Zirvələrə ucalan məşəl

 

Obaşdan Xızıya - I Avropa Oyunları məşəlinin gətiriləcəyi ünvana - zirvələrə sarı sevincqürur doğuran bir səfərə çıxırıq. Hamargeniş yolun rahatlığında xəyalən o qədər də uzaq olmayan yaxın keçmiş yada düşür. Darısqal və kələ-kötür bu yollarda minik maşınları nadir hallarda görünərdi, görünəni də sovetin köhnə avtomobilləri idi. İndi isə Xızı şosesində cərgə ilə sıralanıb gedən bir-birindən bahalı və yaraşıqlı xarici avtomobillərin sayı-hesabı yoxdur. Xəzərlə Qafqaz sıra dağları arasındakı bu yol tədricən dənizin sahilindən aralanaraq bahar çiçəkləri qonan yamacların döşündən zirvələrə sarı ucalır. Yol boyu gözəlliyi və zənginliyi ilə baxanı heyran qoyan rəngarəng çəmən çiçəkləri də sanki yazın gəlişindən daha çox ölkəni bürüyən bayram əhval-ruhiyyəsinə sevinirlər.

Bir saat keçməmiş Xızı rayonunun ərazisinə daxil oluruq. Giləzi qəsəbəsindən rayon mərkəzinə gedən yollar asfaltlanmış, yol nişanları yeniləri ilə əvəz edilmişdir. Ətrafda görülən abadlıq işləri göz oxşayırdı. Rayon mərkəzindəki inzibati və yaşayış binalarının fasadları da təmir edilmişdir.

Danışdığımız, görüşdüyümüz insanların hamısı səbirsizliklə məşəlin Xızıya gətiriləcəyi anı gözləyirdi. Ümumiyyətlə, burada gördüyümüz hər şey dağ rayonunun məşəl bayramına böyük ruh yüksəkliyi ilə hazırlaşmasından xəbər verirdi. Bayram təntənəsini səbirsizliklə gözləyən rayon ziyalılarından biri, “İlin ən yaxşı müəllimi” adına layiq görülən Fazil Məmmədov sevincini bizimlə belə bölüşdü:

- I Avropa Oyunları uşaqlardan tutmuş böyüyə kimi hər birimiz üçün unudulmaz, böyük məna kəsb edən tədbirdir. Bu bayram təntənəsi heç vaxt heç birimizin yadından çıxmayacaq. Belə bir günün sevincini yaşayanlar ömürlərinin sonuna kimi gördüklərini uşaqlarına, nəvələrinə danışacaqlar. Bu elə unudulmaz hadisədir ki, aradan illər, qərinələr ötsə belə, dəyərini itirməyəcək, əksinə, daha da əsrarəngiz xatirələr kimi daha hörmətlə, daha rəğbətlə yada salınacaq. 24 il əvvəl biz keçmiş SSRİ-nin tərkibində respublika idik, indi isə I Avropa Oyunlarına ev sahibliyi edən müstəqil ölkəyik. Bu, hər xalqa nəsib olan xoşbəxtlik deyil. Bütün işğallara, erməni faşistlərinin sülhə diş qıcamasına baxmayaraq, biz azğın düşmənin həmlələrinin qarşısını aldıq, atəşkəsə - kövrək sülhə nail olduq, özümüzü səfərbərliyə alıb uğurların yeni ünvanlarına üz tutduq. Mənəvi və iqtisadi intibahın zirvəsinə yüksəldik.

Günəş qüruba endikcə rayon mərkəzində qələbəlik artırdı. Məşəlin Xızıya gətiriləcəyi yolda getdikcə izdiham artır, uşaqlar, gənclər, müxtəlif yaşda insanlar bayram əhval-ruhiyyəsində küçələrə axışırdılar. Məşəlin keçəcəyi Heydər Əliyev küçəsinin hər iki tərəfində səkilər başdan-başa I Avropa Oyunlarının alov sevincini birlikdə qarşılamaq istəyənlərlə dolmuşdu. Hətta dayanmağa boş yer tapmaq mümkün deyildi.

“Hələ miladi tarixdən əvvəl min illər boyu yunanlar bu məşəlləri sülhün, barışın və idman oyunlarının rəmzi kimi daşıyıblar” - deyə yanımızda dayanan orta yaşlı bir nəfər dillənir.

- Tarixçisiniz? - deyə soruşuruq.

