Dünya durduqca xatırlanacaq
I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi hadisədir. Əvvəla, indiyədək Avropada belə geniş şəbəkəli idman oyunlarını keçirmək təcrübəsi olmayıb. İkincisi Olimpiya Oyunları səviyyəsində, yarışların təşkili kimi məsuliyyətli bir işin öhdəsindən gəlmək o qədər də asan məsələ deyil. Azərbaycan dövləti bu mənada nəinki Avropaya, o cümlədən dünya idman ictimaiyyətinə bir daha göstərdi ki, biz bundan da geniş miqyaslı beynəlxalq tədbirlərə evsahibliyi etməyə qadirik.
Yəqin ki, bu sahədə Azərbaycan təcrübəsi öyrəniləcək və tətbiq ediləcək. Ona görə də növbəti Oyunların harada keçirilməsindən asılı olmayaraq, onun məşəli Azərbaycandan - müqəddəs “Atəşgah”dan alov götürəcək. Bu isə o deməkdir ki, Avropa Oyunlarının vətəni Azərbaycandır. Bu Oyunların tarixi hadisə olmasının səbəbləri az deyil. Onlardan biri budur ki, Azərbaycan Avropa Oyunlarının tarixinin yazılmasına start verdi. Eyni zamanda, özünün də adı həmin tarixə yazıldı. Nə qədər ki Avropa Oyunları keçiriləcək, Azərbaycanın adı çəkiləcək, ulu tariximiz, eləcə də qədim mədəniyyətə malik xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənələri və zəngin mətbəxindən söz açılacaq. Bunlar da, əlbəttə, bir dövlətin və xalqın varlığının təsdiqi baxımından olduqca vacib məsələlərdir.
Bildiyimiz kimi, Oyunlarda Avropanın 50 ölkəsini təmsil edən idmançılarla yanaşı, yarışların açılışına gələn neçə-neçə dövlət və hökumət başçıları iştirak edirdilər. Elə onların Oyunlara göstərdiyi münasibət yetər ki, bu beynəlxalq idman yarışlarının mahiyyəti dərk edilsin.
I Avropa Oyunlarının yüksək səviyyədə təşkili ilk növbədə ictimai-syasi sabitlik, dinclik və əmin-amanlıq, idman infrastrukturunun yaradılmasının nəticəsidir. Yaradılan infrastruktur bütünlüklə Avropa standartlarına cavab verdi və qısa bir müddətə, təxminən iki il yarıma başa gəldi. 6 min idmançının, eləcə də həmin ərəfələrdə ölkəmizə gələn 28-30 min nəfər turistin yerləşdirilməsi, onlara sosial-məişət və mədəni xidmətin yüksək səviyyədə göstərilməsi bir daha təsdiqlədi ki, Azərbaycan yalnız iqtisadi inkişafına görə deyil, digər məsələlərdə də nümunə göstərə biləcək səviyyədədir. Bunu ölkə ictimaiyyəti ilə yanaşı, Oyunların möhtəşəm açılış və bağlanış tədbirlərində iştirak edən bir sıra dövlət başçıları, idman mütəxəssisləri və əcnəbi turistlər də səmimiyyətlə bildirdilər. Bəli, doğrudan da ilk Avropa Oyunları fövqəl bir hadisə kimi yaddaşlara yazıldı. Başqa sözlə, Azərbaycan gerçəkliyini dünya gördü və qəbul etdi. Halbuki ərazilərimizin 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalıb. Biz hələ də müharibə şəraitindəyik. Buna baxmayaraq, ölkənin iqtisadiyyatı dinamik inkişaf edir, quruculuq və abadlıq işləri sürətlə aparılır. Yeni yollar çəkilr, köhnələri əsaslı təmir edilir, körpülər tiklilir, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilən dövlət proqramları vaxtında yerinə yetirilir, bölgələrdə bütün infrastruktur yaradılır.
Konkret faktlara gəlincə, deyə bilərik ki, əgər vaxtilə hansısa bir rayona mötəbər qonaq gələndə ümid ancaq “raykomun qonaq evi”nə qalardı. Oradakı, şərait heç də paytaxtdakı səviyyədə ola bilməzdi. Lakin son on-on iki ildə ölkəmizin bütün regionlarında diqqəti çəkən yalnız idman olimpiya kompleksləri deyil, eyni zamanda müxtəlif dərəcəli hotellərdən, ailəvi istirahət üçün yaradılan şəraitdən əcnəbilər də razılıqla söz açırlar.
Dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət, qətiyyəti, uzaqgörənliyi, eləcə də dünyanın ictimai, siyasi və dövlət xadimləri arasındakı nüfuzu da I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə nəticələndi. Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın I Avropa Oyunları Təşkilat Komitəsinin sədri kimi az vaxtda gördüyü misilsiz işlər uğurlu nəticəyə zəmin yaratdı. Qısa müddət ərzində idman infrastrukturunun yaradılması, yüksək təşkilatçılıqdan soraq verirdi. Dünyanın nüfuzlu idman ictimaiyyətinin nümayəndələri də bu sahədə Mehriban xanım Əliyevanın bacarıqlı təşkilatçı olduğunu dəfələrlə söylədilər. Bu möhtəşəmliyin arxasında gərgin zehni, fiziki əmək, iqtisadi-siyasi amil dayanırdı.
