Alov gənclər şəhərində
Hazırda Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan növbəti hadisənin - I Avropa Oyunlarına ev sahibliyinin astanasındadır. 2012-ci ildə Avropa Oyunlarını təsis edən Avropa Olimpiya Komitəsinin qarşısında duran digər mühüm məsələ ilk yarışın keçiriləcəyi ölkəni müəyyənləşdirmək idi. Məhz Azərbaycanda geniş vüsət alan Olimpiya hərəkatı, idmanın dövlət siyasətinin prioritet qollarından birini təşkil etməsi, son 15 ildə 40-dan çox olimpiya idman kompleksinin və digər idman qurğularının tikintisi və yenidən qurulması, o cümlədən respublikamızın beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində ortaya qoyduğu nümunə Avropa Olimpiya Komitəsinin I Avropa Oyunlarının ölkəmizdə təşkil olunması barədə qərarının qəbul olunması ilə nəticələndi.
2013-cü ilin yanvarında Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan I Avropa Oyunlarının Təşkilat Komitəsi ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlıq işlərini ən yüksək səviyyədə, hər bir beynəlxalq tədbir təşkilatçısına nümunə ola biləcək şəkildə başa vurub. Cəmi iki il yarımdan da az müddətdə Bakı şəhərində yeni möhtəşəm 5 idman kompleksi inşa olunub, Oyunların keçiriləcəyi digər idman kompleksləri tamamilə yenidən qurulub. Bütün idman qurğuları Avropanın 50 dövlətini bir araya gətirəcək idman mübarizəsinə tam hazırdır.
Təşkilat Komitəsinin təqdirəlayiq addımlarından biri də I Avropa Oyunlarının sevincini bütün Azərbaycan xalqına yaşatmasıdır. Aprelin 26-da Prezident İlham Əliyevin müqəddəs “Atəşgah” məbədindən alovlandırdığı I Avropa Oyunlarının məşəli ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzir. İndiyədək 50-dən artıq rayon və şəhərlərimizdən keçən məşəl yenidən paytaxta doğru yaxınlaşmaqdadır. Şamaxı rayonundan sonra məşəl mayın 31-də Sumqayıt şəhərinə gətirildi.
Öncə onu qeyd edək ki, Azərbaycanın sənaye mərkəzi olan Sumqayıtın son illərdə həqiqətən dinamik və özünəməxsus inkişafı təmin olunub. Şübhəsiz, şəhərin qarşıya qoyduğu hədəflərə doğru uğurla irəliləməsi Prezident İlham Əliyevin yüksək diqqət və qayğısının nəticəsidir. Cənab Prezidentin Azərbaycanla, xalqımızın sabahı ilə bağlı çoxlu arzuları, möhtəşəm planları və bütün bunları həyata keçirəcək qətiyyəti və müdrikliyi var! Və bu arzular içərisində Sumqayıtla bağlı məramlar hər bir şəhər sakininin qəlbini dağa döndərir. Prezident İlham Əliyev əslində “Yeni Sumqayıt” ideyasının təşəbbüskarı və yaradıcısıdır. Təkcə onu demək kifayətdir ki, Prezident İlham Əliyev son 4 ildə 8 dəfə Sumqayıtda olmuşdur. Bu səfərlər isə sadəcə protokol xarakteri daşımamış, Sumqayıtla bağlı strateji planların, layihələrin reallaşdırılmasına əməli dəstək olmuşdur. Dövlət başçısı Sumqayıtda çoxsaylı obyektlərin açılış mərasimində iştirak etmiş, şəhərin müxtəlif yerlərində - park və xiyabanlarda, küçələrdə, o cümlədən Dənizkənarı bulvarda başlanmış əsaslı təmir, yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olmuş, bu işlərin zövqlə aparılması üçün dəyərli tövsiyələrini vermişdir.
