Əlilliyi olan insanlar dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə ediliblər

 

Əlilliyi olan insanlara Prezident İlham Əliyevin böyük diqqət və qayğısı nəticəsində 2013-cü ilin dekabrında əsaslı təmirdən sonra istifadəyə verilən Yeni Ramana qəsəbəsindəki Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində indiyədək 450 nəfər peşə reabilitasiyasına cəlb edilib. Hazırda müvafiq kateqoriyadan olan 140-a yaxın gənc burada peşə təlimi keçir. Mərkəzdə məşğələlər kompüter istifadəçisi və dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq və digər peşələr üzrə təcrübəli müəllimlər tərəfindən aparılır. Bölgələrdən peşə təliminə cəlb olunanlar mərkəzdə dövlət hesabına bütün müvafiq xidmətlərlə təmin edilirlər. Bu gənclərin istedadlarının cəmiyyətə təqdim olunması üçün onların əl işlərindən ibarət sərgilər keçirilir, habelə gənclər üçün müxtəlif gəzintilər və ekskursiyalar təşkil olunur. Peşə təlimini bitirənlərin məşğulluğunun təmini üçünmüvafiq işlər aparılır.

AZƏRTAC xəbər verir ki, bu faktlar Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədovun və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun iyunun 2-də Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təlimi keçən gənclərlə görüşü zamanı açıqlanıb.

Baş nazirin müavini dövlət başçısı tərəfindən yüksək səviyyədə davam etdirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycanın sürətli tərəqqisinə səbəb olduğunu, həmçinin sosial sahədə də mühüm nailiyyətlərə imkan yaratdığını vurğulayıb. O, ölkəmizdə müasir tələblərə cavab verən belə bir mərkəzin fəaliyyət göstərməsini əlil şəxslərin sosial müdafiəsi ilə bağlı aparılan məqsədyönlü siyasətin növbəti bariz təzahürü kimi dəyərləndirib.

Əli Əhmədov bildirib ki, YAP öz fəaliyyətində daim gənclərlə bağlı layihələrə, xüsusilə sağlamlıq imkanları məhdud gənclərin sosial müdafiəsi tədbirlərinə mühüm yer ayırır. Bu fəaliyyətin davamı olaraq YAP tərəfindən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə 24 yerlik avtobus hədiyyə olunub.

Sağlamlıq imkanları məhdud gənclər bu qayğıya görə partiyanın rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Əli Əhmədov və Səlim Müslümov daha sonra ƏƏSMN-in Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzinə gəliblər. Mərkəz Sumqayıt şəhərində və ətraf rayonlarda yaşayan 16 yaşdan yuxarı əlilliyi olan şəxslərə kompleks tibbi-sosial reabilitasiya xidməti göstərir. Burada dərman preparatları ilə yanaşı, səmərəli fizioterapevtik müalicə prosedurlarından da geniş istifadə olunur.

Bildirilib ki, hazırda nazirliyin Bakıda və respublikanın bölgələrində ümumilikdə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Ötən il 7837 nəfər, cari ilin ilk rübündə isə 1227 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərilib. Bu müəssisələrdə müasir tələblərə uyğun xidmət şəraitinin yaradılması üçün müvafiq işlər görülür. Respublika Əlillərin Bərpa Mərkəzi əsaslı təmir olunub. Bakı Protez-Ortopedik Bərpa Mərkəzində, Mərdəkan Müalicə Pansionatında, Bakı Şəhər Uşaq Bərpa Mərkəzində isə əsaslı təmir işləri davam edir. Nazirliyin digər bölgələrdəki bir sıra bərpa mərkəzlərinin də əsaslı təmir olunması nəzərdə tutulur. “Təmir işləri başa çatdırıldıqdan sonra biz bu müəssisələri müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz edəcəyik. Bununla bərabər, həmin müəssisələrdə sosial reabilitasiya yönümlü xidmətlər şəbəkəsini genişləndirməyi də nəzərdə tuturuq” - deyə nazir bildirib.

Sonra hökumət rəsmiləri Sumqayıt şəhərindəki 12 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının yeni inzibati binasının açılışında iştirak ediblər. Onlar Tibbi-Sosial Ekspert Komissiyası üçün yaradılmış şəraiti ilə tanış olub, müayinə cihazlarına, göstərilən tibbi-sosial ekspertiza xidmətinə baxıblar. Komissiyanın əməkdaşlarına əhaliyə xidmətin layiqincə və şəffaf şəkildə həyata keçirilməsi, əlilliyi olan şəxslərin reabilitasiyası işinin bərpa-müalicə müəssisələri ilə əlaqəli təşkili barədə tapşırıqlar verilib.

Paralimpiya İdman Kompleksində isə əlilliyi olan idmançıların təlim-məşq toplanışlarının təşkili, beynəlxalq yarışlara hazırlaşmaları üçün yaradılmış şərait nəzərdən keçirilib. Kompleksdə müasir avadanlıqla təchiz olunmuş akt salonu, trenajor, əl oyunları, böyükkiçik atıcılıq zalları, açıq futbolvoleybol meydançaları, qapalı üzgüçülük hovuzu var. Binada əlilliyi olan şəxslərin sərbəst, maneəsiz hərəkəti, müxtəlif idman növləri ilə məşğul olmaları üçün lazımi şərait mövcuddur. Hazırda paralimpiyaçılar kompleksdə “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlaşırlar.

Əli Əhmədov və Səlim Müslümov Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində də olublar. Müəssisədə uşaqlar üçün yaradılan şəraitlə, onların reabilitasiyası üçün aparılan işlərlə maraqlanıblar.

Bildirilib ki, hazırda belə bir müəssisə Bakının Şağan qəsəbəsində də fəaliyyət göstərir. Bu müəssisələrdə ümumilikdə 300-dən çox uşaq tam dövlət təminatında yaşayır. Son illər Heydər Əliyev FondununUşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində hər iki sosial xidmət müəssisəsində əsaslı təmir və yenidənqurma işləri aparılıb, uşaqların normal yaşayışı, çoxşaxəli və səmərəli reabilitasiya tədbirlərinə cəlb olunmaları üçün ən müasir tələblərə uyğun şərait yaradılıb.

 

Azərbaycan. - 2015.- 3 iyun.- S.10.