İnkişaf və sabitlik adası dünyaya
"xoş gəldin" deyir
Avropa idmanına Azərbaycan töhfəsi
Bütün ölkə baş şəhərimiz olan Bakıda reallaşacaq I Avropa Oyunlarının, möhtəşəm idman bayramının keçiriləcəyi günü böyük səbirsizliklə gözləyir. Həmin gün isə onsuz da par-par yanan işıqları ilə zülmət gecələrin bağrını yaran Bakı şəhəri daha da nurlanacaq. Bütün ölkəmizi dolaşıb yenidən paytaxtda qərarlaşacaq məşəl də nura nur qatacaq.
Amma çox-çox təəssüflər olsun ki, hələ də işıqdan qorxan, məmləkətimizin uğurlarından, bütün sahələrdə gedən inkişafından, dünyanın ən ali tribunalarında söz sahibi ola bilməsindən təşvişə düşən, vəsvəsə keçirən az sayda da olsa fərdlər mövcuddur. Antiazərbaycançı mövqe tutan bu kəsimlərin içlərini qurd kimi gəmirib yeyən, onsuz da yatanda yalnız bəd röyalar gördükləri (əgər gözlərində nur varsa) yuxularını ərşə çəkən isə hələ də bəsirətsizlikləri ucbatından bir sıra suallara cavab tapa bilməmələridir. Bunlardan ilki, bəlkə də ən birincisi I Avropa Oyunlarının nə üçün dövlət müstəqilliyini yenicə bərpa etmiş bir müsəlman dövlətində keçirilməsinə qərar verilməsidir. Axı nə səbəbdən Avropanın beşiyi sayılan onlarla ölkə qala-qala, bu tədbir məhz Azərbaycanda keçirilməlidir?
Bu sualın I Avropa Oyunlarının reallaşdırılacağı coğrafi məkanla bağlı hissəsinə hələ keçən ilin sonlarında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Avropa və Asiya qitələrinin sərhədi Azərbaycandan keçir” mövzusunda keçirilən elmi konfransda cavab verilib.
Konfransda çıxış edən Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov xatırladıb ki, Avropa Oyunlarının Bakıda keçirilməsi təkcə Azərbaycanın sosial-iqtisadi inkişafı ilə əlaqədar deyil. Onun sözlərinə görə, burada vacib amillərdən biri kimi ölkəmizin ərazisinin bir hissəsinin Avropa qitəsinə düşməsi də nəzərə alınıb. Qonaqların əksəriyyəti bu tədbirin nə üçün Azərbaycanda keçirilməsi ilə maraqlanacaqlar. Biz gələn qonaqlara tariximizi, mədəniyyətimizi, iqtisadi nailiyyətləri göstərməklə bərabər, onlara vətənimizin coğrafiyasını da anlatmalı, suallara tutarlı cavablar verməli və iki qitənin coğrafi sərhədinin vaxtilə yanlış müəyyənləşdirildiyini sübut etməliyik. Mövzu üzrə dünya alim və ekspertlərinin əksəriyyətinin rəyi və bizim araşdırmalarımız Qafqaz bölgəsində Avropa və Asiya qitələri sərhədinin şimalda Kuma-Manıç çökəkliyindən deyil, Baş Qafqaz sıra dağlarının suayrıcı xətti ilə və sonra Abşeron yarımadası boyunca keçdiyini göstərir. Bu halda ərazimizin təxminən 12 faizi Avropa qitəsində yerləşir. Bununla da Azərbaycan transkontinental, yəni ərazisi iki qitədə yerləşən ölkə statusuna malik olur ki, bu da ölkəmizin Rusiya (23 faiz) və Türkiyə (3 faiz) kimi Avropa ölkəsi sayılmasına və Avropa Oyunlarının Bakıda keçirilməsinə tam əsas verir.
Vacib məqamlardan
biri kimi bu öz yerində. Məsələyə
başqa tərəfdən
yanaşaq: antiazərbaycançı
qüvvələrin bəlkə
Azərbaycanın çoxtərəfli
əməkdaşlıq və
münasibətlərindən xəbərləri yoxdur? Əgər tısbağa kimi qınlarına çəkilib
özlərinə lazım
olandan başqa digər gözəllikləri
görə, dəyərlərə
qiymət verə bilmirlərsə, onda heç olmasa hərdən buqələmun
xislətlərindən də
çıxış etməkdə
özlərində güc
(əgər varsa) tapsınlar. Bəlkə işıqlı
həyata açılım
etməklə vizual da olsa rəngləri
dəyişmiş olar.