Məşəlin yürüşünü izləyənlər arasında olan Prezident təqaüdçüsü, əmək veteranı, Sumqayıtın ilk qurucularından biri və uzun müddət inşaatçı kimi fəaliyyət göstərmiş 86 yaşlı İmamverdi Vəliyevlə söhbətimiz şəhərin dünəni və bu günü ilə bağlı oldu. 66 ildir Sumqayıtda yaşayan İmamverdi Vəliyev bu gün Sumqayıtın öz əvvəlki şöhrətini qaytarmasından razılıqla söz açdı: “Sumqayıt mənim gözümün önündə salınıb, inkişaf edib, böyüyüb. 1949-cu ildə şəhərin salındığı ilk gündən burada aparılan tikinti və quruculuq işlərində iştirak etmişəm. O vaxtlar biz Sumqayıtı sənaye şəhəri kimi saldıq. Burada yaradılan zavod və fabriklər müharibədən sonra ölkəmizin inkişafında, insanların işlə təmin olumasında nə qədər mühüm rol oynadı. 1969-cu ildə ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyindən sonra Sumqayıt daha da inkişaf etdi, yeni istehsal müəssisələri yaradıldı, şəhərin əhalisi artdı.
Təəssüf ki, vaxtilə yaratdığımız böyük zavodlar dövlət müstəqilliyimizin ilk illərində demək olar ki, öz fəaliyyətlərini dayandırmışdılar. Sumqayıt ölü şəhərə çevrilmişdi. İnsanlar iş dalınca başqa yerlərə gedirdilər. Amma bu şəhərin tarixi ənənələri var və buna görə Prezident İlham Əliyev Sumqayıtın sənaye mərkəzi kimi inkişafına xüsusi diqqətlə yanaşır. Son dövrlərdə şəhərdə onlarla yeni müəssisə yaradılıb. Bütün bunlar məni və şəhərin salındığı ilk gündən burada yaşayan bütün sakinləri, mənim kimi veteranları dərindən sevindirir və qürurlandırır. 70-80-ci illərdə böyük sənaye mərkəzi olan Sumqayıt həmin şöhrətini bu gün yenidən bərpa edir. Şəhərimiz gündən-günə gözəlləşir, yeni görkəm alır. Bütün bunlara görə Prezident İlham Əliyevə öz minnətdarlığımızı bildiririk”.
İmamverdi Vəliyevə uğurlar arzulayıb məşəlin Sumqayıta gəlişini gözləyirik. Proqrama əsasən məşəli Sumqayıtın fəal gənclərindən olan Elvin Dadaşov qəbul edəcək. Sonra digər məşəlçilər növbə ilə məşəli başlarının üzərinə qaldıraraq Heydər Əliyev prospekti, Sülh küçəsi, Səməd Vurğun küçəsi və Azərbaycan prospektindən keçəcəklər. Yürüş Bayraq meydanında başa çatacaq.
Heydər Əliyev prospekti son illər görülən yenidənqurma işləri nəticəsində öz görkəmini tamamilə dəyişmişdir. Səkilər yenisi ilə əvəz olunmuş, yolların kənarında gözoxşayan qazon örtüyü salınmış, binaların fasadı yenilənmiş, müasir işıqlandırma sistemi quraşdırılmış, mövcud iaşə obyektləri standartlara uyğun olaraq yenidən qurulmuşdur.
