ATƏT Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində səylərini
artırmalıdır
İyunun
1-də Azərbaycan Respublikası Milli Məclisinin sədri
Oqtay Əsədov ATƏT-in fəaliyyətdə olan sədri,
Serbiya Respublikası Baş nazirinin müavini və xarici
işlər naziri İvitsa Daçiçin
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq əlaqələrindən, Azərbaycan-Serbiya münasibətlərinin inkişaf etdirilməsindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində mövcud vəziyyətdən danışılıb.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan ATƏT ilə əlaqələrin
inkişafına böyük önəm verir. Artıq Azərbaycan 20 ildən çoxdur ki, ATƏT ilə
işbirliyi həyata keçirir.
Azərbaycan parlamentinin də ATƏT-in Parlament Assambleyası ilə sıx əlaqələri
mövcuddur. Deputatlarımız qurumun bütün
toplantılarında fəal
iştirak edirlər.
Ötən il
ATƏT-in 23-cü sessiyası Bakıda keçirilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
və onun həlli ilə bağlı danışıqlar
prosesi barədə məlumat verən Oqtay Əsədov deyib: “Təəssüflər
olsun ki, danışıqların getdiyi
20 ildən artıq müddət ərzində
ATƏT-in Minsk qrupu hələlik
ortaya normal bir sənəd çıxara,
bu münaqişənin
həlli üçün
normal bir yol göstərə bilməyib”.
Milli Məclisin sədri vurğulayıb ki, Minsk qrupunun işinə təkan vermək, onu canlandırmaq lazımdır. ATƏT münaqişənin həlli
istiqamətində səylərini
artırmalıdır.
Oqtay Əsədov deyib: “Şadıq ki, Serbiya ATƏT-ə sədrlik
edən ölkədir.
Serbiya münaqişədən əziyyət
çəkmiş bir
ölkə kimi Azərbaycanın vəziyyətini
bir çox dövlətlərdən daha
yaxşı başa düşür. Ümid edirik
ki, Serbiyanın sədrliyi dövründə
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
sülh yolu ilə həllində hər hansı müsbət addımlar atılacaq”.
Azərbaycan-Serbiya münasibətlərindən danışan
Milli Məclisin sədri vurğulayıb ki, ölkələrimiz arasındakı əlaqələr
yüksək səviyyədədir. Əlaqələrin inkişafında dövlət
başçılarının qarşılıqlı səfərləri
mühüm rol oynayır. Səfərlər zamanı ölkələrimiz
arasında 25-ə yaxın
ikitərəfli sənəd
imzalanıb. Bugünkü görüş də münasibətlərin dərinləşməsinə
öz töhfəsini
verəcək.
Oqtay Əsədov
iqtisadi əlaqələrin
daha da inkişaf
etdirilməsinin vacibliyini
diqqətə çatdırıb.
İvitsa Daçiç
bildirib ki, Azərbaycana
səfər etmək onun üçün
şərəfdir. Ölkələrimiz arasında dostluq əlaqələri var.
O deyib ki, Azərbaycanda
keçiriləcək birinci Avropa Oyunlarının açılışında
Serbiyanın Prezidenti də iştirak edəcək. Səfər zamanı
məhsuldar görüşlər keçirdiyini
bildirən İvitsa Daçiç
regionda sülhün və
sabitliyin bərqərar olmasının
bütövlükdə Avropa üçün böyük
əhəmiyyət kəsb etdiyini
vurğulayıb. ATƏT-in fəaliyyətdə olan sədri deyib ki, Dağlıq Qarabağ
münaqişəsi uzun müddətdir həll
olunmamış vəziyyətdə qalır. Serbiya
Azərbaycanın üzləşdiyi problemi
yaxşı başa düşür.
O, əminliyini bildirib ki,
münaqişənin həlli ilə bağlı birlikdə
müəyyən işlər görüləcək.
Azərbaycan. - 2015.- 2 iyun.- S.3.