I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi bir daha göstərdi ki, dövlət başçısı, cənab İlham Əliyevin qeyd etdiyi kimi, istənilən problemi həll etməyə qadirik, buna gücümüz yetərlidir. Axı idman da mədəniyyətdir, sağlamlıqdır, eləcə də hər bir xalqın varlığını dünyada təsdiq edən mükəmməl vasitədir.
O da faktdır ki, keçmiş sovetlər dövründə Azərbaycan idmançılarının adları mötəbər beynəlxalq idman yarışlarında nadir hallarda çəkilərdi. Siyasi müstəqilliyin bəhrəsindən biri də məhz üçrəngli bayrağımızın qaliblərimizin şərəfinə qaldırılması, dövlət himnimizin səsləndirilməsidir. Bu Oyunlarda 56 dəfə biz buna nail olduq. Qürur hissi ilə qeyd etməliyik ki, medal qazanmağa görə 50 iştirakçı dövlət sırasında 2-ci olduq və ikiqat sevindik. Bu sevinc hisslərinin birincisi Oyunların ölkəmizdə keçirilməsi və özümüzü dünyaya layiqincə təqdim etməyimiz idisə, digəri qaliblərimizın qazandıqları medalların sayçoxluğu oldu.
Oyunların keçirildiyi 17 gün ərzində ölkəmizin, eləcə də dünyanın aparıcı KİV-ləri də bu mötəbər beynəlxalq tədbirin işıqlandırılması üçün çox iş gördülər. Onlar da tarix yazdılar. Bu Oyunların daha geniş dünya arenasında yayımlanması və təbliğində peşəkarlıq nümunəsi göstərdilər. Bu da mühüm məsələlərdən biridir. Ölkəyə gələn əcnəbi turistlərlə görüşüb istər Oyunlar, istərsə də Vətənimiz haqqında təəssüratlarını öyrənmək də əsas məsələlərdən idi.
Oyunların yüksək səviyyədə keçirilməsinə çalışan könüllülərin fəaliyyəti də hər cür tərifə layiqdir. 16 min nəfər könüllünün bu işə qoşulması və yüksək səviyyədə xidmət göstərmələri hamıda məmnunluq yaratdı. Könüllülərin arasında Azərbaycan Texniki Universitetinin də tələbələri az deyildi. Universitetimizin 714 tələbəsi bu işdə fəallıq göstərən könüllülər sırasına adlarını yazdı. Oyunların açılış və bağlanış tədbirlərində 196 tələbəmiz iştirak etdi, 108 nəfər isə ehtiyatda saxlanıldı. Bunlardan başqa, 387 nəfər əməliyyat könüllümüz də var idı. Göstərdikləri nümunəvi xidmətlərə və fəallıqlarına görə sertifikat alan tələbələrmizin sayı da az olmadı.
Könüllü tələbələrimizin yay imtahan sessiyalarında çətinlik çəkməmələri və digər məsələləri də unudulmamışdı. Həmin tələbələrimizlə yeni tədris ilində universitetdə görüş keçiriləcəyini nəzərdə tutmuşuq.
Yeri gəlmişkən, paytaxtda - dəniz kənarında künüllülərə həsr edilən böyük bir bayram konserti Azərbaycanda gəncliyə verilən böyük qiymət idi.
Təəssüf ki, Oyunların ölkəmizdə keçirilməsini istəməyən Azərbaycanın inkişafını gözü götürməyən bədxahlar da var idi. Qarayaxma kampaniyası aparanlar nə qazandılar?
Belələri 2012-ci ildə “Eurovision-2012” mahnı müsabiqəsi Azərbaycanda keçiriləndə də qarayaxmalara əl atmışdılar. Arzuları, istəkləri onda da puça çıxdı, indi də.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli mətbuatımızın yaradılmasının 140 illiyi münasibəti ilə Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşdə bu barədə demişdir: “Bu kampaniya Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etməmişdir və heç vaxt etməyəcəkdir. Çünki bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və onun maraqlarıdır. Bu gün Azərbaycan siyasəti xalqın iradəsinə söykənir, istər daxili, istər xarici siyasət məsələlərində əsas amil budur”.
Azərbaycanda keçirilən I Avropa Oyunları artıq tarixə çevrilib. Lakin bu, elə tarixdir ki, dünya durduqca nə unudulacaq, nə də yaddan çıxacaq.
Havar MƏMMƏDOV,
Azərbaycan Texniki Universitetinin
rektoru,
“Şöhrət”ordenli professor
Azərbaycan.- 2015.- 30 iyul.- S. 3.