Sadalanan işlər Sülh küçəsində də həyata keçirilmişdir. Burada da binaların fasadları yeni texnodizayn formasında qurulmuş və bu, şəhərin simasına xüsusi gözəllik qatmışdır. Qeyd edilən işlər Səməd Vurğun küçəsində də görülmüşdür. Küçə boyu mövcud olan 100 hektarlıq Nəsimi adına Mədəniyyət və istirahət parkı tamamilə yenidən qurularaq şəhər sakinlərinin istifadəsinə verilmişdir. Parkda ən müasir tələblərə uyğun plitə daşlar döşənmiş, qazon sahələr salınmış, dekorativ gül və ağaclar əkilmiş, işıqlandırma sistemi yenilənmişdir. Parkda 20 Yanvar abidə kompleksi və Xocalı abidəsi də yaradılmışdır. “Sevgi” adlandırılan körpü yenidən salınmışdır və burada 250 nəfərlik yeni “Yaşıl teatr” binası tikilmişdir. Parkın müxtəlif hissələrində fontanlar, fəvvarələr və uşaqların əylənməsi üçün maraqlı attraksionlar quraşdırılmışdır. Parkın girişində olan Azərbaycan şairi Nəsiminin heykəli bərpa olunaraq yenilənmişdir. Yenidənqurma işləri Azərbaycan prospektində də həyata keçirilmişdir. Sumqayıtda möhtəşəm Bayraq meydanı da yaradılmışdır. 18 min kvadratmetr ərazini əhatə edən Bayraq meydanında 75 metr hündürlüyü olan dirəkdə dalğalanan Azərbaycan bayrağı şəhərin hər bir nöqtəsindən görünür. Bayraq meydanında müasir işıqlandırma sistemi quraşdırılmış, meydana plitə daşlar döşənmişdir. Meydanla üzbəüz Sumqayıt Şəhər İcra Hakimiyyətinin binası da ən müasir tələblərə uyğun şəkildə əsaslı təmir olunmuşdur.
Məşəlin gəlişini gözləyərkən fürsətdən istifadə edib Elvin Dadaşovla söhbətləşdik. O dedi: “Ölkə rəhbərliyinin diqqəti və qayğısı nəticəsində dinamik inkişaf yoluna qədəm qoyan Sumqayıtda hər sahədə qazanılan uğurlar möhtəşəmdir. Şəhərimiz tək sənaye istehsalına, yeni açılan iş yerlərinin sayına görə deyil, həm də təhsilin səviyyəsinə görə fərqlənir. Fəxarət hissi ilə qeyd etmək istəyirəm ki, ilk dəfə mən Sumqayıt şəhəri üzrə 700 bal toplayaraq ali məktəbə qəbul olmuşam. Təhsil müddətində Prezident təqaüdü almışam, həmçinin Prezident İlham Əliyev mənə mənzil hədiyyə etmişdir.
Bütün bunlar mənim həyatımın ən əlamətdar hadisələridir. Bu gün isə bunların sırasına biri də əlavə olunur. Çox sevinirəm ki, mən də I Avropa Oyunlarının məşəldarıyam. Bu, ömrümün ən xoş xatirələrindən biri olacaq. Azərbaycan bu gün dünyada həm də idman ölkəsi kimi tanınır. O cümlədən mənim doğma şəhərim Sumqayıt həm də idmandakı nailiyyətləri ilə tanınır. Şəhərimizdə indiyədək saysız-hesabsız tanınmış idmançılar yetişib. O cümlədən son illərdə bir neçə möhtəşəm idman kompleksi inşa olunaraq şəhər sakinlərinin istifadəsinə verilib. Təbii ki, bunu ölkəmizin bütün şəhərləri barədə demək olar. Ona görə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar təsadüfi deyil. Əminəm ki, respublikamız bu tarixi hadisəni uğurla və ən ideal təşkilatçılıq işi ilə başa vuracaq və bütün dünya bir daha Azərbaycanın nəyə qadir olduğunu yaxından görəcək. Biz hər birimiz buna görə sevinir və qürur duyuruq. Məşəlin Sumqayıta gəlişi isə bizim bu sevincimizi ikiqat edir”.
