Aleksey
Miltıx: Qəbələ
festivalı musiqi vasitəsilə mədəniyyətlərarası
dialoqa öz töhfəsini verir
Qəbələ VII Beynəlxalq Musiqi Festivalı yüksək səviyyədə təşkil olunub. Mən bir neçə dəfə bu musiqi tədbirində iştirak etdiyim üçün özümü xoşbəxt sanıram. Burada tamaşaçılar Azərbaycan mədəniyyətinin, musiqisinin şahidi olurlar, klassik bəstəkarların əsərlərini dünya şöhrətli musiqiçilərin canlı ifasında dinləyirlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələ VII Beynəlxalq Musiqi Festivalının iştirakçısı, tanınmış violonçel ifaçısı, Azərbaycanın Əməkdar Artisti, Azərbaycan Dövlət Simli Kvartetinin üzvü Aleksey Miltıx deyib.
O qeyd edib ki, Azərbaycan üçün mühüm tədbir hesab olunan bu festival, eyni zamanda, musiqi vasitəsilə dünya xalqları arasında mədəniyyətlərarası dialoqa da öz töhfəsini verir: “Dinləyicilər mənim kamera musiqi zalında bir sıra yerli və beynəlxalq müsabiqələrin qalibi, festivalların iştirakçısı olan pianoçu Səidə Tağızadə ilə birgə səsləndirdiyim musiqi əsərlərindən böyük zövq aldılar. Bu, bizə də çox xoşdur. Çünki, bu zalda musiqi səsləndikdə və ya ifaçılar oxuyanda elə bir ahənglik yaranır ki, sanki hər kəs bu anı eyni dərəcədə zövqlə yaşayır. Zənnimcə, festivalın miqyası gələcəkdə artaraq daha çox ölkələrdən iştirakçılar cəlb edəcək. Növbəti illərdə bu festivalda iştirak etməkdən şad olardım”.
Azərbaycan.- 2015.- 31 iyul.- S. 8.