İşgüzarlıq, əməkdaşlıq
və peşə ünsiyyəti üçün
imkanlar genişlənir
Buna tədbirin sabah
başlanacaq konfrans
hissəsi də təkan verəcək
Bakı Ekspo Mərkəzi öz qapılarını Xəzəryanı regionda energetika sektorunun ən mötəbər tədbiri sayılan Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil and Gas sərgisinin üzünə açıb. Bu gün başlanan tədbir iyunun 5-də başa çatacaq.
22-ci dəfə keçirilən bu sərgi regionda neft-qaz sənayesinin əsas təmayüllərini müəyyən edir. Caspian Oil and Gas sərgisi ünsiyyət platforması, sənayenin neft-qaz kimi nəhəng bir sahəsinin ən iri şirkətlərinin nümayəndələrinin, tanınmış mütəxəssislərinin görüş yeridir.
1994-cü il mayın sonunda ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Xəzər Neft və Qaz sərgisi artıq 21 ildir öz məkanını dəyişmir. Bu da tədbirə Azərbaycan dövlətinin verdiyi dəstəkdən, ölkəmizin etibarlı tərəfdaş olmasından, xalqımızın qonaqpərvərliyindən və digər amillərdən qaynaqlanır.
Builki sərgi də onlarca şirkəti bir araya gətirib. Ənənəyə görə, sərginin açılışının növbəti günü eyni adlı konfrans da keçirilir. Sabahdan öz işinə başlayacaq və iki gün davam edəcək həmin tədbir isə “JW Marriott Absheron Baku” hotelində olacaq.
Bu barədə sərgi və konfransın təşkilatçısı olan “İteca Caspian” şirkətinin dünən keçirdiyi mətbuat konfransında ətraflı məlumat verildi.
“İTE Qrup” şirkətinin icraçı direktoru Edvard Stroon bildirdi ki, budəfəki sərgidə 27 ölkədən 315 şirkət iştirak edir. Onların 80 faizi dünyada tanınan məşhur şirkətlərdir. Böyük Britaniya, Almaniya, İtaliya, Çin, Rusiya, Türkiyə və Çexiya özləri üçün əvvəlcədən milli pavilyonlar sifariş ediblər. MDB və Şərqi Asiyadan olan şirkətlərin sayı əvvəlki sərgilərlə müqayisədə xeyli artıb. Bu da Caspian Oil and Gas sərgisinin iştirakçılarının tərkibinə ildən-ilə yeni şirkətlərin daxil olduğunu təsdiqləyir. Məsələn, burada Çexiyanın milli pavilyonu ilk dəfədir təmsil olunur. Başqa sözlə, sərgidə həmin ölkənin neft-qaz sənayesinin nümayəndəsi olan 25 şirkət iştirak edir. İtaliyanın milli pavilyonu da tədbirin debütantları sırasındadır.
Tədbirdə vurğulandı ki, ümumilikdə xarici iştirakçılar sərgi sahəsinin 70 faizini tutur. İştirakçıların 30 faizi Azərbaycan şirkətləridir.
Sərginin meneceri Tofiq Kərimov dedi: “Sərgiyə
Azərbaycanın aparıcı şirkətlərinin və neft-qaz sənayesi liderlərinin sponsorluq etməsi tədbirin statusunu
bir daha təsdiqləyir.
Baş sponsor qismində
Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti (SOCAR) çıxış edir.
Qızıl sponsorlar BP və Baker Hughes, gümüş
sponsorlar Türkiye Petrolleri və Bos Shelf şirkətləridir. Bu il sərgi iştirakçıları hasilat
sahəsindəki yenilikləri,
neft-qaz sənayesində
informasiya-telekommunikasiya, qazmadan
sonra quyuların təmizlənməsi və
digər texnologiyaları
təqdim edəcəklər.
T.Kərimov həmçinin bildirdi
ki, iyunun 2-5-də Sərgi Mərkəzində
sözügedən tədbirlə
yanaşı, Xəzər
regionunun enerji sənayesinin nailiyyətlərini
nümayiş etdirən
5-ci Xəzər Beynəlxalq
Energetika və Alternativ enerji sərgisi - “Caspian Power-2015” də
keçiriləcək.
Jurnalistlər qarşısında Xəzər
Neft və Qaz konfransının meneceri Daşqın İmanov da çıxış etdi. O qeyd etdi ki, bu
konfrans həmişəki
kimi zəngin, işgüzar proqram nümayiş etdirəcək.
Belə ki, burada 30 ölkə
500 nümayəndə ilə
təmsil olunacaq.
Konfrans neft-qaz bazarı üzrə yeni inkişaf təmayüllərini,
Xəzəryanı regionun
potensiallarını və
üstünlüklərini, dünyada enerji təhlükəsizliyi məsələlərinin
həlli üçün
perspektivləri qiymətləndirməyə
imkan verəcək.
Plenar iclasın mövzusu isə “Avrasiyanın enerji təchizatının
təhlükəsizliyində Azərbaycanın rolu” olacaq.
Şübhə yoxdur ki, iki
onillikdən çox müddətdə zəngin
təcrübə toplamış
Xəzər Neft-Qaz sərgi və konfransı son məlumatları
təqdim etməklə
sahənin inkişafına
yeni təkan verəcək, neft-qaz sənayesində işgüzarlığı,
əməkdaşlığı və peşə ünsiyyətini daha da genişləndirəcək.
Flora SADIQLI,
Azərbaycan. - 2015.- 2 iyun.- S.10.