Azərbaycanın şərəf missiyası

 

 

Azərbaycançılıq məfkurəsinin alovlu təbliğatçısı, istiqlal şairi Məhəmməd Hadi yaşadığı XX əsrin əvvəllərində dünyada gedən prosesləri, inkişafı, tərəqqini, ayrı-ayrı əcnəbi millətlərin elmə, təhsilə böyük marağını, qan töküb istiqlala qovuşduğunu görüb acı təəssüflə “Yox millətimin imzası bu imzalar içində” deyib qovrulurdu. Ruhun şad olsun, şair, istəklərin artıq gerçək olub.

Bu gün Azərbaycanın adı, imzası dünya dövlətləri arasında ən şərəfli yerdə qərar tutub. Bu gün nəinki Avropanın, eləcə də bütün dünyanın nəzərləri Azərbaycana dikilib. Bu bir həqiqətdir ki, tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarına ev sahibliyi etmək adi məsələ deyil. Bu etimadı qazanmağın çox çətin, lakin çətin olduğu qədər də şərəfli və məsuliyyətli yolu var. Azərbaycan bu yolu müdrik siyasəti, peşəkar idarəetmə məharəti ilə dünyanı heyran qoyan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla qət etmişdir.

Dünyada hər bir xalq, hər bir dövlət yetirdiyi, tarixi şəxsiyyət statusu verdiyi övladları ilə tanınır, şöhrət qazanır. Azərbaycan üçün bu şərəfli missiyanı respublika Prezidenti İlham Əliyev çox böyük uğurla reallaşdırır. Xalqın dərin rəğbətini qazanan dövlət başçısı Azərbaycanı uğurlardan-uğurlara aparır. Lakin uğurumuza sevinməyən, inkişafımızı gözü götürməyən bəzi qüvvələr özlərinə xas olan canfəşanlıqla bizə qarşı yalan, şər və böhtan kampaniyası başlayıblar. Amma əbəs yerə. Çünki Azərbaycan reallıqlarına həmişə ikili standartlar prizmasından baxmaq vərdişindən əl çəkə bilməyən, erməni havasına oynamaqda davam edən belə qurumların arzu və istəyi də ürəklərində qalacaq. Bizi isə dünya tanıyacaq. Avropa Oyunlarından bizə yeni tikilən, əsaslı bərpa olunan möhtəşəm idman arenaları, Bakının yeni yaradılan müasir infrastrukturu qalacaqdır.

Tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarına ev sahibliyi etmək həqiqətən də son dərəcə böyük şərəfdir. Aprel ayının 26-da Azərbaycan Prezidenti İlham Əliyev I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin, eyni zamanda 150-dən artıq qonağın iştirakı ilə qədim “Atəşgah” məbədində I Avropa Oyunlarının məşəlini yandırmaqla hər bir ölkə vətəndaşına böyük qürur yaşatdı, sonsuz sevinc bəxş etdi. Dövlət başçısının yandırdığı məşəl sevinc, xoş ovqat paylaya-paylaya Azərbaycan ellərini dolaşmaqdadır. Məşəlin keçdiyi bölgələr bayram libasına bürünür, ellər-obalar əsl bayram coşqusu yaşayır. Bu, müqayisəedilməz dərəcədə gözəldir. Torpaq itirmiş, şəhid vermiş, nankor və məkrli qonşularımız olan ermənilərin başlatdığı  ədalətsiz müharibənin ağrı-acısını, dəhşətlərini yaşamış bir xalqın sevinib-gülmək, şadlıq etmək haqqı yoxdurmu?! Əlbəttə var! Bu haqqı bütöv bir xalqa qaytarmağa, yanaqlardakı göz yaşını silib, çöhrələrə təbəssüm bəxş etməyə, ürəklərdəki nisgili qürur hissiylə əvəzləməyə qadir o böyük inşanın niyyəti, məqsədi alqışa layiqdir. Biz xalqını, vətənini sevən, ölkədəki ictimai-siyasi proseslərə biganə qalmayan bir vətəndaş olaraq inanırıq ki, Prezidentimiz üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirməyə nail olacaq. I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi bu gün cidd-cəhdlə bizə qara yaxmağa çalışan qüvvələrə vurulacaq tərs şilləyə çevriləcəkdir. Belə olacağına heç kəsdə zərrə qədər də şübhə yoxdur!

Hər ötən gün bizi Odlar yurdunun tarixində heç bir zaman görünməmiş bir əlamətdar hadisəyə yaxınlaşdırır. Sevimli paytaxtımız Bakı da, başdan-başa ölkəmizin bütün bölgələri də gözlənilən mötəbər tədbirə böyük həvəslə hazırlaşır. Xalqın nikbin ruhu, ölkədəki yüksək əhvali-ruhiyyə, heç şübhəsiz, yarışlarda iştirak edəcək idmançılarımızın qələbəyə inamını artırır, onlara mənəvi dəstək olur. Əlbəttə, idmançılarımızın qazanacağı qələbələr bizə çox fərəhli anlar yaşadacaqdır. Hünəriylə üçrəngli bayrağımızı ucaldanları, himnimizi səsləndirənləri bitib-tükənməyən alqışlara qərq edəcəyik!

...Günlər ötüb-keçəcək, indi yolunu həyəcanla gözlədiyimiz I Avropa Oyunları xatirələrə köçüb tarixə çevriləcəkdir. Tarixin dayanmaq bilməyən təkəri fırlandıqca, quş qanadlı illər bir-birini əvəz etdikcə Avropa Oyunları təkrar-təkrar keçiriləcəkdir. Bu mötəbər yarışların ünvanı hər dəfə dəyişsə də, əbədi vətəni Bakı olaraq qalacaq, məşəl həmişə qədim məbədimiz olan “Atəşgah”dan od alacaqdır. Buna necə sevinməyəsən!? Qədirbilən xalqımız Avropanın tarixinə heç bir zaman pozulmayacaq Azərbaycan möhürünü cəsarətlə vuran öz qüdrətli oğlunun hünəriylə qürur duyur, ona inanır, etibar edir.

 

Elmira ŞÜKÜROVA,

əməkdar müəllim

 

Azərbaycan. - 2015.- 3 iyun.- S.7.