- Xeyr suvarma sistemində çalışıram, adım Fərruxdur. Sadəcə, mütaliəni çox sevirəm. I Avropa Oyunlarının ilk dəfə ölkəmizdə keçirilməsi bizdən daha çox Avropa üçün önəmlidir. Biz kimsənin ərazisinə soxulmadıq, kimsənin torpağını işğal etmədik. Lakin bu gün güclü dövlətlərin əksəriyyəti bizim əzəli torpaqlarımızda mövcudluğunu elan edən işğalçı dövləti dəstəkləyir, ona himayədarlıq edir. Bizim dövlətin başçısı ən yüksək tribunalardan qətiyyətlə və sərt şəkildə mövqeyini bildirib. Bir neçə gün bundan əvvəl qeyd etdiyimiz Respublika günündə Azərbaycan Prezidenti bir daha məsələyə münasibətini açıqladı. Biz - sıravi insanlar, bütün Azərbaycan xalqı belə hesab edirik ki, dünya haqlı deyil. Böyük dövlətlər nə qədər bizi biabırçı sülhə sürükləməyə cəhd etsələr, bir o qədər də milyonlarla insanın gözündə nüfuzlarını itirəcəklər, ədalətsiz görünəcəklər. Bu hadisələrin fonunda I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi əlamətdar hadisədir, bu, Qərbin sülhə sarı atdığı zəruri addımdır. Qafqaz regionunda Azərbaycan sülhə və barışa sədaqətli ölkə kimi bu tədbirə həqiqətən də layiqdir. Ona görə də biz bu tədbiri belə yüksək səviyyədə keçiririk, səbirsizliklə oyunların başlamasını gözləyirik.

Müxtəlif insanlarla danışdıqca vaxtın necə ötdüyünü hiss etmədik. Əllərində rəngbərəng şarlar tutan uşaqların da sevinci yerə-göyə sığmırdı. Budur, sülh göyərçinləri kimi qəfildən ucalan alqış səsləri ətrafa yayılır. Xızının girişində qurulmuş Oyunların rəmzi qapısından keçirilən məşəl minlərlə insanın intizarına son qoydu. Bütün ölkəni seyrə çıxıb, cənubdan və qərbdən keçərək Sumqayıtdan Xızıya qanadlanan məşəl idmançıların başı üstündə alışaraq yanırdı. I Avropa Oyunlarının sadə rəmzi qapısı bu axşam böyük çətinliklərdən keçərək evlərinə qələbə ilə dönən fatehlərin şərəfinə ucaldılan zəfər tağını xatırladırdı. Biz bacardıq! I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə nail olmaq bütün xalqımızın qələbəsidir.

Budur, Oyunların rəmzi qapısında idman ustası Ağəli Əsgərov məşəli qəbul edir. Məşəl irəlilədikcə, yol boyu onu görənlərin, bu müqəddəs alovun işığına sevinənlərin alqış sədaları göyə ucalır. Məşəldarlar 1,8 kilometrlik məsafəyə yürüşə çıxırlar. Daşınan məşəl C.Cabbarlı parkının yaxınlığında idman mütəxəssisi Variz Rzayevə ötürülür. Daha sonra Şamil İsmayılov, Eybulla Ələkbərov, Zülfüqar Qulamov bir-birlərini əvəzləyirlər. Məşəldarlar tədbirin yekun vurulacağı mənzilə yaxınlaşdıqca izdiham daha da gurlaşır.

Biz də özümüzə bir təhər yer tapıb izdihama qarışırıq. Bu xoşbəxt və qənirsiz anları yaşayan insanların nə düşündüklərini öyrənməyə çalışırıq. Respublikanın əməkdar müəllimi Xatirə Şahgəldiyeva sevincini bizimlə belə bölüşür:

- Ən yaxşı oxuyan şagirdlərimi bu gün bura dəvət etmişəm. Demişəm ki, bu sizin mükafatınızdır. Xızıda alovlanan bu məşəl Azərbaycanın bütün rayonlarını gəzib dolaşır. Buradan şimala gedəcək və Bakıya - sonuncu məkana dönəndə Avropa tarixində ilk idman oyunlarına start veriləcək. Bu şərəfli missiyanın ölkəmizə etibar edilməsindən qürur hissi keçirirəm.

Biz söhbət etdikcə sonuncu məşəldar - xızılıların yaxşı tanıdıqları idman ustası Elmik Məmmədhəsənov xüsusi səhnənin quraşdırıldığı Heydər Əliyev parkına daxil olur. Səhnəyə qalxan Elmik piyalə formalı məşəli alovlandırır. Sonra rəmzi çıraq Oyunlar sona çatanadək saxlanmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilir.

Respublikanın əməkdar müəllimi Arif Qazıyev bizimlə vidalaşarkən dedi:

- Əsas odur ki, biz dövlətimizə güvənirik, ölkəmizin işıqlı gələcəyi naminə çalışırıq. Bu birliyi qırmağa kimsənin gücü çatmaz. Əminik ki, idmançılarımız da əsl qələbə əzmi göstərəcək, xalqımızı qazandıqları medalların sevincinə şərik edəcəklər.

Daha sonra xızılı incəsənət ustalarının ifasında mahnılar səsləndi. Mərasim başa çatandan sonra məşəl Qusar rayonuna yola salındı.

 

Bahadur İMANQULİYEV,

Akif ƏLİYEV,

 

Azərbaycan. - 2015.- 2 iyun.-  S.7.