Dövlət Sosial Müdafiə Fondunun sədri Qaxda vətəndaşların müraciət və təkliflərini dinləyib

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

AZƏRTAC xəbər verir ki, iyunun 2-də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev qurumun Qax rayon şöbəsinin inzibati binasında bu rayondan, eləcə də Şəki, Oğuz, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib.

Fondun vəzifəli şəxslərinin və qurumun rayon şöbələri müdirlərinin iştirakı ilə “açıq qapı” şəraitində keçirilən qəbul zamanı bu rayonlardan olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların müraciətləri dinlənilib.

Vətəndaşların müraciətləri əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub. Qəbulda ümumilikdə 30-dan çox vətəndaşın müraciətinə baxılıb.

Fondun sədri E.Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin operativ həlli üçün qurumun müvafiq rayon şöbələrinin rəhbərlərinə və digər vəzifəli şəxslərə konkret tapşırıqlar verib. Müraciətlərin bir qismi DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib. Fondun sədri belə müraciətlərlə qəbula gələn vətəndaşlara həm hüquqi, həm də digər mümkün köməyin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara ünvanlanacağını bildirib.

Vətəndaşlar dövlət qurumlarının rəhbərləri tərəfindən yerlərdə mütəmadi olaraq keçirilən qəbulları yüksək qiymətləndirib, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

Azərbaycan. - 2015.- 3 iyun.- S.12.