Bölgələrdən paytaxta: Azərbaycanın mirvarisi İsmayıllı

 

 

İyunun 2-də Mədəniyyət və Turizm Nazirliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsmayıllı mədəniyyət və incəsənət günü keçirilib.

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində İsmayıllı rayonunun tarixini, xalq sənətkarlığını, kənd təsərrüfatını, yerli məhsullarını, təhsilini, incəsənətini, ədəbiyyatını, mətbəxini əks etdirən geniş sərgi ilə tanış olublar. Qonaqları bu sərgidə Mollaisaqlı kənd tam orta məktəbinin şagirdləri “Yaşa, Azərbaycan” mahnısı ilə salamlayıblar.

Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, mədəniyyət, incəsənət, elm xadimlərinin iştirak etdikləri tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov layihənin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, İsmayıllının təqdimatı “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində reallaşdırılan altıncı tədbirdir. Hər təqdimat özündən əvvəlkindən daha fərqli, mükəmməl keçirilir. Təsadüfi deyil ki, bu sərgiyə baxarkən insan özünü sanki gözəl təbiətin qoynunda hiss edir. Çünki İsmayıllının adı gələndə ilk növbədə Azərbaycanın təbii gözəllikləri yada düşür. İsmayıllının Basqal kəndinin adı isə UNESCO kimi nüfuzlu beynəlxalq təşkilatın sənədlərində yer alır. Nazir vətəni Basqal olan Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətlərinin olduğunu vurğulayıb.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin siyasətinin prioritet istiqamətlərindən biri olan multikulturalizm mühitinin qorunub saxlanmasına İsmayıllı rayonu bariz nümunədir. Bu, təqdim edilən sərginin rəngarəngliyində də öz əksini tapır. İsmayıllı Azərbaycanın turizm xəritəsində özünəməxsus yer tutur. O, Böyük İpək yolu üzərində yerləşən ən cəlbedici məkanlardan biridir. İlk Avropa Oyunlarına təşrif buyuracaq qonaqlar yəqin ki, İsmayıllını da görməyə imkan tapacaqlarbu onların Azərbaycan haqqında təəssüratlarını daha da zənginləşdirəcək.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışında ulu öndər Heydər Əliyevin İsmayıllını “Azərbaycanın mirvarisi” adlandırdığını xatırladıb. Qeyd edib ki, İsmayıllı tarixi keçmişi olan gözəl bir rayondur. Burada qədim adət-ənənələri olan kəndlər var. Bununla yanaşı, son illər həyata keçirilən infrastruktur layihələri rayonun simasına müasir cizgilər əlavə edir. İsmayıllı 2015-ci il üçün “Azərbaycanın gənclər paytaxtı” seçilib.

Sonra İsmayıllıdan bəhs edən sənədli film göstərilib.

Tədbir İsmayıllı incəsənət ustalarının konserti ilə davam edib. Musiqi çələngi Heydər Əliyev adına İsmayıllı Mədəniyyət Mərkəzinin “Niyalinstrumental ansamblının müşayiəti ilə təqdim olunub.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 3 iyun.- S.12.