmişdir.

Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 65,3 milyon ton yük, 786,1 milyon sərnişin daşınmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,1 faiz və 3,8 faiz artım qeydə alınmışdır.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 3,7 faiz artaraq 112,2 milyon nəfər olmuşdur.

Hava nəqliyyatı ilə 799 min və ya 1,8 faiz çox sərnişin daşınmış, daşımanın 99,6 faizi dövlət, 0,4 faizi isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilmişdir. Bu nəqliyyat növü ilə yükdaşıma 11,5 faiz artaraq 60,1 min tona çatmışdır.

Magistral neft kəmərləri ilə 23,4 milyon ton neft nəql edilmişdir. Nəqletmənin 76,3 faizi Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri ilə həyata keçirilmişdir.

Magistral qaz kəmərləri ilə 11,4 milyard kubmetr qaz nəql edilmişdir. Qazın nəqlinin 31,8 faizi Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə həyata keçirilmiş və 3,6 milyard kubmetr qaz ötürülmüşdür.

2015-ci ilin yanvar-may aylarında “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 22,2 milyon ton yük, 134,8 milyon nəfər və ya 7,9 faiz çox sərnişin daşınmışdır.

2015-ci ilin yanvar-iyun aylarında informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 771,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,7 faiz çox xidmət göstərilmişdir. Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,5 faiz təşkil etmişdir.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 55,1 faizi mobil telefon rabitəsindən yaranmışdır.

Azərbaycan iqtisadiyyatının inkişafı özünü ixrac-idxal əməliyyatlarını əks etdirən rəqəmlərdə də göstərir. Bu ilin yanvar-may aylarında respublikanın rezidentləri 133 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişlər. Onlar 84 ölkəyə əmtəə ixrac etmişlər, 120 ölkədən isə mal idxal olunmuşdur. Xarici ölkələrlə 9350 milyon ABŞ dolları məbləğində ticarət əməliyyatları aparılmışdır. Son illərdə olduğu kimi, saldo yenə də müsbətdir.

Xarici ticarət dövriyyəsi iştirakçılarının 45-i Avropa, 20-si Amerika, 41-i Asiya ölkələridir və s. Bu dövriyyənin beşdədörd hissəsindən çoxu - 85,5 faizi İtaliya, Almaniya, Rusiya, ABŞ, Türkiyə, Fransa, İsrail, Avstriya, İndoneziya, Çexiya, Çin, Yaponiya, Gürcüstan, Böyük Britaniya, Hindistan, Tunis, İspaniya, Ukrayna, Tailand, Niderland dövlətlərinin hesabına formalaşmışdır.

İdxal olunmuş malların ümumi dəyərinin 11,6 faizini yeyinti məhsulları, 21,2 faizini maşın, mexanizm, elektrik cihazları, avadanlıqlar, 21,5 faizini nəqliyyat vasitələri və onların hissələri, 16,8 faizini qara metallar və onlardan hazırlanan məmulatlar və s. təşkil etmişdir.

İxracın strukturunda xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, çay, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, spirtli və alkoqolsuz içkilər əsas yer tutur. Bu siyahıya eləcə də kimya sənayesi məhsulları, plastik kütlə, emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri, qara metallar, alüminium və onlardan hazırlanan məmulatlar daxildir.

Bu ilin ilk 5 ayında ölkəmizə 5285 çeşiddə mal idxal olunmuşdur. Bu dövrdə Azərbaycandan xaricə 1424 çeşiddə məhsullar ixrac edilmişdir.

Bütün bunlar bir daha göstərir ki, qarşıya qoyulan bütün vəzifələr vaxtında icra edilir. Onlar Azərbaycan dövlətinin yeritdiyi siyasətin təzahürüdür. Dövlətin siyasətinin mərkəzində isə Azərbaycan vətəndaşı dayanır.

Ölkədə əhalinin gəlirləri ildən-ilə artır. Təkcə bu ilin yanvar-iyun aylarında əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,2 faiz artıb və onun hər nəfərə düşən həcmi orta hesabla 2087,2 manat təşkil edib. Yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 454,8 manat olub ki, bu da keçən ilin eyni dövrünə nisbətən 3,8 faiz çoxdur.

Əhalinin gəlirləri çoxaldıqca alıcılıq qabiliyyəti də artır. Yanvar-iyun aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə ölkə bazarlarında satılmış əmtəə və xidmətlərin həcmi 15,6 milyard manat təşkil etmişdir. Bu, onların keçən ilin eyni vaxtındakından 11,9 faiz çox olduğunu göstərir. İstehlak bazarı üzrə real artımın 84,6 faizi ticarət, 15,4 faizi xidmət fəaliyyətinin hesabına yaranmışdır. İlin əvvəlindən özəl bölmənin ticarət və xidmət fəaliyyəti daha da genişlənmiş və istehlakçıların alıcılıq tələbatının ödənilməsində önəmli yer tutmuşdur.

