Azərbaycanın müdafiə naziri Qırğızıstanın Baş naziri ilə görüşüb
Qırğızıstanda
rəsmi səfərdə olan Azərbaycan
Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov
iyunun 1-də bu ölkənin Baş naziri Temir Sariyev ilə
görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasındakı dostluq münasibətlərinin inkişafından razılıq bildirilib. Müxtəlif strukturlar, o cümlədən Müdafiə nazirlikləri arasında görüşlərin keçirilməsi yüksək qiymətləndirilib və bu cür əlaqələrin mövcud siyasi, iqtisadi, mədəni münasibətlərin tərəqqisi üçün yeni imkanlar açdığı ifadə edilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan T.Sariyev bu problemin tezliklə diplomatik yolla Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini xüsusi vurğulayıb.
“Münasibətlərimiz yalnız ikitərəfli deyil, həm də BMT, ATƏT və digər təşkilatlar çərçivəsində çoxtərəfli formatda inkişaf edir. Hərbi əməkdaşlıq Qırğızıstan-Azərbaycan münasibətlərinin bütün spektrinin ən mühüm elementlərindən biridir və biz bu səmərəli əməkdaşlığın gücləndirilməsində və inkişafında maraqlıyıq”, - deyə T.Sariyev bildirib.
Müdafiə naziri, general-polkovnik Z.Həsənov iki ölkənin hərbi sahədə, o cümlədən ordu quruculuğu və hərbi təhsil məsələlərində əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir
mübadiləsi aparılıb.
Azərbaycan. - 2015.- 2 iyun.- S.9.