I Avropa Oyunları bütün dünyada yayımlanacaq

 

 

Bir neçə gündən sonra ölkəmizdə möhtəşəm idman bayramı - I Avropa Oyunları start götürəcək. Oyunlarda 50 ölkəni təmsil edən təxminən 6 min idmançı 16 Olimpiya və 4 qeyri-Olimpiya növündə mübarizə aparacaq.

I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar Azərbaycanın dünyada artan nüfuzunungeniş imkanlarının beynəlxalq birlik tərəfindən təsdiq olunmasına bariz sübutdur. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, belə mühüm qərarların qəbulunda ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynamışdır.

Son illər ölkəmiz beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi, mədəni və idman tədbirlərinə ev sahibliyi etmişdir. Bununla əlaqədar yaradılmış infrastrukturdan gələn il Azərbaycanda keçiriləcək Formula-1 Avropa Qran-pri yarışlarında, şahmat Olimpiadasında, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında, futbol üzrə Avropa çempionatının final mərhələsinin dörddə bir oyunlarında və digər vacib idman yarışlarında istifadə olunacaq.

Tarixdə ilk dəfə keçiriləcək indiki idman bayramı Avropa miqyaslı olsa da, bütün dünyada böyük maraq doğurur. Buna səbəb sürətlə inkişaf edən ölkəmizin qüdrətlənməsi və çiçəklənməsi, turizmə, nəqliyyat infrastrukturuna və digər sahələrə qoyulan sərmayələrdir. Hazırda Azərbaycanda dünyanın məşhur brend hotellərinin əksəriyyəti fəaliyyət göstərir. Bundan əlavə, turist kompleksləri, istirahət, mədəniyyət, ticarət və əyləncə mərkəzləri açılmışdır. Yəni, ölkəmizə gələn qonaqlar - idmançılar, azarkeşlər və turistlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır.

I Avropa Oyunlarını canlı izləyə bilməyənlər isə televiziya vasitəsilə möhtəşəm yarışlara tamaşa etmək imkanı qazanmışlar. “Bakı-2015” ilk Avropa Oyunlarını dünyanın hər bir nöqtəsində bir milyarddan çox tamaşaçı izləyə biləcək.

Bu günlərdə idman bayramının Mərkəzi və Cənubi Amerikada yayımlanması üçün dünyanın aparıcı telekommunikasiya şirkətlərindən daha birinə yayım hüququ verilmişdir. Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək “Rio-2016” Yay Olimpiya Oyunlarının da yayım hüququnu əldə etmişAmerica Movil” şirkəti “Bakı-2015” ilk Avropa Oyunlarını Latın Amerikasının bütün ölkələrində tamaşaçılara təqdim edəcək. Bununla da Latın Amerikası I Avropa Oyunlarının geniş şəkildə yayımlanacağı Amerika Birləşmiş Ştatları, Kanada, Çin, Hindistan, Avstraliya, Avropa ölkələrinin sırasına qoşulur. “America Movilin idman tədbirlərinin yayımlanmasında böyük təcrübəsi var. Şirkətin baş meneceri Xose Antonio Abumrad bu əməkdaşlıqdan çox məmnundur: “Bakı-2015” ilə Avropa Oyunlarının Latın Amerikasında yayımlanmasını təmin edəcək müqavilənin imzalanmasından böyük məmnunluq duyuruq. Bu regionun izləyiciləri mötəbər idman tədbirlərinə böyük maraq göstərirlər. Belə önəmli tədbiri işıqlandıracağımız üçün çox məmnunuq. Latın amerikalı tamaşaçıların Bakıda keçiriləcək bu tədbiri izləyərək zövq alacaqlarına əminəm”.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyir ki, məqsədimiz Avropa Oyunlarını dünyanın hər yerində mümkün qədər çox tamaşaçı kütləsi ilə bölüşməkdir. Bu istiqamətdə növbəti önəmli addım atılmışdır. Bağlanmış televiziya sazişləri iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarına Avropadaonun hüdudlarından kənarda göstərilən marağı əks etdirir. Artıq dünyanın müxtəlif telekanalları ilə sazişlər imzalanmışdır. Bu isə imkan verir ki, yarışlar Avropanın bütün guşələrində və dünyanın hər yerində yayımlansın.

Heç kəs şübhə etmir ki, indiyədək olduğu kimi, bu dəfə də ölkəmiz möhtəşəm idman yarışlarını - I Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcək və keçirəcək. Bununla bağlı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın qitənin müxtəlif ölkələrinin paytaxtlarında keçirilmiş təqdimat mərasimlərindən birində dediyi sözləri xatırlatmaq istərdik: “I Avropa Oyunlarının təşkili gələcək Oyunların standartlarını, səviyyəsini təmin edəcək. Azərbaycan bu Oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər görülür, Təşkilat Komitəsi səylə çalışır. Hamı bilsin ki, ilk Avropa Oyunları ədalət və sağlam rəqabət prinsipləri, dostluq və həmrəylik şəraitində keçəcək, ölkələri, xalqları, insanları bir araya gətirməklə möhtəşəm idman bayramına çevriləcək”.

 

Rizvan HİLALOĞLU,

 

Azərbaycan. - 2015.- 3 iyun.- S.8.