Luis
el Qranaino: Belə festivalla hər bir ölkə fəxr edə bilər
Qəbələ VII Beynəlxalq Musiqi Festivalı ansamblımızın üzvlərində çox dərin təəssüratlar yaratdı. Xüsusilə də tamaşaçıların konsertimizə münasibəti bizi ruhlandırdı.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələ VII Beynəlxalq Musiqi Festivalının iştirakçısı olan İspaniyanın “Barselona və Flamenko” ansamblının üzvü Luis el Qranaino deyib.
Azərbaycanda auditoriya qarşısında ilk dəfə çıxış etdiklərini bildirən L.Qranaino festivalın tamaşaçılarına və Qəbələnin gözəl təbiətinə heyran qaldığını vurğulayıb: “Ölkənizi çox sevdim. Qəbələ səhnəsindəki iki saatlıq konsertimizdən sonra tamaşaçıların ayaqüstə dayanmadan bizi alqışlaması məni təəccübləndirdi. Bizim ansamblın üzvləri tamaşaçılara hörmət əlaməti olaraq yenidən onlara iki flaminko rəqsi nümunəsi təqdim etdi. Biz Azərbaycandan xoş təəssüratlarla ayrılırıq”.
O, Qəbələ Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə təşkil olunmasından da razı qaldığını bildirərək deyib: “Burada konsertlər möhtəşəm keçir. Belə festivalla hər bir ölkə fəxr edə bilər. Bəzi Avropa ölkələrində bu cür, yəni açıq havada festival hələ də yoxdur”.
Azərbaycan.- 2015.- 30 iyul.- S. 5.