Qonaq gəlir bizə dünya

 

Hər xalqı səciyyələndirən, onu digərlərindən fərqləndirən bir sıra xüsusiyyətlər var. Azərbaycan xalqının ən ümdə xüsusiyyətləri sırasında qonaqpərvərlik də vurğulanır. Əslində, qonaqpərvərlik geniş məna daşıyaraq özündə bir sıra digər müsbət xüsusiyyətləri də birləşdirir.

Qonaqpərvər olmaq ilk növbədə səmimi, mehriban, gülərüz, ürəyigeniş, əliaçıq olmaq deməkdir. Ona görə də qonaqpərvərlik həmişə yüksək dəyərləndirilir və istər xalqın, istərsə də ayrı-ayrı ailələrin, insanların ən müsbət xüsusiyyətlərindən biri kimi qeyd edilir.

Bəlkə də elə xalqlar var ki, onların nümayəndələri “qonaq otağı” sözlərini eşidəndə təəccüblənərlər. Azərbaycan ailəsinin isə ən yaxşı otağı belə adlanır və gələn qonaqlara təkcə evin sakinləri deyil, sanki divarları da sevinir. Qonaq üçün ayrıca, daha gözəl və hər gün işlənməyən qab-qacağın, uzaqdan gələn üçün isə yorğan-döşəyin də saxlanılması bizim məişətimizdə adi, ənənəvi hal olsa da, bir çox əcnəbi xalqların nümayəndələri bunları eşidəndə hətta gülürlər. Çünki bu dərəcədə qonaqpərvərlik heç də hər kəsdə, hər xalqda olmur.

Xalqımızın mənəviyyatından qaynaqlanan qonaqsevərlik əsrlər boyu atalar sözləri və zərb-məsəllərdə də öz əksini tapıb: “Qonaq Allah qonağıdır”, “Qonağın ruzisini Tanrı özündən qabaq yetirər”, “Qonağın böyüyü-kiçiyi olmaz” və s.

Qonaq gözləyən ev sahibi həvəslə onu qarşılamağa hazırlaşar. İlk növbədə ev-eşiyi, həyət-bacanı səliqəyə salar. Hətta qapıdan girən təsadüfi qonaq üçün çay-çörək təklif olunar. Ev yiyəsi qonağın onun süfrəsində çörək kəsməsindən məmnun qalar. Əvvəlcədən gözlənilən qonaq üçün isə ləziz nemətlər hazırlanar. Bir sözlə, bizlər qonaq qarşılamaqdan zövq alar, onun gəlişindən sevinc taparıq.

Qonaq bir evin deyil, bütün bir şəhərin, ölkənin qonağı olanda bu sevinc və təntənə min qat, milyon qat artaraq el bayramına çevrilir. Azərbaycan xalqı bu ənənəni əsrlər boyu yaşadıb və indidavam etdirir.

Yadıma yaxın keçmişin bir söhbəti düşdü. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətdə olduğu illərin birində Gürcüstanın ovaxtkı prezidenti Eduard Şevardnadze Bakıya səfərə gəlmişdi. Qonşudost dövlətin başçısı, ulu öndərin məsləkdaşı ölkəmizdə xalq tərəfindən təntənə ilə qarşılanmışdı. O zaman müxalifət mətbuatı yazmışdı ki, bu cür qarşılanma sovet dönəmini xatırladır. Şevardnadze bunu eşidib diplomatikcəsinə cavab vermişdi ki, dost dostu, qardaş qardaşı bütün zamanlarda eyni cür qarşılayar.

Bəli, xoş məramlı, təmiz ürəkli qonağın həmişə gözümüz üstə yeri var, onun gəlişi həmişə toy-bayramdır.

Azərbaycan müstəqillik dövründə, xüsusilə son illərdə elə bir inkişaf səviyyəsinə çatıb ki, artıq bir-birinin ardınca mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir və üzərinə götürdüyü missiyanı həmişə layiqincə yerinə yetirir. İndi nəinki paytaxt Bakıda, hətta ölkənin digər şəhər və rayonlarında da böyük tədbirlər keçirilir, özü də yüksək səviyyədə başa çatdırılır. Çoxsaylı idman yarışlarını, musiqi festivallarını, iqtisadi və digər mövzularda keçirilən konfransları, simpoziumları, toplantıları və s. xatırlatmaq kifayətdir. “Eurovision” isə dünya miqyasında ən böyük tədbirləri də yüksək səviyyədə keçirmək iqtidarında olduğumuzu göstərdi, bütün təşkilatçılıq işləri ilə yanaşı, xalqımızın milli-mənəvi dəyərlərinin, o cümlədən qonaqpərvərliyinin nümayişinə çevrildi.

Bütün bunları yada salmaqda məqsədimiz onu deməkdir ki, ilk Avropa Oyunlarına gələn çoxminli qonaqlarımız da məhz bu cür qarşılanacaq və beləcə razı qayıdacaqlar.

Beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə toplamış ölkəmiz öz növbəti qonaqlarını gül-çiçəklə, duz-çörəklə qarşılamağa hazırlaşır. Şəhərin hər tərəfi sanki insanın üzünə gülür. Yaşıllıq, bağ-bağça, səliqə-sahman göz oxşayır. Yol-riz, yarışların keçiriləcəyi idman obyektləri, hotellər, yeməkxana və restoranlar, parklar tam qaydasındadır. Muzeylərimizin, konsert salonlarımızın, teatrlarımızın qapıları qonaqların üzünə açıqdır.

Ən başlıcası, qonaqları açıq ürəklə qarşılayacağıq. Heç şübhə yoxdur ki. Azərbaycanın hər bir qonağı - istər Avropa Oyunlarında iştirak edəcək idmançılar, istər Oyunları izləməyə gələn azarkeşlər, istər onları işıqlandıracaq jurnalistlər və b. buradan razı qayıdacaqlar.

Gənc həkim Eldəniz Bayramov yarışlar zamanı idmançıların səhhətinə nəzarət edəcək tibbi qrupa daxildir. O deyir ki, tədbir vaxtı nəinki öz peşə bacarığımızı, eyni zamanda xalqımıza məxsus mehribanlıq, qayğıkeşlik, qonaqpərvərlik kimi yüksək keyfiyyətləri nümayiş etdirməyə çalışacağıq.

Redaksiyamızda Azərbaycanın adlı-sanlı idmançı və məşqçiləri ilə keçirilən “dəyirmi masada olimpiya çempionu Zemfira Meftahəddinova söylədi ki, onun bu yaxınlarda Azərbaycanda keçirilən yarışlarda iştirak etmiş rəqibləri, eyni zamanda rəfiqələri Bakıya bircə baxışdan heyran olduqlarını deyiblər. Zemfira xanım zarafatla bir həqiqəti də ifadə etdi. Dedi ki, hətta arıqlamaq istəyən əcnəbi həmkarları da bizim dadlı yeməklərdən imtina etmək istəmirlər.

İlk Avropa Oyunlarının xoş intizarını yaşadığımız bu günlərdə Bakı bir böyük beynəlxalq tədbir də keçirmək ərəfəsindədir. Bu, Xəzər NeftQaz Sərgisidir ki, artıq 22-ci dəfədir Bakıda baş tutacaq. 1994-cü ilin mayından üzü bəri hər il iyun ayının birinci həftəsində keçirilən bu genişmiqyaslı tədbirin öz məkanını dəyişmədiyi bir sıra səbəblərdən, o cümlədən Azərbaycanda onun dövlət tərəfindən dəstəklənməsindən, üzünə bütün qapıların geniş açılmasından, iştirakçıların addımbaşı qayğı və diqqətlə əhatə olunmasından irəli gəlir.

Keçən sərgilərin birində Lüksemburqdan gəlmiş Renata adlı xanım bizimlə söhbətinin sonunda onun yoldaşları ilə birlikdə elə yoldaca sadə insanlar tərəfindən isti təndir çörəyinə qonaq edildiklərini maraqla söylədi. Hətta onlar çörəyin pulunu vermək istəyiblər, şəhər sakinləri isə bundan inciyəcəklərini bildiriblər.

Ötən il isə Rusiyanın böyük maşınqayırma müəssisələrinin birini təmsil edən Tamara adında qadın bizdən xəlvəti soruşdu ki, “xanım” sözünün mənası nədir. Demə, sərgi tamaşaçıları ona belə müraciət edirlərmiş. Biləndə ki, bizdə bu söz qadınlara hörmət mənasında işlədilir, üzü güldü: “Sizlər necə də alicənab, insansevərsiniz”, - dedi.

İstər-istəməz “Eurovision” iştirakçılarının təəssüratları, o cümlədən “Buranovo nənələri”nin hər yerdə, eləcə də Moskva televiziyasında söylədikləri yada düşür: “Azərbaycanda iqlim də, Xəzərin suları da, qonaqpərvər insanların qəlbi də hərarətlidir”.

Azərbaycanlıların qonaqpərvərliyi təkcə ziyafətlərdə, açılan süfrələrin başında görünmür, təkcə bağışlanan hədiyyələr, verilən sovqatlarla ölçülmür. Həm də addımbaşı adi baxışla, xoş bir sözlə ifadə olunur. Bütün bunlar da xalqın işıqlı qəlbindən gəlir, zəngin mənəviyyatından qaynaqlanır.

Avropa Oyunları zamanı da belə olacaq. Elliklə qonaqlarımızı qarşılamağa hazırıq. Onlar bizim qonaqpərvərliyimizi torpağımıza qədəm qoyan kimi üzümüzdən-gözümüzdən oxuyacaqlar.

 

 

Flora SADIQLI,

 

Azərbaycan. - 2015.- 3 iyun.- S.7.