Dünya heyran
qalıb
İyun ayının 12-də başlayacaq ilk Avropa Oyunlarına sayılı günlər qalır. Dünyanın diqqəti Azərbaycandadır. Ölkəmizin bölgələrini addımbaaddım gəzən Oyunların məşəli bu tədbirin möhtəşəmliyini daha da artırır. İlk Avropa Oyunlarının məşəli ev sahibi kimi qabağa düşüb bölgələrimizdə olan uğurları, görülən tikinti, abadlıq və quruculuq işlərini, xalq və dövlətçilik həmrəyliyini bütün dünyaya bəyan edir.
Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu müstəqil Azərbaycanın inkişaf strategiyası göz önündə canlanır. Ölkə rəhbərinin ulu öndərin uzaqgörən siyasətini uğurla davam etdirməsi, Azərbaycanı dünyanın idman mərkəzlərindən birinə çevirməsi insanlarda qürur hissi yaradıb. Bu gün ölkəmiz dünyanın digər beynəlxalq tədbirlərinə də məharətlə ev sahibliyi edir. Bu isə Azərbaycanın sürətlə artan nüfuzundan xəbər verir. Əminik ki, Oyunlarda iştirak etmək şərəfinə nail olmuş idmançılarımız etimadı doğruldacaq, yarışlarda müvəffəqiyyət qazanıb, Azərbaycan bayrağını zirvələrə qaldıracaqlar.
“Bakı-2015” ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimində Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Beynəlxalq yarışların keçirilməsi üçün bizim kifayət qədər geniş təcrübəmiz var. Son illər ərzində Azərbaycanda çoxsaylı dünya və Avropa çempionatları keçirilmişdir. Azərbaycanın sürətli iqtisadi inkişafı, əlbəttə ki, bu qərarın qəbulunda öz rolunu oynamışdır. Hesab edirəm ki, önəmli məsələ ondan ibarətdir ki, Azərbaycan əhalisi bu qərarı böyük sevinc və qürur hissi ilə qarşılamışdır”. Bu, doğrudan da belədir. “Bakı-2015” I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında qısa zamanda görülən hazırlıq işlərinə bütün dünya heyran qalıb. Azərbaycanda yeni möhtəşəm idman qurğuları inşa olunub, bəzilərində yenidənqurma işləri aparılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Vaterpol Arenası, Dağ Velosipedi Parkı, Bakı Atıcılıq Mərkəzi, Bakı Kristal Zalı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu və digər idman obyektləri, yaradılan infrastruktur bütün dünyanın nəzər-diqqətini özünə çəkib. Bu mənada I Avropa Oyunları ölkəmizin dünyada daha geniş anlamda tanınması üçün çox önəmlidir. 6 min idmançının iştirak edəcəyi və bütün dünyada yayımlanacaq bu Oyunlar Azərbaycana böyük nüfuz gətirəcək. Dünyada on milyonlarla insan Azərbaycan haqqında, onun tarixi, mədəniyyəti, iqtisadi inkişafı barədə geniş bilgi əldə edəcək. Bu Oyunlar təkcə Avropada deyil, digər qitə kanallarında da yayımlanacaq. Albaniya, Avstriya, Belarus, Belçika, Fransa, Macarıstan, Almaniya, Moldova, Lüksemburq, Rumıniya, Slovakiya, İsveçrə, Türkiyə, ərəb ölkələri, hətta Yaponiyada insanlar Oyunlara birbaşa tamaşa edəcəklər. Əlbəttə, bütün bu amillər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və iqtisadiyyatının, xüsusilə də turizm sektorunun inkişafına geniş şərait yaradacaq. Bu inkişaf təkcə Oyunlar keçirilən müddətdə deyil, sonrakı dövrdə də davam edəcəkdir.
Oyunlara sayılı günlərin qalması ilə əlaqədar ölkəmizə turist axını da artmaqdadır. “Bakı-2015” I Avropa Oyunlarının qonaqları Azərbaycandakı inkişafı öz gözləri ilə görüb, sözsüz ki, müsbət qiymət verəcəklər. Avropa Oyunlarının gətirəcəyi ən böyük dividend Azərbaycanın uğurlarının dünyada daha geniş təbliği, dövlət kimi nüfuzunun, güc və qüdrətinin, beynəlxalq etibarının daha da möhkəmlənməsi olacaq. Məhz bu baxımdan bir daha vurğulamaq istərdik ki, əldə edilən davamlı nailiyyətlər Azərbaycan rəhbərliyinin, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin, dövlətçiliyimizə verdiyi töhfələrin bəhrəsidir. İllərdir dövlət başçısının bu siyasəti, atdığı addımlar, görülən işlər göz önündədir. Bütün atılan addımlar ölkəmizin Avropada mədəni, demokratik və eyni zamanda, Avropa dəyərlərinə, Avropa tələblərinə cavab verən bir ölkə kimi tanınmasına böyük zəmin yaratmışdır. Bakıda və regionlarda müasir infrastruktur, xidmət obyektləri tikilir. Şəhərlərimiz, kəndlərimiz gündən-günə gözəlləşir. Böyük işlər görülür, ictimai yerlər, parklar salınır, binalar bərpa edilir. Ölkəmizdə özəl sektorun inkişafı üçün də çox gözəl şərait var, investisiya iqlimi müsbət nəticələrini verir. Eyni zamanda, iqtisadi, yəni maliyyə resurslarımız da bizə imkan verəcək ki, Oyunları yüksək səviyyədə keçirək. Bu baxımdan I Avropa Oyunlarına ev sahibliyi Azərbaycanın tarixində yeni səhifə açacaq.
Ölkəmizə gələn əcnəbilər, eləcə də diplomatlar ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini yüksək qiymətləndirirlər. Əslində bu, elə ilk Avropa Oyunlarının özünün bir uğurudur. Miçiqan Dövlət Universitetinin professoru Norman Grahan mətbuata açıqlamasında bildirib ki, ilk Avropa Oyunlarının keçirilməsi çox gözəl ideyadır: “Bu Oyunların Bakıda olması Azərbaycan üçün uğurdur. Bundan sonra Azərbaycan daha çox Avropanın diqqətini çəkəcək. Avropa idman tarixində yeni bir era başlanacaq. Eyni zamanda avropalılar Azərbaycanı daha yaxşı tanıyacaqlar”. Digər tərəfdən, ilk Avropa Oyunlarının Azərbaycan üçün daha bir tarixi əhəmiyyəti var. Hamı bilir ki, ilk olimpiya oyunları Yunanıstanda keçirilib, ilk Avropa Oyunları isə Azərbaycanda keçiriləcək. Bu ilkinlik memarı və qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycanın tarixinə, tərcümeyi-halına qızıl hərflərlə yazılacaq.
Aylar-illər ötəcək, Bakı ilk Avropa Oyunlarının vətəni kimi tarixdə qalacaq. Bu Oyunlar həm geosiyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyətə malikdir. Bugünün reallıqlarından biri də odur ki, Azərbaycanın inkişafını gözü götürməyən elə qüvvələr var ki, ölkəmiz barədə qara piar aparmağa cəhd göstərirlər. Su murdarlıq götürmədiyi kimi, bu cəhdlər də boşa çıxacaq.
Teymur KƏRİMLİ,
AMEA-nın Əlyazmalar İnstitutunun
direktoru, akademik
Azərbaycan. - 2015.- 3 iyun.- S.7.