Azərbaycan nəyə qadir olduğunu göstərir

 

 

2012-ci ilin dekabrında İtaliyanın paytaxtı Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edildi.

Avropa Olimpiya Komitəsinin üzvü olan 49 Milli Olimpiya Komitəsindən 48-nin iştirakı ilə keçirilən gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf qalmaqla I Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verildi. Belə bir idman yarışmasının ölkəmizdə keçirilməsi barədə qərarın qəbulu Azərbaycanın beynəlxalq aləmdə nüfuzu, getdikcə artan reytinqi və əlaqələrinin genişlənməsi həlledici rol oynadı.

Sözsüz ki, Avropa Olimpiya Komitəsinin qərarı hər bir azərbaycanlıda qürur hissi doğurur. Belə ki, bir çox toplantılara, konfranslara, böyük idman yarışlarına ev sahibliyi edən Azərbaycan iyunun 12-də bir daha dünyanın diqqət mərkəzinə çevriləcək və Avropa Oyunlarının tarixi Bakıda yazılacaq. Bu yarışmalar bundan sonra hansı ölkədə keçirilməsinə baxmayaraq onun təməlinin Azərbaycanda qoyulması xüsusi qeyd ediləcək.

Avropa Oyunlarında qitənin 6 mindən çox idmançısı idmanın 20 növü üzrə yarışlarda mübarizə aparacaq. Bu yarışma Asiya Oyunları, Pan-Amerika Oyunları, Ümum-Afrika Oyunları və Sakit Okean Oyunlarından sonra Avropada keçiriləcək ilk qitə Oyunlarıdır. Bu isə o deməkdir ki, Avropada belə Oyunların təməli və tarixi Azərbaycandan başlayacaq. Bu da təsadüfi deyil.

“Dövlətin gücünü nə müəyyən edir” sualına indiki zamanda cavab birmənalıdır - iqtisadi qüdrəti! Ölkənin güclü olmasının bir sıra şərtləri var. Məsələn, demokratik idarəetmə sistemi, güclü ordu, əhalinin təhsil səviyyəsi, sosial təminatı və s. Ancaq bütün bu amillərin hamısı iqtisadi inkişafla sıx bağlıdır. Əgər dövlət iqtisadi inkişafını təmin edə bilməzsə, qeyd edilən digər şərtlərin heç birində uğur qazanmaq mümkün deyil.

Ötən əsrin axırlarında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkənin qüdrətini təmin etmək üçün ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə ilk növbədə yeni şəraitə uyğun, mütərəqqi təcrübələrə əsaslanan iqtisadi strategiya işlənib hazırlandı. Ardınca ölkəmizdə aparıcı sahə olan neft sənayesini dirçəltmək üçün “Əsrin müqaviləsi” imzalandı. Bu sazişin reallaşması sayəsində ölkəmiz digər sahələrin inkişafına lazım olan vəsaiti əldə etdi. Ən başlıcası isə, həmin vəsaitdən düzgün istifadə olundu. Çünki neft hasil edən bir çox ölkələrin timsalında acı təcrübə var idi. Həmin ölkələr neft kapitalından səmərəli istifadə etmədikləri üçün iqtisadiyyatsosial sferada uğurlu nəticələr əldə edə bilməmişlər. Azərbaycanda isə həyata keçirilən düzgün iqtisadi siyasət nəticəsində iqtisadiyyatın və sosial həyatın əksər sahələrində böyük nailiyyətlər qazanıldı.

İqtisadi inkişafın dinamikasını özündə ən yaxşı əks etdirən parametrlərdən birincisi dövlət büdcəsidir. 1995-ci ildə Azərbaycanın dövlət büdcəsi cəmi 300 milyon dollar idisə, 2000-ci ildə 1 milyard dollara çatmışdı. İndi Azərbaycanın dövlət büdcəsi 20 milyard manatdan çoxdur. Üstəlik, 50 milyard dollardan artıq valyuta ehtiyatımız var.

Hər bir ölkənin inkişaf etmiş dövlətlər sırasına daxil edilməsində önəmli faktorlardan biri də mükəmməl infrastrukturun olmasıdır. Azərbaycanda son 10 ildə müasir infrastruktur layihələri həyata keçirilib. İndi nəinki Bakıda, eləcə də bölgələrdə dünya standartlarına cavab verən infrastruktur mövcuddur.

Dünyada nəhəng idman yarışlarına ev sahibi seçilərkən də məhz sadaladığımız amillər nəzərə alınır. Məhz bu baxımdan ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar təsadüfi verilməyib.

Artıq Azərbaycanda müasir standartlar səviyyəsində idman qurğuları, istənilən beynəlxalq yarışları keçirməyə imkan verən mükəmməl oyun meydançaları var. I Avropa Oyunlarının keçiriləcəyi bütün arenalar da idmançı və tamaşaçıları qəbul etməyə hazırdır.

Prezident İlham Əliyev “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin alovlandırılması zamanı keçirilən təntənəli tədbirdə ölkədə bu yarışlarla bağlı görülən hazırlıq işləri barədə demişdir: “Bunlarla bərabər, son illər ərzində Azərbaycanda müasir idman infrastrukturu yaranmışdır. Azərbaycanın bölgələrində 40-dan çox Olimpiya idman mərkəzləri yaradılmışdır. Bakı şəhərində yaradılan və əsaslı şəkildə təmir edilən bütün idman obyektlərimiz ən yüksək standartlara cavab verir. Şəxsən mən hesab edirəm ki, bundan yüksək standart mümkün deyil.

Nəqliyyat infrastrukturumuz yeniləşib, müasirləşib və bu gün bizim tələblərimizə tam cavab verir. Xidmət infrastrukturu yaradılır. Bakıda bütün aparıcı brend hotellər fəaliyyət göstərir, öz fəaliyyətini genişləndirir.

Beynəlxalq yarışların keçirilməsi üçün bizim kifayət qədər geniş təcrübəmiz var. Son illər ərzində Azərbaycanda çoxsaylı dünyaAvropa çempionatları keçirilmişdir. Azərbaycanın sürətli iqtisadi inkişafı əlbəttə ki, bu qərarın qəbulunda öz rolunu oyanmışdır”.

Sözsüz ki, bu mötəbər qitə yarışlarına qısa zamanda hazır olmağımızda Təşkilat Komitəsinin, xüsusən komitənin sədri Mehriban xanım Əliyevanın xidməti böyükdür. 2 il yarımda I Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün nəhəng işlər görüldü. Yarışların keçiriləcəyi Bakı və Mingəçevir şəhərlərində tikilən və yenidən qurulan müasir idman kompleksləri, aparılan abadlıq-quruculuq işləri buna əyani sübutdur. Oyunlara hazırlıq çərçivəsində həyata keçirilən digər tədbirlərdə də Təşkilat Komitəsinin əməyi az deyil. Bütün bunlar əsas verir ki, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi zamanı dünyaya göstərdiyimiz təşkilatçılıq nümunəsini I Avropa Oyunları zamanı daha yüksək səviyyədə nümayiş etdirək.

 

Rüstəm KAMAL,

 

Azərbaycan. - 2015.- 3 iyun.- S.8.