Bakıda İordaniyanın milli
bayramı qeyd edilib
İordaniyanın
Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı
- Müstəqillik Günü münasibətilə iyunun 1-də
rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, qəbulda əvvəlcə Azərbaycanın və İordaniyanın dövlət himnləri səslənib.
İordaniyanın Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşneh çıxış edərək ölkəsinin müstəqillikdən sonra ötən illərdə keçdiyi inkişaf yolundan danışıb, bu illər ərzində iqtisadi və mədəni sahələrdə böyük uğurlar qazanıldığını, İordaniyanın dünya birliyində layiqli yer tutduğunu vurğulayıb.
Səfir bildirib ki, İordaniya ilə Azərbaycan arasında əlaqələr Kral II Abdullah və Prezident İlham Əliyevin səyləri nəticəsində daha da genişlənir və inkişaf edir.
Səfir 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik edib, dinamik inkişaf etməkdə olan müstəqil respublikamıza yeni uğurlar arzulayıb.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev əlamətdar gün münasibətilə dost İordaniya xalqını Prezident İlham Əliyevin adından təbrik edib, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırıb.
Nazir bildirib ki, ölkələrimiz iqtisadi, mədəni, ticari, informasiya-kommunikasiya və turizm sahələrində uğurla əməkdaşlıq edir. Həmçinin bu əməkdaşlıq beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilir. İordaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir.
Ş.Mustafayev deyib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin daha da inkişafına əlverişli zəmin yaradır.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici
ölkələrin Bakıdakı səfirləri, beynəlxalq
təşkilatların təmsilçiləri, ictimaiyyətin
nümayəndələri iştirak ediblər.
Azərbaycan. - 2015.- 2 iyun.- S.9.