XXII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və
konfransının iştirakçılarına
Hörmətli iştirakçılar!
Sizi XXII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının açılışı münasibətilə səmimi qəlbdən salamlayıram.
Böyük nüfuza malik bu ənənəvi işgüzar tədbiriniz təşkil olunduğu ilk vaxtlardan Azərbaycanın neft-qaz sənayesinin strateji hədəf və nailiyyətlərinin bəyan edilməsi üçün əlverişli şərait yaratmışdır.
İndi ölkəmiz özünün sosial-iqtisadi yüksəliş dövrünü yaşayır. Sürətli inkişafın nəticəsi olaraq qazandığımız uğurlar həyatımızın bütün sahələrində, o cümlədən qeyri-neft sektorunda əsaslı irəliləyişlərə yol açmışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyası bu gün də ardıcıl davam etdirilir. Azərbaycan iri həcmdə neft və qaz ixrac edən ölkələr arasında qısa müddətdə öz layiqli yerini tutmaqla, Avropanın enerji təhlükəsizliyi üzrə strateji müttəfiqə çevrilmiş və regional əməkdaşlıq məsələlərində konstruktiv rol oynayan etibarlı tərəfdaş olmuşdur.
Ötən dövr ərzində neft siyasətində davamlı inkişaf nümayiş etdirən Azərbaycan bir sıra transmilli layihələrin həm təşəbbüskarı olmuş, həm də onların icrasında fəal iştirak etmişdir.
TANAP qaz boru kəmərinin bu yaxınlarda keçirilmiş təməlqoyma mərasimi belə geosiyasi layihələrdə ölkəmizin mövqeyini möhkəmlədən önəmli addımlardan biridir.
İyirmi ildən artıq təcrübəsi olan “Xəzər Neft və Qaz” sərgi və konfransı qüvvələrimizi birləşdirməklə, bütün iştirakçılar arasında həqiqi qarşılıqlı anlaşma mühiti yaradır, geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açır.
İnanıram ki, sərgi və konfransınız dünyada neft-qaz sahəsində gedən proseslər fonunda səmərəli əməkdaşlığa öz töhfəsini verəcək, mühüm görüş yeri olduğunu bir daha sübut edəcəkdir.
Hamınıza ölkələrinizin rifahı və tərəqqisi naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
1 iyun 2015-ci il.
Azərbaycan. - 2015.- 3 iyun.- S.3.