Biz tarix yazacağıq

 

 

Ötən hər gün bizi böyük maraqla gözlədiyimiz I Avropa Oyunlarının açılışına yaxınlaşdırır. Aprelin 26-da “Atəşgah”da alovlanan I Avropa Oyunlarının məşəli respublikamızın hər bir guşəsinə səyahət edərək bu bayrama əlavə çalarlar, gözəlliklər qatır.

Avropa tarixində builki gerçəkləşdirməyə hazırlaşan Azərbaycan dostluğun, qardaşlığın bayrağını hər zaman uca tutub. Türk dünyasının mədəniyyət beşiklərindən olan Azərbaycan dünyada özünün müsbət imici ilə şöhrətlənib.

Tarixdən bizə məlumdur ki, Avropanın, Qərbin görkəmli fikir adamları, yazıçılar, alimlər, səyyahlar yolunu Azərbaycan torpağından salanda xalqımızın ədəbiyyatı, mədəniyyəti, məişəti, məşğuliyyəti, sənətkarlığı, el bayramları, idman oyunları və s. haqda qeydlər ediblər, yazılar yazıblar. Məsələn, XIX əsrdə Azərbaycana səfər edən fransız yazıçısı Aleksandr DümaQafqaz səfəri” əsərində ölkəmiz və xalqımız barədə qiymətli fikirlər, xoş sözlər söyləyib. Belə fikirlərə Roma tarixçisi Böyük Plininin, Maksim Qorkinin, Mixail Şoloxovun, Konstantin Simonovun,  Sergey Yeseninin, Norveç səyyahı Tur Heyerdalın   tədqiqatlarında, habelə dünyanın  başqa yazıçı və şairlərinin əsərlərində də rast gəlmək olur.

Azərbaycan indi dünyada maraq göstərilən ən mötəbər məkanlardandır. Bunu biz, incəsənət adamları  xarici ölkələrdə səfərlərdə, qastrollarda  olanda daha yaxından hiss edirik. Hər il Bakıda və bölgələrdə  keçirilən beynəlxalq idman yarışları, musiqi festivalları, kinoteatr tədbirləri, elmi simpoziumlar ölkəmizə göstərilən etimaddan, maraqdan irəli gəlir.

İnanırıq ki, səbirsizliklə gözlənilən “Bakı-2015” Avropa Oyunları elə yüksək səviyyədə keçiriləcək ki, iştirakçılar da, tamaşaçılar da zövq alacaqlar. Başqa cür ola da bilməz. Çünki biz buna qadirik. Qısa müddətdə yaradılan infrastruktur, görülən digər təşkilati işlər bunu deməyə haqq verir.

 

Həmidə ÖMƏROVA,

xalq artisti, kinoşünas

 

Azərbaycan. - 2015.- 3 iyun.- S.7.