Dərman
vasitələrinin qiymətlərinin tənzimlənməsinə
başlanıldı
İqtisadiyyat və sənaye naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev dərman vasitələrinin qiymətinin tənzimlənməsi ilə bağlı Tarif (qiymət) Şurasının 30 iyul 2015-ci il tarixində keçirilmiş iclasında qəbul edilmiş qərara dair suallarımızı cavablandırmışdır.
- İctimaiyyətin marağında olan əsas məsələ
dərman vasitələrinin qiymətləri ilə
bağlıdır. Qəbul edilən bu qərar hansı zərurətdən
irəli gəldi?
- Hər kəsə məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin əsas hədəfi əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılmasıdır. Demək olar ki, həyata keçirilən bütün tədbirlər birbaşa və ya dolayısı ilə bu məqsədə xidmət edir. Sosial sahədə həyata keçirilən sistemli tədbirlərdən əlavə, əhalinin maddi vəziyyətinə müsbət təsir edən bir sıra qərarlar da qəbul edilmişdir. Bu qərarlar sırasında Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə son illərdə əhalinin təbii qaza, içməli su və kanalizasiya xidmətlərinə görə yaranmış borclarının silinməsini, ölkə vətəndaşlarına keçmiş SSRİ dövründən qalan əmanətlərə görə birdəfəlik ödəmələrin verilməsini qeyd etmək olar.
Bilirsiniz ki, dərman vasitələrinin qiymətləri də sosial baxımdan xüsusi əhəmiyyət kəsb edən məsələdir. Belə ki, dərman vasitələrinin qiymətlərinin səviyyəsi vətəndaşların öz sağlamlıqları üçün ayırdığı xərclərə birbaşa təsir etdiyindən dövlət bu sahəni diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, ötən ilin dekabrında “Dərman vasitələri haqqında” Qanuna edilmiş dəyişikliklərdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş, bu ilin mart ayında isə dövlət başçısının fərmanı ilə hökumətə və Tarif (qiymət) Şurasına dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və qiymətlərə nəzarətin həyata keçirilməsi tapşırılmışdır.
Nazirlər Kabinetinin 2015-ci ilin ilk rübünün və birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclaslarında cənab Prezident tərəfindən dərman preparatları bazarında xaotik vəziyyətin müşahidə olunduğu, ədalətsizliklərin mövcudluğu, qiymətlərin süni şəkildə qaldırılması hesabına başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətlərinin bir neçə dəfə baha olduğu və insanların bu dərmanları almağa məcbur olduqları vurğulanmışdır. Dövlət başçısı bu pozuntulara son qoyulması və sentyabr ayından gec olmayaraq məsələnin artıq yeni müstəvidə həlli barədə tapşırıqlar vermişdir.
Ötən müddət ərzində dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən bu sahədə müvafiq tədbirlər görülmüş, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı sənədlərin qəbuluna başlanılmışdır. Bu tədbirlərin davamı olaraq, müvafiq subyektlər tərəfindən təqdim edilmiş sənədlər əsasında 2015-ci il 30 iyul tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmiş və 25 təsiredici maddə üzrə 250-dən artıq dərman vasitəsinin qiyməti təsdiq edilmişdir.
-
Ölkədə dərman vasitəsinin qiyməti necə
müəyyən edilir?
- Qeyd etdiyim kimi, dərman vasitələrinin qiymətləri sosial baxımdan xüsusi əhəmiyyət kəsb etdiyi üçün cənab Prezidentin tapşırığına əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı İqtisadiyyat və Sənaye, Səhiyyə nazirliklərinin və Tarif (qiymət) Şurasının əməkdaşları son iki ildə bir sıra Avropa ölkələrində və Türkiyədə olmuş, həmin ölkələrin, həmçinin digər ölkələrin təcrübəsi öyrənilmiş, müvafiq təhlillər aparılmış və təkmilləşdirilmiş bir metodologiya hazırlanmışdır. Qeyd etməliyəm ki, ölkəmizdə tətbiq edilən bu metod (referans qiymət yanaşması) beynəlxalq təcrübədə ən geniş yayılan mütərəqqi tənzimləmə üsuludur və Avropa ölkələrinin əksəriyyəti bu modeli tətbiq edir.