Amma nə yazıq ki, bu da
onlarda alınmır.
Çünki baş-başa verib
Azərbaycan əleyhinə
bəd niyyətlərini
ortalığa qoyan bu kəslər toplum olaraq heç
nələri ilə bir-birindən seçilmirlər.
Beləliklə də nə
rəngləri dəyişir,
nə də xasiyyətləri. Ancaq qaranlığa
kökləndiklərindən işığa çıxanda
da onlar üçün hər yer boz və
solğun görünür.
Nə yaxşı
ki, hələ də dünya yaxşılardan, xeyirlə
şəri bir-birindən
ayırmaq qabiliyyəti
olanlardan xali deyil. Qaragüruhçuluğu ilə öyünən, yaxşı əməllərə
pis don geyindirməyi özünə peşə
seçən antiazərbaycançı
qüvvələrlə yanaşı
özündə yüksək
dəyərləri birləşdirən
şəxslər də
az deyil.
Unutmaq lazım deyil ki, I Avropa Oyunlarının
keçiriləcəyi ölkə
ilə bağlı seçim edilən zaman insanlar yalnız Azərbaycana səs verməyiblər.
Onlar səslərini iqtisadi inkişafa, tolerantlığa,
sabitliyə, əmin-amanlığa,
yeniliyə, modernləşməyə
veriblər. Bu əminliyin nüvəsində
dayanan başlıca səbəblərdən biri
isə dövlətin
başında həmişə
öz vətəndaşının
yanında olan, yaranan situasiyadan asılı olmayaraq sözünü tutmağı
bacaran dövlət başçısının olmasıdır.
Avropa məkanına
daha sıx inteqrasiyanın zəruriliyi
mövqeyindən çıxış
edən ölkəmiz
Avropa Birliyi ilə çoxşaxəli
qarşılıqlı əlaqələr
yaradıb. Azərbaycanın AB ilə münasibətləri
TACİS, TRACECA və s. kimi
müxtəlif proqramlar
çərçivəsində inkişaf etdirilir. 1996-cı ildə Azərbaycan ilə Avropa Birliyi arasında 1999-cu ildən qüvvəyə minmiş
Tərəfdaşlıq və
Əməkdaşlıq sazişi
imzalanıb. Bu saziş siyasi dialoq, demokratiyanın qurulmasına kömək,
eləcə də iqtisadi əməkdaşlıq
və sərmayələrin
qoyuluşunu nəzərdə
tutur. 2004-cü ildə Avropa Birliyinin Şərqə doğru genişləndirilməsi
ilə Azərbaycan Cənubi Qafqaz ölkəsi olaraq, “Genişləndirilmiş Avropa”
təşəbbüsü çərçivəsində AB-nin “Yeni qonşuluq
siyasəti”nə daxil
edilib. Bu isə ölkəmizin Avropa Birliyilə əməkdaşlığı daha da inkişaf
etdirərək yeni keyfiyyət mərhələsinə
qaldırması üçün
zəmin yaradır.
Avropa institutlarına
inteqrasiya Azərbaycanın
xarici siyasətinin başlıca prioritetlərindən
biridir. Bu səbəbdən
Azərbaycan 2001-ci ildən
üzv olduğu Avropa Şurası ilə əməkdaşlıqda
öz milli qanunvericiliyinin yüksək
beynəlxalq standartlara
uyğunlaşdırılması istiqamətində tədbirlər
görür. Belə
ki, Azərbaycan milli qanunvericiliyinin demokratikləşdirilməsinə kömək göstərən
AŞ-nin Venesiya Komissiyası ilə sıx əlaqələr qurmuş, Avropa Şurasının başlıca
sənədi sayılan
İnsan Hüquqları
və Əsas Azadlıqlarının Qorunması
üzrə Konvensiyası
və onun Protokollarını 25 yanvar
2001-ci il tarixində imzalamış, 15 aprel
2002-ci ildə isə onları ratifikasiya etmişdir. Azərbaycan nümayəndə heyəti Avropa Şurası çərçivəsində,
ilk növbədə bu
təşkilatın Ermənistan-Azərbaycan
münaqişəsinə dair
ədalətli mövqeyinin
formalaşdırılmasında məqsədyönlü və
məhsuldar fəaliyyətilə
seçilir.
