Elmar Məmmədyarov: ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı sülhə məcbur etmək üçün bu ölkə barəsində tədbirlər görməlidirlər

 

Rusiyada çıxan “Nezavisimaya qazeta” nəşrində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun “Azərbaycan sülhə can atır” sərlövhəli müsahibəsi dərc olunub.

Nezavisimaya qazeta”nın şərhçisi Viktoriya Panfilovanın suallarına cavab verən Elmar Məmmədyarov Rusiya-Azərbaycan münasibətlərindən, Azərbaycan dövlətinin siyasətindən, habelə tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ölkənin necə hazırlaşmasından danışıb.

Azərbaycan xarici siyasət idarəsinin başçısı bildirib ki, Azərbaycan beynəlxalq məkanda beynəlxalq hüquq normalarına və prinsiplərinə əsaslanan müstəqil, fəal və çevik xarici siyasi kurs yeridir. Dövlətlərarası münasibətlərdə də Azərbaycan daim qanunun aliliyinə və dövlətlərin öz öhdəliklərinə riayət etmələri prinsiplərinə sadiq qalır. Nəticədə Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir, getdikcə daha çox dövlət onunla sıx əməkdaşlıq etmək istəyir.

Nazir deyib: “Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan ərazilərinin təqribən 20 faizinin Ermənistan tərəfindən işğalına son qoyulması, Azərbaycan ərazilərinin suverenliyinin beynəlxalq miqyasda tanınmış sərhədlər çərçivəsində təmin edilməsi bu gün Azərbaycanın xarici siyasəti qarşısında duran ən əsas məsələdir”. O vurğulayıb ki, beynəlxalq hüququn norma və prinsiplərini və BMT Nizamnaməsini kobud şəkildə pozan Ermənistan Azərbaycana hərbi təcavüz edib. Nəticədə Azərbaycan ərazilərinin təqribən 20 faizi işğal edilib, bir milyondan çox azərbaycanlı amansız etnik təmizləməyə məruz qalıb. E.Məmmədyarov bildirib: “Erməni silahlı qüvvələri bütün mövcud hüquq normalarını pozmaqla bərabər, hərbi təlimlər də keçirir. Bu təlimlərdə Yerevandan yüksək vəzifəli rəhbərlər iştirak edirlər. SuriyadanLivandan olan qaçqınları israrla işğal edilmiş torpaqlarda məskunlaşdırmaq cəhdləri də davam etdirilir. Bütün bu bəsirətsiz addımlar və mənfi elementlər münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların gedişatını ciddi şəkildə çətinləşdirir”.

Nazir xüsusi qeyd edib ki, ilk növbədə Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmalıdır. O deyib: “BMT-nin dörd qətnaməsində Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb olunur. Təəssüf ki, artıq 20 ildən çoxdur ki, bu tələblər yerinə yetirilmir, çünki Ermənistan onlara sadəcə məhəl qoymur”.

Azərbaycan nazirinin fikrincə, ötən il danışıqlar prosesi Azərbaycan və Ermənistanın prezidentləri səviyyəsində yetərincə intensiv olub. E.Məmmədyarov deyib: “ATƏT-in Minsk qrupunun həmsədrlərinin təkidlə böyük sülh sazişi üzərində işə başlamağa çağırmalarına baxmayaraq, bu işi yerindən tərpətmək mümkün olmayıb, çünki Ermənistan həmin çağırışları qulaqardına vurub. Azərbaycan dəfələrlə böyük sülh sazişi üzərində işə başlamağa hazır olduğunu bildirib. Hesab edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri sülhməramlı missiyalarında bu münaqişənin həlli prosesində irəliləyişə nail olmaqdan ötrü Ermənistanı sülhə məcbur etmək üçün onun barəsində tədbirlər görməlidirlər. Beynəlxalq asayişin kobud pozucularına belə yanaşmanın çoxsaylı nümunələrini gətirmək olar”.