Metodologiyaya əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçirilir. Dərman vasitəsinin təsiredici maddəsi, dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla 10 istinad ölkəsində (Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniya) topdansatış əczaçılıq müəssisələrinə satış qiymətləri əsasında bazis qiyməti müəyyən edilir. Həmin bazis qiymət əsasında nəzarət markasının da qiyməti nəzərə alınmaqla, ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiyməti hesablanır və üzərinə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq topdansatış əczaçılıq müəssisəsi və aptek təşkilatı üçün nəzərdə tutulan müvafiq əlavələr və ƏDV hesablanmaqla dərman vasitəsinin topdansatış və pərakəndə satış qiyməti təsdiq olunur.
- Qəbul
edilmiş normativ-hüquqi sənədlər dərman vasitəsinin
ölkəyə idxalına hər hansı məhdudiyyətlər
yaradırmı?
- İstər Nazirlər Kabinetinin, istərsə də Tarif (qiymət) Şurasının qərarı dərman vasitələrinin Azərbaycana idxalına məhdudiyyət yaratmır. Qüvvədə olan qanunvericiliyə görə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra istənilən ölkədə istehsal olunan dərman vasitəsi ölkəmizə idxal oluna bilər. Qəbul edilmiş yeni qərarlar isə həmin dərman vasitələrinin ölkə daxilində satış qiymətlərinin Tarif (qiymət) Şurası tərəfindən tənzimlənməsini müəyyən edir.
-
Ölkə əhalisi dərman vasitələrini apteklərdən
nə vaxtdan tənzimlənən qiymətlərlə ala biləcəklər?
- Qiymətləri təsdiqlənmiş dərman vasitələrinin, eləcə də bu dərmanlarla eyni təsiredici maddəyə malik olan və Tarif (qiymət) Şurasının növbəti iclasında qiymətlərinin tənzimlənməsi planlaşdırılan bu tərkibli digər dərman vasitələrinin hamısının qiyməti rəqabət mühitinin pozulmaması üçün eyni tarixdən, yəni 2015-ci ilin 15 sentyabr tarixindən qüvvəyə minəcəkdir. Əczaçılıq subyektləri üçün qiymətlərin dərman vasitələrinin üzərində yerləşdirilməsi, qalıqların yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılmasının vaxt tələb etməsi nəzərə alınaraq, bu tarix müəyyən edilmişdir.
Ümumilikdə isə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, ölkəmizdə 4 min 500-dən çox dövlət qeydiyyatına alınmış dərman vasitəsi vardır və bu dərman vasitələrinin dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı müxtəlif olduğundan qiyməti tənzimlənəcək dərman vasitələrinin sayı qeyd olunan rəqəmdən də çoxdur. Həmçinin, hər bir dərman vasitəsi üçün ən azı 10 ölkə üzrə qiymətlərin müqayisəsinin aparıldığını nəzərə alsaq, bu işin vaxt və məsuliyyət baxımından uzun proses tələb etdiyi məlum olur. Qeyd olunan məsələlər nəzərə alınaraq, qiymət tənzimlənməsinə ilk növbədə həyati vacib və daha çox tələbat olan dərmanlardan başlanılmış və dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.
Hər dəfə dərman vasitələrinin qiymətləri təsdiqləndikcə Tarif (qiymət) Şurasının müvafiq qərarı, qiymətlər cədvəli və qiymətlərin qüvvəyə minmə tarixi barədə məlumatlar KİV-də veriləcək, İqtisadiyyat və Sənaye Nazirliyinin (www.economy.gov.az), Tarif (qiymət) Şurasının (www.tariff.gov.az) rəsmi internet saytlarında yerləşdiriləcək və Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən dərman vasitələri haqqında elektron məlumatlarda (www.pharma.az) əks olunacaqdır.
- Dərman
vasitələrinin qiymətinin tənzimlənməsinin nə
kimi faydaları olacaq?
- İlk növbədə qeyd edim ki, cənab Prezidentin tapşırığına uyğun olaraq, Tarif (qiymət) Şurasının bu məsələ ilə bağlı ilk qərarı ilə qiyməti tənzimlənmiş dərman vasitələrinin qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Belə ki, 20 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox enmişdir. Ümumilikdə isə, hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənən dərman vasitələrinin 90 faizinin qiymətləri enmiş, qalan hissəsinin qiyməti isə dəyişməmişdir.
İkincisi, qiymətlərin tənzimlənməsi ilə dövlət başçısının qeyd etdiyi kimi şəffaflıq təmin ediləcək, hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır. Üçüncüsü, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi vətəndaşa dərman vasitəsini bütün apteklərdən eyni və optimal qiymətə almağa imkan yaradır və süni qiymət artımı məsələsi aradan qalxır. Dördüncüsü, pərakəndə satış qiyməti dərman vasitəsinin üzərində göstərilməklə yanaşı, müvafiq rəsmi internet resurslarında və KİV-də də yerləşdiriləcəkdir ki, bu da qiymət intizamına ictimai nəzarəti təmin edəcəkdir.
