İvitsa Daçiç: Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT üçün çox vacib məsələdir

 

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyəti ilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin (İB) mərkəzi qərargahında görüş keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə İB-nin idarə heyətinin sədri, icma rəhbəri Bayram Səfərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırki durumu haqqında qonağa məlumat verib. İcma rəhbəri iyirmi ildən artıqdır münaqişənin həlli ilə məşğul olan beynəlxalq qurumların ikili standartlara yol verdiyini və məsələnin həllində qətiyyətli mövqe göstərmədiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Azərbaycan xalqı münaqişənin həllində Prezident İlham Əliyevin tutduğu mövqeni dəstəkləyir.

İctimai Birliyin idarə heyətinin üzvləri - Milli Məclisin deputatları Rövşən RzayevElman Məmmədov, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Birliyin Əlaqələndirmə Şurasının sədri, dosent Elçin Əhmədov qeyd ediblər ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr, eləcə də bu ali qurumun sədrinin 7 bəyanatında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal çıxarılması qeyd olunsa da, Minsk qrupunun göstərdiyi səylər Ermənistanın işğalçılıq siyasəti yürütməsi ucbatından heç bir nəticə verməyib.

Diqqətə çatdırılıb ki, münaqişənin nizamlanması istiqamətində bütün beynəlxalq təşkilatların, xüsusilə BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyisuverenliyi qeyd olunub. Həmin qətnamələrdə münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həll edilməsi də əksini tapıb.

Bildirilib ki, güc tətbiqi ilə əldə edilmiş ərazilərdə xalqların öz müqəddəratını təyin etmək hüququ adı altında hakimiyyətin qanuniləşdirilməsi beynəlxalq hüquq prinsiplərinə ziddir. Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayana və münaqişə ədalətli həll edilməyənə qədər regionda uzunmüddətli sülhün və əməkdaşlığın bərqərar olması mümkün deyil. İnanırıq ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tapacaq, azərbaycanlı əhali doğma torpaqlarına qayıdacaq və iki icma arasında dinc yaşayış təmin olunacaq.

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Baş nazirinin müavinixarici işlər naziri İvitsa Daçiç Bakıda olmaqdan və İcmanın üzvləri ilə görüşün təşkilindən məmnunluğunu bildirib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT üçün çox vacib məsələdir.

Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsi üçün bu münaqişənin tezliklə sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayan İ.Daçiç bu istiqamətdə danışıqların davam etdirilməsinin zəruriliyini bildirib.

 

Azərbaycan. - 2015.- 3 iyun.- S.12.