Azərbaycanın xarici-siyasi fəaliyyətinin prioritetlərindən danışan nazir dost ölkələrlə əməkdaşlığın genişlənməsini və möhkəmlənməsini, ölkənin iqtisadi maraqlarının, energetika və nəqliyyat strategiyasının təşviq olunmasını, Azərbaycan haqqında həqiqətlərin dünya birliyinə çatdırılmasını, mədəni və humanitar diplomatiyanın inkişafını, xarici ölkələrdə Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiə olunmasını və Azərbaycan diasporu ilə əlaqələri vurğulayıb.

Müsahibəsində Rusiya-Azərbaycan münasibətlərinə xüsusi diqqət yetirən E.Məmmədyarov deyib: “Bu gün Rusiya ilə bir çox tərəfdaşlıq münasibətlərinin sınaqdan keçirildiyi bir vaxtda Azərbaycan ilə Rusiya arasında münasibətlər intensiv inkişaf edirbütün sahələri əhatə edir. Bizim əlaqələrimiz qarşılıqlı ehtirama və qarşılıqlı əməkdaşlığa söykənir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Biz ərzaq məhsulları, kənd təsərrüfatı xammalı, metal, oduncaq, avadanlıq, nəqliyyat vasitələri, sellüloz-kağız məmulatı alırıq. Azərbaycanın Rusiyaya ixracında mineral xammal, toxuculuq məmulatı, pambıq, kənd təsərrüfatı malları üstünlük təşkil edir. Azərbaycanda 500 Rusiya şirkəti qeydiyyata alınıb. Bunların 200-ü yüz faiz Rusiya kapitalı, 300-ü müştərək müəssisə formatında fəaliyyət göstərir. Rusiyanın ən iri istehsalçıları və şirkətləri arasında “Qazprom”, “LUKoyl”, “KamAZ” və “VTB”-nin adlarını çəkmək olar.

Nazir terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni və turizm sahəsində əməkdaşlığı da yüksək qiymətləndirərək deyib: “Qarşılıqlı səfərlərin intensivliyi, Azərbaycan mədəniyyətinin və mətbəxinin təbliği, ölkələrimiz arasında tələbə mübadiləsi bizi yalnız sevindirir. Qeyd edim ki, Azərbaycanın 120 minlik rus icması Cənubi Qafqazda ən böyük rus icmasıdır. Ruslar Azərbaycanın layiqli vətəndaşlarıdır və ölkəmizin inkişafına böyük töhfə verirlər”.

Bakıda Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı suala cavab verən nazir deyib: “Əvvələn, Soçi Olimpiadasının uğurla keçirilməsinə görə rusiyalıları təbrik etmək istərdim. Çox gözəl və möhtəşəm tədbir idi. Biz Rusiyanın uğurlarına, rusiyalı idmançıların qələbəsinə çox sevinirdik. İndi biz artıq birinci Avropa Oyunlarının astanasındayıq. Bu tədbir ilk dəfə keçirilir. Biz Oyunları ən yüksək səviyyədə keçirməyə çalışırıq. Olimpiya Xartiyasına görə, Azərbaycan öz zəngin təcrübəsinə söykənərək Avropa Oyunlarını təşkil etməklə, təkcə Avropada deyil, həm də onun hüdudlarından uzaqlarda sülhə, sabitliyə, çiçəklənməyə, dostluğa, mədəniyyətlərarası və dinlərarası dialoqa xidmət edir. Bu, yetərincə irimiqyaslı Oyunlar olacaq. Biz idmanın 20 növündə yarışacaq 6 mindən çox idmançı qəbul edəcəyik. Onları 3 mindən çox adam müşayiət edəcək. Qeyd etmək istərdim ki, biz Rusiyadan, özü də təkcə Moskvadan deyil, regionlardan da 150 KİV nümayəndəsinin gələcəyini gözləyirik. Rusiyalı jurnalistləri, idmançıları və azarkeşləri Bakıda görməyə çox şad olacağıq”.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan. - 2015.- 3 iyun.- S.11.