Bütün bunlarla yanaşı, bu islahatlar dərman vasitələrinə ehtiyacı olan vətəndaşların xərclərinin azalmasına, dərman vasitələri bazarına dövlət nəzarətinin güclənməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına əlavə imkanlar yaradacaqdır. Digər tərəfdən dövlət büdcəsinin xərcləri azalacaq, sığorta şirkətlərinin müvafiq xərclərinə qənaət etməyə imkan yaratmaqla sığorta sisteminin inkişafına töhfə verəcəkdir. Nəhayət, idxalçıları dərman vasitələrinin daha məqbul qiymətlərlə idxalına sövq edəcək, apteklər üzrə isə rəqabət qiymət müstəvisindən keyfiyyət müstəvisinə keçəcəkdir ki, bu da nəticədə xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olacaqdır.
- Dərman
vasitələrinin üzərində qiymətlər necə
göstəriləcəkdir?
- Qiymətlərin dərman vasitələrinin üzərində bir qayda olaraq mətbəə üsulu ilə çap olunması nəzərdə tutulur. Bununla yanaşı, qiymətlərin mətbəə üsulu ilə çap olunması mümkün olmadığı hallarda, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən, qiymətlər dərman vasitələrinin üzərində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müəyyən edilən üsullarla göstəriləcəkdir. Həmin üsullara dair sənəd artıq hazırlanmış və yaxın günlərdə təsdiqlənərək dərc olunacaqdır.
- Dərman
vasitəsinin qiymətlərinə və keyfiyyətinə nəzarət
necə həyata keçiriləcəkdir?
- Dərman vasitələrinin tənzimlənmiş qiymətləri haqqında ictimaiyyətə müxtəlif vasitələrlə - İqtisadiyyat və Sənaye, Səhiyyə nazirliklərinin, Tarif (qiymət) Şurasının internet səhifələrində, Kütləvi İnformasiya Vasitələrində məlumat veriləcək və qiymətlər barədə məlumat hamı üçün açıq olacaqdır. İstehlakçılar alınan dərman vasitəsinin qiymətinin dövlət tərəfindən tənzimlənmiş qiymətlə eyni olub-olmadığını asanlıqla yoxlaya biləcək ki, bu dərman vasitələrinin qiyməti üzərində ictimai nəzarəti reallaşdıracaq. Eyni zamanda, dərman vasitələrinin qiymətlərinə nəzarət aidiyyəti dövlət orqanları tərəfindən monitorinq və yoxlamalar vasitəsi ilə təmin ediləcək. Dərman vasitələrinin üzərində qiymətin göstərilməməsi və ya onların tənzimlənmiş qiymətlərdən fərqli qiymətə satılması hallarına yol vermiş əczaçılıq subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcəkdir. Bu sahədə qiymət intizamının pozulmasına, dövlət tənzimləməsinin və nəzarətinin həyata keçirilməsi prosesində tələb olunan məlumatların subyektlər tərəfindən tam, düzgün və vaxtında verilməməsinə görə ciddi məsuliyyət tədbirləri və böyük məbləğdə maliyyə sanksiyalarını nəzərdə tutan qanun layihəsi hazırlanaraq hökumətə təqdim edilmişdir.
Dərman vasitələrinin qiymətinin tənzimlənməsi ilə yanaşı, keyfiyyətinə nəzarət də davam etdiriləcək. Məlum olduğu kimi, dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər əvvəlcə dərman vasitəsinin qeydiyyatı üçün Səhiyyə Nazirliyinə müraciət edirlər. Adıçəkilən nazirlik tərəfindən dərman vasitəsinin ekspertiza və sınağı keçirilir və bundan sonra dərman vasitəsi dövlət qeydiyyatına alınır, dövlət reyestrinə daxil edilir və qeydiyyat vəsiqəsi verilir. Həmin dərman vasitəsi ölkəmizə idxal olunduqda da Səhiyyə Nazirliyi tərəfindən təkrarən hər partiya üzrə nümunə götürülür və keyfiyyəti yoxlanılır.
Müsahibəni
apardı:
Elçin
VƏLİYEV,
Azərbaycan.- 2015.- 31 iyul.- S. 2.