“Xəzərin Mirvarisi”
növbəti tarix yazacaq
“Eurovision-2012” mahnı müsabiqəsinə yüksək səviyyədə ev sahibliyi edən “Xəzərin mirvarisi” - “Baku Crystal Hall” indi də I Avropa Oyunlarına öz töhfəsini verəcək. Burada 5 idman növü üzrə 1106 idmançı nəyə qadir olduqlarını nümayiş etdirəcəklər.
“Baku Crystal Hall” çoxməqsədli
idman-konsert kompleksidir. Burada genişmiqyaslı
konsert tədbirləri
və idman yarışlarının həm
komanda, həm də ayrı növlərini keçirmək
nəzərdə tutulub.
Kompleks Prezident İlham Əliyevin “Bakı şəhərində
müasir idman-konsert kompleksinin inşa edilməsi haqqında”
2011-ci il iyulun 11-də imzaladığı
sərəncama əsasən
inşa olunub. 2012-ci il yanvarın
15-də isə Avropa Yayım Birliyi
“Eurovision-2012” mahnı müsabiqəsinin
məhz “Crystal Hall”da keçirilməsi ilə bağlı qərar qəbul etmişdi.
Almaniyanın Düsseldorf şəhərində
keçirilən “Eurovision-2011” beynəlxalq mahnı müsabiqəsində 43 ölkə
arasında möhtəşəm
qələbə qazanan
Azərbaycan 2012-ci ilin
mayında bu yarışmanı Bakıda
keçirmək hüququ
qazanmışdı. Özlüyündə böyük nailiyyət olan, lakin siyasi
və iqtisadi əhəmiyyəti ilə
daha çox önəm daşıyan bu hadisə göstərdi ki, Qərblə Şərqin
kəsişməsində yerləşən
Azərbaycan bütün
dövrlərdə diqqət
mərkəzində olub.
Bu uğurun əhəmiyyətini
artıran əsas cəhətlərdən biri
də Avropanın musiqi həyatında mühüm yer tutan “Eurovision”un
tarixdə ilk dəfə
Cənubi Qafqazda keçirilməsi ilə bağlıdır. “Eurovision”u
regiona gətirən Azərbaycan bu uğura müstəqil olduğu 20 il
ərzində müsabiqəyə
cəmi 4 dəfə qatılmaqla nail olmuşdur.
İndi
isə “Xəzərin
mirvarisi”ndə növbəti
tarixi hadisə baş verəcək - I Avropa Oyunlarının boks, karate, qılıncoynatma,
taekvando və voleybol kimi maraqlı
idman növləri burada keçiriləcək.
“Crystal Hall”da “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işləri
artıq tamamlanmaq üzrədir. Bu işlərlə
yaxından tanış
olmaq üçün
I Avropa Oyunları Təşkilat Komitəsi
media nümayəndələrinə də geniş imkan yaratdı. Belə ki, komitənin təşkilatçılığı ilə bir qrup
media nümayəndəsinin tərkibində “Crystal Hall”da
olduq, oradakı vəziyyətlə maraqlandıq.
I Avropa Oyunları
Təşkilat Komitəsinin
“Crystal Hall” üzrə baş
meneceri Ben Emersonun müşayiəti ilə
əvvəlcə voleybol
yarışlarının keçiriləcəyi
“Zal-1”ə baş çəkdik.
Voleybol meydanında son tamamlama işləri görülürdü.
Mütəxəssislər cidd-cəhdlə çalışırdılar.
Ben Emerson bildirdi ki,
ilk Avropa Oyunlarına həm qapalı, həm də çimərlik voleybolu daxil olacaq. “Crystal Hall”da
4000 tamaşaçının qarşısında 15 ölkədən
24 komandanın və
208 idmançının iştirakı
ilə voleybol yarışları keçiriləcək.
64 komandanın və
128 idmançının iştirak
edəcəyi çimərlik
voleybolu isə 3700 nəfərlik tutumu olan müvəqqəti Çimərlik Arenasında
günəş şüaları
altında oynanılacaq.
