Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə
olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də
ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya
Respublikası Baş nazirinin müavini və xarici işlər
naziri İvitsa Daçiçin başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib.
İvitsa Daçiç ilə son görüşünü məmnunluqla xatırlayan dövlətimizin başçısı İlham Əliyev onun ATƏT-in sədri kimi ölkəmizə səfərinin önəmini qeyd etdi.
ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin və Baş nazir Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırdı. Serbiyalı qonaq Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının açılış mərasimində ölkəsinin Prezidentinin iştirak edəcəyini vurğuladı. Serbiyanın Baş naziri Aleksandr Vuçiçin bu yaxınlarda Azərbaycana səfərinə toxunan İvitsa Daçiç onun bu səfərdən çox məmnun qaldığını dedi.
Görüşdə Azərbaycan-ATƏT əməkdaşlığının perspektivləri, Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesi, təmas xəttində baş verən hadisələr, problemin həllinin uzadılması, münaqişənin həllinə yanaşmada ikili standartların mövcud olması və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Serbiya Respublikasının Prezidenti
Tomislav Nikoliçin və
Baş nazir Aleksandr Vuçiçin
salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiyanın Prezidentinə
və Baş nazirinə
çatdırmağı xahiş etdi.
Azərbaycan. - 2015.- 2 iyun.- S.2.