Azərbaycan ilə Avstriya arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub

 

İyunun 2-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Avstriya Respublikasının Elm, Tədqiqat və İqtisadiyyat Federal nazirinin müavini, ölkələrimiz arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri xanım Bernadette Gierlinger ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yüksək səviyyəli dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin ölkələrarası münasibətlərə müsbət təsir göstərdiyini vurğulayan Baş nazir Artur Rasizadə Azərbaycan ilə Avstriya arasında mövcud siyasi, iqtisadi və mədəni əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini önə çəkdi. Baş nazir iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə, o cümlədən sənaye, nəqliyyat, turizm, kənd təsərrüfatı, humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün hər cür şəraitin olduğunu diqqətə çatdırdı.

Xanım Bernadette Gierlinger ölkəsinin çox böyük sürətlə inkişaf edən Azərbaycan ilə əməkdaşlığın gücləndirilməsinə xüsusi əhəmiyyət verdiyini qeyd etdi. Azərbaycan ilə Avstriya arasında əməkdaşlıq üzrə Komissiyanın 8-ci iclasında, həmçinin biznes forumun işində iştirak etmək üçün Bakıya gəldiyini bildirən qonaq, azərbaycanlı həmkarları ilə geniş fikir mübadiləsi aparıldığını və ikitərəfli ticarət əlaqələri, turizm, sənaye, enerji və bərpa olunan enerji, informasiyakommunikasiya texnologiyaları sahələrində gələcək əməkdaşlığa dair səmərəli danışıqlar aparıldığı barədə Baş nazirə ətraflı məlumat verdi.

Sonda Bakıda keçiriləcək ilk Avropa Oyunlarının təşkilində Azərbaycan hökumətinə uğurlar diləyən xanım Bernadette Gierlinger Avstriyanın bu yarışlarda 145 idmançı ilə təmsil olunacağını diqqətə çatdırdı.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikası tərəfdən hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov görüşdə iştirak edirdi.

 

Azərbaycan. - 2015.- 3 iyun.- S.11.