Budur, Sumqayıta gətirilən məşəl Heydər Əliyevin abidəsinin qarşısında qəbul edildi. Daha sonra məşəlçilər Ramiz Hüseynov, Natiq Qurbanlı, Sehri Babayev, Murad Kərimov, Səkinə Sadıxova, Elmar Xəlilov, Fuad Əlizadə və Namis Şirməmmədov I Avropa Oyunlarının məşəlini Heydər Əliyev prospekti, Sülh küçəsi, Səməd Vurğun küçəsi və Azərbaycan prospekti boyu daşıdılar. Yollar boyu minlərlə sumqayıtlı məşəlin yürüşünü alqış sədaları altında izləyirdi. Onların arasında Afina və Pekin Paralimpiya Oyunlarının cüdo üzrə yarışlarının ikiqat çempionu, London Paralimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və üçqat Avropa çempionu, dünya kubokunun sahibi İlham Zəkiyev də var. 1980-ci ildə Sumqayıtda anadan olan İlham Zəkiyev şəhərdəki 5 saylı tam orta məktəbin məzunudur. Yüksək nailiyyətlərinə görə əməkdar idman ustası adına, Azərbaycan Prezidentinin xüsusi təqaüdünə layiq görülmüş, “Şöhrət” ordeni və Heydər Əliyev Fondunun “Qızıl Çinar” Beynəlxalq mükafatı ilə təltif olunmuş, müxtəlif illərdə “İlin ən yaxşı on idmançısı” sırasına daxil edilmişdir.
Nüfuzlu idmançı I Avropa Oyunları ilə bağlı qənaətlərini məmnunluqla bölüşərək dedi: “İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı üç il əvvəl qəbul olunmuş qərar hər bir Azərbaycan vətəndaşı kimi məni də dərindən sevindirdi. Hesab edirəm ki, Avropa Olimpiya Komitəsinin bu qərarı tamamilə düzgün idi. Çünki Azərbaycanın bu oyunları keçirməyə mənəvi haqqı var. Mən indiyədək çoxlu sayda beynəlxalq yarışlarda iştirak etmişəm. Təbii ki, bu zaman xarici ölkələri təmsil edən idmançılarla həmsöhbət olmaq imkanı yaranır. Belə söhbətlərdə mən dəfələrlə şahidi olmuşam ki, Azərbaycan Avropada idman infrastrukturunun səviyyəsinə görə bu gün ən öndə gedən ölkələrdən biridir. Bu gün respublikamızda əlil idmançıların da təlim-məşqi üçün ən yüksək şərait yaradılıb. Məsələn, Sumqayıtda yaradılan Paralimpiya İdman Mərkəzi Avropanın, hətta dünyanın ən modern idman qurğularından biridir.
Ona görə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar tamamilə düzgün və ədalətlidir. Əminəm ki, biz bu oyunların təşkili ilə bağlı ən mükəmməl bir modeli ortaya qoyacağıq. Bütün dünya və Avropa Azərbaycanın yüksək təşkilatçılıq imkanlarını görəcək. Mən həm də Azərbaycan idmançılarına uğurlar arzu edirəm. İnanıram ki, onlar bu beynəlxalq yarışda da adlarını qaliblər sırasına yazacaqlar”.
Beləliklə, Sumqayıtda Heydər
Əliyev prospektindən hərəkətə başlayan
I Avropa Oyunlarının məşəlinin
yürüşü Bayraq
meydanında başa çatdı. Məşəlçilər
yol boyu məşəli
bir-birilərinə ötürərək bir
neçə kilometrlik məsafəni
şəhər sakinlərinin alqışları və musiqi sədaları altında başa vurdular. Azərbaycanın şahmat
üzrə qadınlardan ibarət milli
komandasının kapitanı, beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova burada quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırdı. Sonra I Avropa
Oyunlarının çırağı yandırıldı və
yarışlar başa çatanadək
saxlanılmaq üçün şəhərə
təhvil verildi. Mərasimdə I Avropa Oyunlarının məşəlinin “Atəşgah”
məbədində alovlandırılması mərasiminin əks
olunduğu videoçarx
nümayiş etdirildi.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan. - 2015.- 2 iyun.- S.6.