Ürəklərdə yanan
məşəl
Artıq nə zamandır bütün Azərbaycan xalqı şirin bir həyəcan hissi ilə baş-başadır. İlk Avropa Oyunlarının 2015-ci ilin 12-28 iyun tarixlərində məhz Bakıda keçirilməsi xəbəri ölkəmizdə bütünlüklə bayram ovqatı yaradıb. Dünyada ilk dəfə keçirilən, bir çox elit və innovativ idman növlərini özündə birləşdirən bu Oyunların məna və mündəricəsini bəlkə də olimpiya oyunları ilə müqayisə etmək daha düzgün olardı. Əslində bu Oyunlar ancaq Avropanın 50 milli olimpiya komitəsini birləşdirən Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə baş tuta bilərdi.
Bu qərar isə 8 dekabr 2012-ci ildə, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilmişdir. 4 ildən bir keçiriləcək bu oyunların birincisinin Bakıda start götürəcəyi əslində müstəqil Azərbaycanın ən böyük qələbələrindən biridir desək, yanılmarıq. Baş Assambleya iştirakçıları arasında olan gizli səsvermədən məlum olmuşdur ki, 48 səsdən 38-i Avropa Oyunlarının Bakıda keçirilməsinə tərəfdar olmuşdur. Əslində, bu seçim Azərbaycanın bütün dünyada yüksək mövqeyini, böyük nüfuzunu, qüdrətini bir daha sübut etdi. Digər tərəfdən, dünya ölkələrinin, dünya xalqlarının da Azərbaycana hörməti, sayğısı, etibarı, məhəbbəti bu qərarın verilməsində özünü tam əks etdirmiş oldu. Artıq iftixar hissilə, məmnunluqla dünyanın Azərbaycana üz tutmasına, Azərbaycandan söz açmasına şahid oluruq.
Hər gün neçə-neçə xarici ölkənin tanınmış mətbu orqanları Azərbaycanda keçiriləcək “Bakı-2015” Avropa Oyunlarına aid maraqlı yazılar dərc etdirir. Dünya xalqları ölkəmiz haqda daha geniş, daha ətraflı bilgilər alır, qədim Odlar diyarının gözəlliklərini yenidən kəşf edirlər.
Artıq gün kimi aydındır ki, “Bakı-2015” Avropa Oyunları təkcə böyük bir idman tədbiri deyil, həm də Azərbaycanın dünyaya xoş məramını, sülhpərvərliyini, yüksək humanizm ideyalarına sadiqliyini və yenilməz qüdrətini ehtiva edən səmimi mesajıdır.
Fərəh hissi ilə bildirək ki, 50 ölkədən, 20 idman növü üzrə 6000-dən çox idmançının qatılacağı Oyunlar təkcə ölkəmizin idman ustalarının bayramı deyildir. Nə qədər rəssam, bəstəkar, şair, ifaçı, kino mütəxəssisi artıq öz yaradıcılıqlarında Oyunları vəsf edir, ilhamlanır, öz əsərləri ilə idmançıları qələbəyə, uğura ruhlandırırlar. Xüsusilə gənclərin, tələbələrin keçiriləcək Oyunlara rəğbəti, sevgisi daha coşqun, daha qaynardır. Bəlkə, bu da təbii haldır. Gözəlliyə, sağlam həyata, dəmir iradəyə can atan gənclik üçün belə mötəbər idman yarışları əsl hünər, cəsarət, mərdlik məktəbidir. Bu Oyunların nəticəsi olaraq tezliklə neçə-neçə gəncimizi müxtəlif idman növləri üzrə qaliblər sırasında görəcəyimizə əminik.
Keçiriləcək Avropa Oyunları ölkəmizin infrastrukturuna da öz təsirini göstərdi. Bakımız bir daha gözəlləşdi, nə qədər yeni idman salonları, stadionlar, qurğular inşa edildi. Müqəddəs “Atəşgah”dan odunu götürən Avropa Oyunlarının məşəli bütün Azərbaycanı qarış-qarış gəzərək öz marşrutuna gözəllik, təravət, əzmkarlıq, inam bəxş etdi. Qocalı-cavanlı, oğlanlı-qızlı, bütün xalq ürəklərinin odu ilə bu məşələ daha böyük güc verib, onu obadan-obaya ötürdü. Həmin məşəl hələ də yol gəlir.
Əlbəttə, Avropa Oyunlarının bu il Bakıda keçirilməsini, vətənimiz üçün çox önəmli bir hadisə olmasını, xalqımızda əzmkarlıq, ruh yüksəkliyi yaratmasını, dünyanın Azərbaycana üz çevirməsini, qiymətləndirməsini vurğulayarkən, unutmayaq ki, bütün bu uğurlar ölkəmizin rəhbərliyi tərəfindən aparılan müdrik, uzaqgörən bir siyasətin, gərgin zəhmətin, dəqiq strategiya və taktikanın nəticəsidir. Hələ keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı xaos, özbaşınalıq, səfalət girdabından xilas etmiş ümummilli lider Heydər Əliyevin əzmkarlığı, qətiyyəti, böyük zəkası millətin səadəti, firavanlığı, dünya ölkələri ailəsinə tamhüquqlu ölkə kimi daxil olmasından ötrü həyata keçirdiyi müdrik siyasəti tezliklə öz uğurlu nəticələrini göstərmiş oldu.
Bu gün ulu öndərin böyük siyasətini həyatda gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin artıq XXI əsrin görkəmli siyasi xadimlərindən biri kimi ölkəmizin nüfuz və rifahının, qüdrətinin yüksəlişi naminə gördüyü mühüm işlər beynəlxalq aləmdə dəyərləndirilir, təqdir olunur. Bu gün dünya Azərbaycanı yenidən kəşf edir, Azərbaycana qucaq açır, Azərbaycanla dostluqdan qürur duyur, ona etibar edir. Məhz bu etibarın nəticələrindən biri də keçiriləcək “Bakı-2015” Avropa Oyunlarıdır.
Hər gün televiziya vasitəsilə ölkəmizi oba-oba, oymaq-oymaq gəzən Bakı Avropa Oyunları məşəlinə sevgi ilə, qürurla baxırıq. Gənc idmançılarımız məşəli xüsusi coşqu ilə, iftixarla başlarının üstündə daşıyırlar. Xalqımızın ürəyindən od alan bu məşəl artıq əbədi olaraq Azərbaycanın taleyinə qovuşdu...
Sərdar
FƏRƏCOV,
Ü.Hacıbəylinin
ev-muzeyinin direktoru,əməkdar incəsənət
xadimi, Azərbaycan Bəstəkarlar
İttifaqının katibi
Azərbaycan. - 2015.- 3 iyun.- S.6.