Sözügedən dövrdə pərakəndə əmtəə dövriyyəsinin də həcmi artmış və 12 milyard manat olmuşdur. İstehlak mallarının 99,8 faizi özəl təsərrüfat subyektlərində satılmışdır.

Özəl bölmədə də pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin birinci yarısının səviyyəsini xeyli üstələmişdir. Bu bölmə üzrə real artımın 64,4 faizi fərdi sahibkarların ticarət fəaliyyəti sayəsində yaranmışdır.

Məlum olduğu kimi, Azərbaycanda inflyasiya aşağı səviyyədədir, 3,5 faiz təşkil edir. Əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyir. Yuxarıda qeyd etdiyimiz kimi, 6 ayda əhalinin gəlirləri 6,2 faiz artmışdır. Əlavə edim ki, may ayı ilə müqayisədə iyun ayında istehlak mallarının qiymətləri və tarifləri 1,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,7 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri eyni səviyyədə qalmışdır. Bu ilin yanvar-iyun aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 3,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,8 faiz, xidmət tarifləri isə 1,3 faiz artsa da, əhalinin gəlirləri bu artımı üstələmişdir.

Başlanan hər yeni iş, istifadəyə verilən hər yeni müəssisə həm də məşğulluq probleminin həllinə bir dəstəkdir. Odur ki, ölkədə yeni iş yerlərinin sayı aydan-aya artır. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər öz nəticəsini verir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına başlanan 2004-cü ildən bu günə qədər ölkədə 1424,5 min yeni, o cümlədən 1059,7 min daimi iş yeri yaradılmışdır. 2014-cü ildən başlayaraq üçüncü Dövlət Proqramının icrası ilə əlaqədar 187,2 min yeni, o cümlədən 153,9 min daimi iş yeri açılmışdır. Təkcə bu ilin birinci yarısında 59,9 min, o cümlədən 48,8 min daimi iş yeri yaradılmışdır.

Daimi iş yerlərinin 80 faizə qədəri fiziki şəxslər tərəfindən yaradılır. Qalanları isə yeni yaradılmış, fəaliyyətini bərpa etmiş, yaxud fəaliyyətdə olan mövcud müəssisə və təşkilatlarda açılır.

Ölkə Prezidenti İlham Əliyev yeni iş yerlərinin yaradılmasının daimi proses olması tələbini qarşıya qoyur: “Çünki bəzi başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir, əhali artır. Bu da, əlbəttə ki, insanların yaşayış səviyyəsinin artması ilə bağlıdır. Belə olan halda iş yerləri daim diqqət mərkəzində olmalıdır. Bizdə hər il əhali orta hesabla təxminən 100 min nəfər artır. Yəni bu, gələcəkdə 100 min iş yerinin açılması deməkdir. Biz bunu nəzərə almalıyıq. Burada, əlbəttə ki, düşünülmüş strategiya olmalıdır”.

Demoqrafiyamıza aid göstərilənlərə əlavə edim ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 43,3 min nəfər, yaxud 0,5 faiz artaraq iyun ayının 1-i vəziyyətinə 9 milyon 636 min 300 nəfərə çatıb. Yanvar-may ayları ərzində ölkədə 66,4 min, yaxud hər gün orta hesabla 440 körpə dünyaya gəlib.

Son illərdə ölkədə ölümün səviyyəsi ya azalır, ya da eyni səviyyədə qalır. Bu tendensiya indi də davam edir. İlin ilk 5 ayı ərzində 23,8 min ölüm halı qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hər 1000 nəfərə hesabı ilə ölümün səviyyəsi 6,3-dən 6-ya qədər azalmışdır.

İlin əvvəlindən may ayının sonunadək rəsmi orqanlar tərəfindən 32,6 min nikah və 5,3 min boşanma halı qeydə alınmışdır. Nikahların sayı artmış, boşanmaların sayı eyni səviyyədə qalmışdır.

Sözügedən dövrdə Azərbaycana daimi yaşamaq üçün 1034 nəfər gələn olmuşdur. Ölkədən 355 nəfər birdəfəlik köçüb gedən qeydə alınmışdır.

Birinci yarım ilin yekunları Azərbaycanın inkişafının dinamik olduğunu bir daha təsdiqləyir və 2015-ci ildə də makroiqtisadi sabitliyin təmin ediləcəyinə zəmanət verir.

 

Həmid BAĞIROV,

Dövlət Statistika Komitəsi sədrinin birinci müavini,

iqtisad elmləri namizədi, SSRİ Dövlət Bankı əlaçısı

 

Azərbaycan.- 2015.- 30 iyul.- S. 1, 2.