Qeyri-islam dini
icmalarına maliyyə vəsaiti ayrılıb
Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi (DQİDK) dini icmalara maliyyə yardımı
ayırmaqda davam edir.
Bu məqsədlə iyunun 1-də Dövlət Komitəsində maliyyə yardımı ayrılmış qeyri-islam dini icmalarının sədrlərinin iştirakı ilə toplantı keçirilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2014-cü il 27 noyabr tarixli Sərəncamına əsasən, ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb.
Toplantıda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışaraq bildirib ki, 2011-ci ildən dövlət tərəfindən qeyri-islam dini icmalara maliyyə yardımı ayrılır. Həmin icmaların ölkəmizdə fəal və səmərəli fəaliyyət göstərdiklərini, Azərbaycanın maraqlarını müdafiə etdiklərini təqdirəlayiq hal kimi dəyərləndirən komitə sədri dövlətin dini icmalara dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb. Mübariz Qurbanlı qeyd edib ki, 19 qeyri-islam dini icmasına 380 min manat maliyyə vəsaiti ayrılıb və həmin vəsait ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə sərf ediləcək.
Bu gün Azərbaycanın dünyanın diqqət mərkəzində olduğunu vurğulayan Dövlət Komitəsinin sədri ölkəmizin daha bir beynəlxalq yarışa - ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyini xatırladıb.
Ölkəmizdə dövlət-din münasibətlərindən danışan komitə sədri bildirib ki, Azərbaycan Prezidenti və Heydər Əliyev Fondu ölkəmizdə tolerantlığın və multikulturalizmin inkişafı istiqamətində böyük işlər görür, məscid, ziyarətgah, eləcə də kilsə və sinaqoqlar əsaslı təmir və bərpa olunur. Bildirilib ki, ölkəmizdə tarixən də dini ayrı-seçkiliyə yol verilməyib və Azərbaycanda hökm sürən tolerantlıq dünyaya nümunə kimi göstərilə bilər. Azərbaycanın ictimai - siyasi həyatında din özünəməxsus yer tutur və ölkəmizdə ictimai – siyasi və dini sabitlik hökm sürür. İstər müsəlman, istərsə də xristian ölkələri ətrafında gedən prosesləri diqqətlə izləməli və ondan nəticə çıxarmalıyıq.
Radikalizmlə mübarizədə bütün dini icmaları fəal olmağa çağıran DQİDK sədri icma sədrlərinə fəaliyyətlərində dini maarifləndirmənin genişləndirilməsinin vacibliyini tövsiyə edib.
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev toplantıda çıxış edərək dini icmalara ayrılan vəsaitə görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürünü bildirib. İcma sədri Azərbaycanın multikultural və tolerant ölkə olduğunu qeyd edib.
Alban – Udi Xristian dini icmasının sədri Robert Mobili dini maarifləndirmə nəticəsində radikalizmə qarşı mübarizə aparılmasının zəruriliyini diqqətə çatdırıb. O, ölkə rəhbərliyinin bu işdə qeyri-islam dini icmalarına göstərdiyi köməyə görə təşəkkürünü bildirib.
Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının provaslav dini təşkilatının nümayəndəsi Elnur Əfəndiyev təmsil etdiyi təşkilat adından Azərbaycan Prezidenti İlham Əliyevə dini icmalara maliyyə yardımının ayrılması ilə bağlı imzaladığı Sərəncama görə minnətdarlığını bildirib.
Sonda qeyri-islam
dini icmaları adından ölkə Prezidenti İlham Əliyevə
müraciət qəbul edilib. Müraciətdə Azərbaycanda yaşayan
yəhudi, xristian və digər dinlərə
mənsub müxtəlif dini qurumların rəhbərləri
qeyri-islam təmayüllü dini icmalara dövlət tərəfindən
maliyyə yardımı göstərilməsinə görə
Prezident İlham
Əliyevə sonsuz təşəkkürlərini
bildirib, vahid Vətənimiz
olan doğma Azərbaycanımızın
tərəqqisi və firavan günlərə
qovuşması naminə həyata keçirdiyi
möhtəşəm işlərdə böyük
uğurlar, möhkəm
cansağlığı, uzun ömür arzulayıblar. Müraciətdə
deyilir: “Dini
qurumlara dövlət büdcəsindən
maddi yardım göstərilməsi
artıq ənənəyə çevrilib
və biz bunu təqdir
etməklə yanaşı, həm də dövlət-din
münasibətlərinin tənzimlənməsində Azərbaycana
xas xüsusiyyət kimi
qiymətləndiririk. Hesab edirik ki, beynəlxalq
ictimaiyyət və dünyəvi dövlətlər dini qurumlarla münasibətdə
bu yanaşmanı nümunə kimi qəbul etməlidirlər”.
Azərbaycan. - 2015.- 2 iyun.- S.9.