Bakı Avropa
Oyunlarında bütün maneələri aşacaq
Fransanın www.francsjeux.com saytında “Bakı Avropa Oyunlarında bütün maneələri aşacaq” sərlövhəli məqalə yerləşdirilib.
Açılış mərasimindən iki həftə əvvəl “I Avropa Oyunları Bakıda davamlı iz buraxacaqmı” sualına artıq ehtiyac qalmadığını qeyd edən müəllif Oyunların ölkənin idman infrastrukturu sahəsində zəngin irs qoyacağını diqqətə çatdırıb.
Bildirilib ki, ilk Avropa Oyunlarının yarışlarının keçiriləcəyi məkanlarda fiziki qüsurlu insanların rahatlığı da nəzərə alınıb. Bu, Oyunlara hazırlığın ilk dövrlərindən diqqətdə saxlanılan prioritet məsələlərdən olub. “Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin “Bütün tamaşaçılara eyni xidmət və münasibət göstərilməlidir” söylədiyini yazan müəllif, olimpiya oyunlarından fərqli olaraq, “Bakı-2015”də paralimpiya oyunları ilə bağlı heç bir maneənin olmadığını xüsusi vurğulayır. Bildirilir ki, Oyunlara hazırlıq başlayandan təşkilatçılar yarışların olimpiya oyunları səviyyəsində təşkili üçün səylərini əsirgəməyiblər. Məqsəd Azərbaycan paytaxtında keçiriləcək digər böyük beynəlxalq yarışlar üçün zəngin irs formalaşdırmaqdır.
Məqalədə vurğulanır ki, mayın ortalarında avstriyalı Nik Morris paralimpiya oyunları üçün şəraiti qiymətləndirmək üçün Bakıya səfər edib. Onun səfəri zamanı gördükləri ilə bağlı fikirlərini bölüşərkən söylədiyi aşağıdakı fikirlər yazıda xüsusi qeyd olunub: “Bütün tamaşaçılar - yaşlı və fiziki qüsurlu şəxslər ilk Avropa Oyunlarının yarışlarını rahatlıqla izləyə biləcəklər. Onların nəqliyyatla təmin edilməsi, yarış meydanlarına gəlməsi, tribunalarda yerləşməsi üçün hər cür imkanlar təmin edilib. Təşkilat Komitəsi əlillər və onları müşayiət edən şəxslərin I Avropa Oyunlarının yarışlarını pulsuz izləyə bilmələri üçün bütün şəraiti yaradıb.
Məqalənin tam mətnini aşağıdakı link vasitəsilə oxumaq mümkündür:
http://www.francsjeux.com/
2015/05/29/a-bakou-les-jeux-europeens-feront-tomber-les-barrieres/19889
AZƏRTAC
Azərbaycan. - 2015.- 3 iyun.- S.9.