Qəbələ Beynəlxalq Musiqi Festivalında Cahangir Qarayevin bərpa edilmiş əlyazmasının təqdimatı olub

 

Bu günlərdə VII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycanın fortepiano bəstəkarlıq məktəbinin parlaq nümayəndələrindən biri olan Cahangir Qarayevin (1950-2013) sonatasının təqdimatı olub. Festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəylinin elmi redaktorluğu iləTəhsilnəşriyyatı tərəfindən hazırlanaraq nəşr edilmiş bu üçhissəli əsər dünyadan vaxtsız köçmüş gözəl bəstəkarın pianoçunun 65 illik yubileyinə həsr olunub.

Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, xüsusi fortepiano kafedrasının professoru Tərlan Seyidov AZƏRTAC-a bildirib ki, nəşrin əsasında C. Qarayevin itirilmiş əlyazmasının BMA-nın məktəb-studiyasının arxivində saxlanılan keyfiyyətsiz surəti olub. Surəti nəşrə hazırlayan zaman sonatanın not mətnini bərpa redaktə etmək üçün böyük çoxşaxəli görülüb. Yenidən yığılan mətnlə yanaşı, itirilmiş əlyazmanın əslinin reproduksiyasının nəşrə əlavədə yerləşdirilməsi onu daha dəyərli edib.

Təqdimatı açan sənətşünaslıq doktoru Ceyran Mahmudova Cahangir Qarayevin yaradıcılığının əsas mərhələlərini xarakterizə edərək bildirib ki, 1976-cı ildə yazdığı fortepiano üçün sonata onun yaradıcılığında xüsusi yer tutur. Burada sonata formasının sərbəst traktovkası bədii təfəkkürün dərin milli zəmininə söykənir. Bu əsər üçün spesifik olan monosentrizm (üç hissənin hər biri vahid mövzuya əsaslanıb) sonata formasının kanonlarının yoxluğu ilə bağlıdır. Sonatada təkcə dil vasitələri, forma detalları səviyyəsində deyil, daha geniş əhatəli səviyyədə - musiqi dramaturgiyası səviyyəsində muğamın stilistik qanunauyğunluqları ilə əlaqə üzə çıxır.

Cahangir Qarayevin əsəri məktəb-studiyanın müəllimi, pianoçuların Beynəlxalq müsabiqəsinin laureatı Fəqan Həsənlinin yüksək bədii interpretasiyasında təqdim olunub. Sonata onun virtuoz ifasında coşqun improvizasiya kimi səslənib dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, bu nəşr BMA-nın məktəb-studiyasının itirilən əlyazmaların saxlanılan surətləri əsasında bərpası üzrə ikinci redaktor işidir. Daha əvvəl böyük bəstəkar Qara Qarayevin 1939-cu ildə yazdığı ilk dəfə 75 il sonra Azərbaycan Bəstəkarlar İttifaqının festivalında səslənən fortepiano üçün üçsəsli fuqa bərpa nəşr edilib.

 

Azərbaycan.- 2015.- 31 iyul.- S. 8.