Azərbaycanın Avratlantik məkanında təhlükəsizliyinin başlıca
elementlərindən olan
NATO ilə münasibətlərinə
gəldikdə isə
qeyd etmək lazımdır ki, ölkəmiz “Sülh naminə tərəfdaşlıq”
proqramına elə onun təqdim edildiyi 1994-cü ildə
ilk qoşulanlardan olmaqla,
Avratlantik Tərəfdaşlıq
Şurasında öz
yerini tutub. O dövrdən
etibarən Azərbaycanın
alyansla əməkdaşlığı
uğurla inkişaf etməkdədir. Planlaşdırma və analiz
prosesi və Fərdi Tərəfdaşlıq
Proqramı çərçivəsində
fəaliyyət, eləcə
də Azərbaycan hərbçilərinin NATO-nun başçılığı
ilə Kosovodakı sülhməramlı əməliyyatlarda
iştirakını buna
bariz nümunə kimi göstərmək olar.
Həm nisbətən yaxın olmayan tarixdə, həm də müasir dövrdə qarşılaşdığı erməni terrorçuluğu
timsalında bu bəlanın nə olduğunu tam dərk edən Azərbaycan 2001-ci
il sentyabr ayının 11-dən ABŞ-ın
rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının fəal
üzvü olaraq, terrorçuluğun qlobal təhdidlərinə qarşı
mübarizəyə öz
töhfəsini verməkdədir.
Belə ki, azərbaycanlı sülhməramlılar Əfqanıstan
və İraqda həyata keçirilən
sülhməramlı əməliyyatlara
qoşulub.
1993-cü ildən MDB-nin üzvü olan Azərbaycan bu təşkilat çərçivəsində öz müstəqilliyini möhkəmləndirmək və
mehriban qonşuluq zonası yaratmaq məqsədi güdür. MDB həmçinin
ətraf mühitin qorunması, elmi və mədəni əməkdaşlıq, eləcə
də qanunsuz dövriyyələrə və
cinayətkarlığa qarşı
mübarizədə səylərin
uyğunlaşdırılması və s. bu kimi
sahələrdə fəaliyyətin
nizama salınması üçün çərçivə
kimi çıxış
edir.
Azərbaycanda ən böyük nemətlərdən biri ölkəmizdə sabitliyin,
əmin-amanlığın olmasıdır. Prezident İlham Əliyevin
ifadə etdiyi kimi, “Azərbaycan dünyada sabitliyin, əmin-amanlığın bərqərar
olduğu bir adadır”.
Ölkəmizdə ən mühüm
amillərdən biri də hər şeydən
əvvəl insan həyatına ən
başlıca dəyər kimi qiymət
verilməsidir. Bunun isə əvəzi yoxdur. Mövcud sabitlik digər dəyərlərin
yaranması üçün həlledici əsasa
çevrilib. Ölkənin iqtisadiyyatı
inkişaf edib və bu inkişaf nəticəsində
insanların həyatı köklü surətdə
dəyişib. Digər sferalarda da böyük uğurlar əldə olunub.
Beləliklə də sözün həqiqi
mənasında ölkəmiz dünyanın diqqətini cəlb
edən diyara çevrilib.
Azərbaycan bu gün
təkcə iqtisadiyyatı ilə yox,
yeniləşməsi, modernləşməsi ilə də seçilir. Hazırda ölkəmizdə
insanların həyat səviyyəsinin daha
da yüksəlməsi üçün
bütün işlər görülür.
Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasət
məhz bu məqsədlərə xidmət
edir. Bütün dünya bunları görür, dünyada Azərbaycana
diqqət artıb. Ərazisi və əhalinin sayına görə
böyük olmasa da, regiondakı liderliyi və
dünya siyasətində oynamağa
başladığı rol
baxımından Azərbaycanı kiçik
dövlət hesab edənlər
yanılırlar.
Əli
SƏLİMOV,
Azərbaycan. - 2015.- 3 iyun.- S.8.