Ümumilikdə 16 yarış
günü ərzində
336 kişi və qadın idmançının voleybolun
hər iki növü üzrə 2
medal dəsti uğrunda
mübarizə aparacaq.
Atletlərin 2016-cı il Rio Yay Olimpiya Oyunlarının
çimərlik voleybolu
yarışlarında iştirakına
zəmanət verən
yüksək xal qazanmaq uğrunda mübarizəyə qoşulmaq
şansı da olacaq.
“Zal-2”də
isə boks
yarışları keçiriləcək.
Burada da yekun işlər
görülürdü. B.Emerson bildirdi ki, boks
yarışları 330 idmançının
iştirakı ilə
12 gün ərzində
keçiriləcək və
qaliblərə 15 medal dəsti
paylanacaq. Kişilər arasında 10, qadınlar
arasında 5 çəki
kateqoriyasında mübarizə
təşkil olunacaq.
Yarışlar iyunun 16-da başlayacaq.
Kişilər arasında
10 çəki kateqoriyasının
hər birində 3
medal dəsti qazanan idmançılar, “AIBA 2015” dünya
boks çempionatında
iştirak hüququ qazanacaqlar. Həmin yarışda ən
yüksək reytinqli boksçular öz milli olimpiya komitələri üçün
Rio- 2016-ya kvota yeri əldə edəcəklər.
“Crystal Hall”un üçüncü zalı karate, taekvando və qılıncoynatma yarışları üçün hazırlanır. Zalın meydan hissəsi elə qurulub ki, karate və taekvando oyunlarından sonra onların meydançaları operativ yığışdırıla biləcək. Genişləndirilmiş ərazidə qılıncoynatma üçün meydan açılacaq. Burada karate üzrə 96, taekvando üzrə 128, qılıncoynatma üzrə isə 216 idmançı mübarizə aparacaq. 2 yarış günü karateyə, 4 yarış günü taekvandoya, 5 yarış günü isə qılıncoynatmaya həsr olunacaq. Bu zalda hər üç yarış üzrə ümumilikdə 32 medal dəstinin təqdimetmə mərasimi təşkil ediləcək. Qalib taekvandoçular 2016-cı il Rio Yay Olimpiya Oyunlarında iştirak hüququ da qazanacaqlar.
“Crystal Hall” müasir texnika ilə təchiz olunduğundan burada hər şey - istər işıqlandırma, istərdə də havalandırma sistemi yüksək səviyyədədir. 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə də fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. “Baku Crystal Hall”un əhəmiyyətini artıran mühüm amillərdən biri onun Dövlət Bayrağı Meydanı ətrafında yerləşməsidir. Xatırladaq ki, kompleksin layihəsinin baş dizayneri alman şirkəti “GMP”, arenanın dizayneri İsveçrə şirkəti “Nüssli International AG”dir. Tikinti işləri 2012-ci il aprelin 16-da başa çatıb. Həmin il mayın 7-də Prezident İlham Əliyevin iştirakı ilə kompleksin rəsmi açılışı olub.
Kompleksin ümumi sahəsi - 30958 kvadratmetrdir. Kristal zalın fasadı müxtəlif işıq effektləri yaratmağa imkan verən 1200 ədəd müasir dinamik led lampalarla təchiz edilib. Zal və arena boyu dəhliz iki simmetrik yerə bölünür. Ümumilikdə 30 girişi var. Dəhliz boyu iaşə obyektləri, keytrinqlər, tibbi yardım məntəqəsi, sanitar qovşaqlar fəaliyyət göstərir.
Bir sözlə, “Eurovision-2012” mahnı müsabiqəsini,
dünyanın ən böyük gözəllik
yarışması - “Miss Globe
İnternational” müsabiqəsinin 89-cu final mərhələsini və bir çox digər konsert tədbirlərini yüksək səviyyədə
təşkil etməsi deməyə əsas verir
ki, “Crystal Hall” I Avropa
Oyunları zamanı da üzərinə
düşən vəzifənin öhdəsindən layiqincə
gələcək.
Elgün MƏNSİMOV
Azərbaycan. - 2015.- 2 iyun.- S.1, 5.