Azərbaycan və Böyük Britaniya arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanları böyük potensiala malikdir

 

 

İyunun 1-də Böyük Britaniyanın London şəhərinin Lord meri Alderman Alan Yarrounun Azərbaycana səfəri çərçivəsində Azərbaycan-Böyük Britaniya işgüzar görüşü keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsində xüsusi əhəmiyyətini qeyd edib.

Azərbaycan və Böyük Britaniyanın iqtisadiyyatın müxtəlif sahələrində sıx əməkdaşlıq etdiyini deyən Ş.Mustafayev nəzərə çatdırıb ki, Böyük Britaniya şirkətləri Azərbaycanın enerji sektorunda həyata keçirilən layihələrdə fəal iştirak edirqeyri-neft sektoruna investisiya yatıran əsas ölkələrdəndir. Azərbaycanlı gənclər Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində, o cümlədən Böyük Britaniya universitetlərində təhsil alırlar. Nazir Şahin Mustafayev ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarının böyük potensiala malik olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, Böyük Britaniya nümayəndə heyətinin Azərbaycana bu səfəri də ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsinə öz töhfəsini verəcək. Azərbaycan və Böyük Britaniya arasında Hökumətlərarası Komissiyanın yaradılmasının xüsusilə də iqtisadi əlaqələrin inkişafında, qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunmasında əhəmiyyətli olacağı vurğulanıb, hazırda komissiyanın tərkibinin formalaşdırılması istiqamətində işlərin aparıldığı qeyd edilib.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizdə makroiqtisadi sabitliyin və davamlı iqtisadi inkişafın təmin olunduğunu, ölkəmizdə əlverişli biznesinvestisiya mühitinin yaradıldığını, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynadığını söyləyib.

London şəhərinin Lord meri Alderman Alan Yarrou Azərbaycana səfərindən məmnunluğunu bildirib, Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin uğurla davam etdiyini, qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edib. Alderman Alan Yarrou Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyatın diversifikasiyası sahəsində əldə etdiyi uğurları müsbət qiymətləndirib.

Görüş çərçivəsində maliyyə bazarı, investisiya qoyuluşu, kiçikorta sahibkarlıq sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, bu məsələlərin Hökumətlərarası Komissiyanın fəaliyyətində əsas istiqamətlərdən ola biləcəyi deyilib.

Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycan iqtisadiyyatına, ölkəmizin biznesinvestisiya mühitinə dair təqdimatla çıxış edib, Böyük Britaniya şirkətlərinin təmsilçiləri isə fəaliyyətləri barədə məlumat veriblər.

Tədbirdə Böyük Britaniya rəsmiləri ilə yanaşı, xidmət, bank, maliyyə, sığorta və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin, eləcə də London qiymətli kağızlar birjasının nümayəndələri iştirak ediblər.

 

Azərbaycan. - 2015.- 2 iyun.-  S.9.