Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva
Uşaqları Beynəlxalq Müdafiə Günündə uşaq müəssisələrində olub
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva iyunun 1-də - Uşaqları Beynəlxalq Müdafiə
Günündə Bakının Nizami rayonundakı 110 və
172 nömrəli uşaq tərbiyə müəssisələrində
istifadəyə verilmiş yeni korpuslarla tanış olub.
Birinci xanım Mehriban Əliyeva əvvəlcə 110 nömrəli körpələr evi - uşaq bağçasının yeni korpusu ilə tanış oldu. Yeni korpusun istifadəyə verilməsi Uşaqları Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondunun balacalara növbəti hədiyyəsidir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verildi ki, 110 nömrəli bağça 1965-ci ildən fəaliyyət göstərir. Buradakı 12 qrupda 220 uşağa təlim-tərbiyə verilir. Bu uşaq müəssisəsi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən 2011-ci ildə əsaslı təmir olunub. 2012-ci ilin martında Prezident İlham Əliyev bağçanın açılışında iştirak edib. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramına əsasən 2014-cü ilin avqust ayından bağçada ikimərtəbəli əlavə korpusun inşasına başlanılıb. İndi bu yeni korpusda 4 qrupda 80 uşağa qayğı göstərilir. Burada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olur. Bağça azyaşlı sakinlərinin zövqünə uyğun qurulub. Uşaq müəssisəsində balacaların rahatlığı, istirahəti və ilkin biliklərə yiyələnməsi tam təmin edilir. Körpələr evi - uşaq bağçasında balacalarda olan bacarıq və istedadları aşkara çıxarmaq üçün hərtərəfli şərait yaradılıb.
Uşaqları Beynəlxalq Müdafiə Günündə balacalarla görüşə gələn Mehriban Əliyeva onlarla söhbət etdi. Uşaqlar da hər dəfə olduğu kimi, birinci xanım Mehriban Əliyevanın ətrafına toplaşdılar və öz məharətlərini göstərməyə çalışdılar.
Heydər Əliyev Fondunun prezidenti uşaqlara və bağçanın kollektivinə uğurlar arzuladı.
Sonra Mehriban Əliyeva 172 nömrəli bağçaya gəldi. Azərbaycanın birinci xanımına məlumat verildi ki, 1971-ci ildən fəaliyyət göstərən bu uşaq tərbiyə müəssisəsi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində əsaslı təmir olunub. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramına əsasən isə 2014-cü ilin avqust ayından bağçada 4 qruplu, 80 yerlik, ümumi sahəsi 1152 kvadratmetr olan ikimərtəbəli əlavə korpus inşa olunmağa başlanılıb və hazırda tikintisi başa çatdırılıb. Bağçada indi 12 qrupda 230 uşaq tərbiyə alır.
Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu
uşaqlarımızın gələcəyinə yönələn
müxtəlif layihələr reallaşdırır. Son illərdə
Fondun təşəbbüsü və dəstəyi
ilə paytaxtın bir çox
uşaq bağçalarında əsaslı
təmir və yenidənqurma işləri aparılıb, məktəbəqədər
təhsilin inkişafına nail olmaq istiqamətində səmərəli tədbirlər
görülüb. 2014-cü ilin fevralında Mehriban
Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil
müəssisələrinin inkişafı” Proqramının təqdimatı
olub və bu müəssisələrdə
mövcud vəziyyət müzakirə edilib. Bu gün Fondun
fəaliyyətinin nəticələri isə onu
göstərir ki, bu qurum tərəfindən həyata keçirilən
digər layihələr kimi, “Məktəbəqədər
təhsil müəssisələrinin inkişafı”
Proqramı da uğurla
icra edilir.
Azərbaycan. - 2015.- 2 iyun.- S.4.