Qarabağ şikəstəsi”nin sədası Çindən gəlir

 

Çin Xalq Respublikasının (ÇXR) paytaxtında keçirilən ənənəvi  “Pekində görüş” beynəlxalq incəsənət festivalı davam edir. Müxtəlif xalqların mədəniyyət mübadiləsini təşviq etmək məqsədi daşıyan festival çərçivəsində mayın 31-də Çin paytaxtının ən möhtəşəm salonlarından olan Pekin Konsert Sarayında Azərbaycan musiqisi gecəsi təşkil edilib.

Azərbaycanın Çindəki səfirliyi mədəniyyətimizin, incəsənətimizin bu ölkədə daha da geniş tanıdılması üçün mütəmadı olaraq görür. ÇXR Mədəniyyət Nazirliyi ilə əldə olunan razılıq əsasında “Pekində görüş” festivalı çərçivəsində Azərbaycan incəsənət ustalarının bu konserti də mədəniyyətimizin Çində təbliği istiqamətində növbəti addım oldu.

Salonda boş yerlərin olmaması Pekin ictimaiyyətinin konsertə, Azərbaycan musiqisinə marağının göstəricisi idi.  Konserti izləyənlər arasında Pekindəki diplomatik korpusun təmsilçiləri, o cümlədən Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan, Əlcəzair, Belarus, Qırğızıstan, Türkmənistan, Gürcüstan, Albaniya və Qətərin səfirləri və bir çox ölkələrin səfirliklərinin əməkdaşları, bu ölkədə yaşayan soydaşlarımız da var idi. Bundan başqa, Çin Kommunist Partiyasının beynəlxalq əlaqələr idarəsinin rəis müavini, ÇXR Xarici İşlər və  Mədəniyyət nazirliklərinin departament rəisləri, tanınmış şirkətlərin rəhbərləri də konserti izləyənlər arasında idi.

Konsertdən əvvəl çıxış edən ÇXR Mədəniyyət Nazirliyinin rəsmisi Gao Hayşenq Çin-Azərbaycan mədəni əlaqələrinin  tarixi, hazırkı vəziyyəti barədə danışdı. O, bu cür festivalların və konsertlərin xalqlarımızın bir-birinin mədəniyyətini daha yaxından tanımaları baxımından əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, hər iki ölkənin  birgə konserti həm də musiqiçilərin peşəkar əməkdaşlığı baxımından faydalıdır. Bu cur layihələrin ölkələrimizin mədəniyyətinə töhfə verdiyini qeyd edən Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov dedi ki, Azərbaycan xalqı dünya mədəniyyətinə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahi bəstəkarlar verib. Budəfəki layihənin simfo-muğama həsr edilən konsert olacağını bildirən diplomat muğamın Azərbaycan musiqi mədəniyyətində xüsusi yeri olan qədim bir janr olduğunu dedi: “Muğamın vətəni Qarabağdır. Qarabağ torpağının musiqimizdə oynadığı böyük rol nəzərə alınaraq ona “Azərbaycanın konservatoriyası” da deyirlər”.

 Sonra səhnə musiqiçilərin ixtiyarına verildi. Bakı Musiqi Akademiyasının professoru, xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Çin Milli Opera və Rəqs Dram Teatrının simfonik orkestri və “Qarabağmuğam üçlüyü - xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov, habelə müğənni Vüsalə Rəcova və nağara ifaçısı Siyavuş Kərimov tamaşaçılara unudulmaz musiqi gecəsi yaşatdılar.

Proqrama Oqtay ZülfüqarovunBayram” uvertürası ilə start verildi. Əməkdar artist Elnur Əhmədovun ifasında səslənən Hacı Xanməmmədovun kamançasimfonik orkestr üçün konsertinin ikinci hissəsi Çin tamaşaçısı üçün kamançanı “kəşf etməyə” imkan yaratdı.

Müğənni Vüsalə Rəcova maestro Niyazinin işləməsində xalq mahnısı “Qara gilə”ni ifa etdi.

Xalq artisti Mənsum İbrahimovun özünə

məxsus ifasındakı “Kor ərəbin mahnısı” aramlılığı, ağır tempi ilə tamaşaçını Fikrət Əmirov musiqisinin sehrinə saldı.

Bu konsertin digər vacib məqamlarından birio idi ki, çinli musiqisevərlər üçün klassik Azərbaycan musiqisi ilə yanaşı, muğam sənəti ilə yaxından tanışlıq baxımından böyük fürsət yarandı.

Həsən RzayevinÇahargah” rapsodiyasının ifası zamanı əməkdar artist, tarzən Elçin Həşimovun nümayiş etdirdiyi ustalıq tamaşaçıların böyük marağına səbəb oldu.

Maestro NiyazininVals” və Musa Mirzəyevin “Azərbaycan” rəqsi canlı, təravətli musiqi effekti yaradaraq dinləyicilərə xoş ovqat bəxş etdi. Tarda Şubertin “Serenada”sını, kamançada Montinin “Çardaş”ını eşitmək isə Çin tamaşaçısı üçün sanki bir sürpriz oldu. Mükəmməl vahid orkestr kimi çıxış edən iki ölkənin musiqiçilərinin məharətli ifası tamaşaçıların sürəkli alqışları ilə müşayiət olundu. Çin folklor motivləri əsasında hazırlanmış musiqi nömrəsi də gecəyə xüsusi rəng qatdı.

Konsertin kulminasiyası isə Vasif Adıgözəlovun ürəklərə toxunanQarabağ şikəstəsi” oratoriyasının səslənməsi oldu. Xalq artisti Mənsum İbrahimov sanki Qarabağın harayını “Qarabağ şikəstəsi” ilə çatdırırdı. Salona toplaşanlar Azərbaycan muğamını uzun müddət ayaq üstə alqışladılar.

Beləliklə, Azərbaycan milli musiqisi çinli tamaşaçıları məftun etdi, milli musiqinin simfonik musiqi ilə uyğunlaşdırılması onları heyran qoydu.

Konsertdən sonra ÇXR Mədəniyyət Nazirliyinin nümayəndəsi Azərbaycanın Çindəki səfirliyinə bu konsertin təşkilində göstərdiyi köməyə görə təşəkkürünü ifadə etdi. Konserti izləyən rəsmilər Azərbaycan musiqiçiləri ilə görüşüb onlara bu cür yüksək bacarıqlarına görə minnətdarlıqlarını bildirdilər.

 

Şahin CƏFƏROV,

AZƏRTAC-ın xüsusi müxbiri

 

Azərbaycan. - 2015.- 2 iyun.- S.12.