Azərbaycan Prezidenti İlham Əliyev XXII Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisinin açılışında iştirak edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyunun 2-də Bakı Sərgi Mərkəzində XXII Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisinin açılış mərasimində iştirak ediblər.

Mərasimi açan “ITE Group Plc” şirkətinin baş məsləhətçisi Endryu VUD dedi:

- Zati-aliləri cənab Prezident Əliyev!

Xanımlar və cənablar!

Bu gün burada “ITE Group Plc” adından və eyni zamanda, XXII Xəzər Neft və Qaz Sərgi və Konfransının təşkilatçı komitəsi kimi iştirak etməkdən çox böyük məmnunluq duyuram.

Bu sərgi beynəlxalq gündəmdə artıq bir ənənəyə çevrilib. Neft və qaz sənayesi sahəsində ilk sərginin təməli sabiq Prezident cənab Heydər Əliyev tərəfindən qoyulub. Burada enerji sektoruna aid fürsətlər və imkanlar əvvəlki illərdə olduğu kimi, bu ilin də əhəmiyyətini artırır və bizim buraya gəlməyimizi daha önəmli edir. Bu sərgidə 300-dən çox şirkət iştirak edir, 20-dən artıq ölkə təmsil olunur. Eyni zamanda, bu sərgidə Almaniyadan, Rusiyadan, Çindən və digər ölkələrdən şirkətlər iştirak edir. İlk dəfə Çexiyadan və Polşadan şirkətlər bu sərgidə təmsil olunur.

Azərbaycan hər zaman bu cür sərgilərə və konfranslara öz dəstəyini verib. Buna görə biz Azərbaycan hökumətinə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə işimizi böyük məmnuniyyətlə davam etdiririk və buna görə də təşəkkür edirik.

Lakin zati-aliləri, biz xüsusilə Sizə öz təşəkkürümüzü bildirmək istəyirik. Sizin bizə verdiyiniz dəstək və Azərbaycanda keçirilən bütün tədbirlərə yüksək diqqət və qayğınız çox böyük əhəmiyyət daşıyır. Bu gün Sizin bu mərasimdə iştirakınız sərgi və konfransımızın nə dərəcədə əhəmiyyətli olduğunu bir daha vurğulayır.

Sonda mən bu fürsətdən istifadə edərək, zati-aliləri, təşkilatçılar adından Sizi və Azərbaycan xalqını ilk Avropa Oyunlarının keçirilməsi münasibətilə təbrik edirəm. Bu, nəinki mühüm tədbirdir, eyni zamanda, idman tarixində qalacaq böyük bir hadisədir.

Xanımlar və cənablar, bu sərgi-konfransda iştirak edənlərin hamısına uğurlar arzu edirəm. Hesab edirəm ki, biz birlikdə yeni-yeni fürsətlər axtarmalıyıq ki, bu sahəni daha da inkişaf etdirək. Çox sağ olun. Təşəkkür edirik.

Dövlət başçısı açılış mərasimində nitq söylədi.

 

Prezident İlham Əliyevin nitqi

 

- Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Qonaqlara Azərbaycana “Xoş gəlmisiniz” deyirəm.

Bu gün Xəzər neft-qaz sərgisinin açılışı münasibətilə Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki bu sərginin ölkəmizin həyatında çox böyük rolu vardır.

Birinci sərginin 1994-cü ildə keçirilməsi çox əlamətdar hadisə idi. Çünki o vaxt Azərbaycan çox gənc müstəqil dövlət idi. Məhz 1994-cü ildən sonra Azərbaycanda inkişafa doğru ciddi addımlar atılmağa başlanmışdır.

Müstəqilliyimiz 1991-ci ildə bərpa edilmişdir. Ancaq 1991-1993-cü illərdə vəziyyət çox ağır idi, ölkəmizi böhran bürümüşdü - həm siyasi, həm iqtisadi, həm hərbi böhran. İqtisadiyyat iflic vəziyyətində idi və sənaye istehsalında, o cümlədən neft hasilatında tənəzzül müşahidə edilirdi. Ona görə, 1994-cü ildə birinci sərginin keçirilməsi Azərbaycanı dünyaya təqdim etdi, tanıtdı.

Mən sərginin təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm. Onlar 22 il ərzində bu sərgini təşkil edir, Azərbaycanın artan enerji potensialını dünyaya nümayiş etdirir və bizimlə bərabər tərəfdaşlıq şəraitində fəal işləyirlər ki, Azərbaycan daha da sürətlə inkişaf etsin.

Artıq qeyd olundu ki, sərgidə 300-dən çox şirkət iştirak edir. Bu, onu göstərir ki, baxmayaraq, birinci sərgidən 22 il ötür, sərgiyə maraq azalmır və beləliklə, Azərbaycan dünyaya öz imkanlarını təqdim etməyə davam edir.

1994-cü ildə birinci sərginin keçirilməsindən sonra Azərbaycanın yeni neft strategiyası formalaşdırılmışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Azərbaycanın yeni neft strategiyası bu gün ölkəmizin uğurlu inkişafını təmin edir.

1994-cü ilin sentyabr ayında tarixi müqavilə - “Əsrin kontraktı” imzalanmışdır və bu, ölkəmizə böyük həcmdə xarici sərmayənin yatırılmasına gətirib çıxarmışdır. Əgər 1994-cü ildə o tarixi addım atılmasaydı, indi ölkəmizin inkişafını təsəvvür etmək çox çətin olardı.

O illərdə xarici investorlar bizə inandılar. Baxmayaraq ki, Azərbaycan o vaxt çox riskli bir ölkə kimi tanınırdı. Xarici sərmayələrin qoyuluşu, investorlara çox yaxşı şəraitin yaradılması, eyni zamanda, imzalanmış bütün kontraktlarda Azərbaycanın milli maraqlarının qorunması bu uğurlu əməkdaşlığımızın əsas şərti idi. Həm investorların, həm dövlətin, həm də Azərbaycan xalqının maraqları üst-üstə düşürdü. Məhz bu gözəl əməkdaşlıq ruhu bu gün Azərbaycanın, nəinki neft-qaz sektorunda, bütün başqa sahələrdə uğurlu inkişafını təmin edir. Neft-qaz sahəsində xarici tərəfdaşlarla qazandığımız təcrübə bizə imkan verir ki, başqa sahələrdə də investisiyaları cəlb edək, xarici şirkətlərlə uğurla əməkdaşlıq edək və ölkəmizin şaxələndirilmiş inkişafını təmin edək.

“Əsrin müqaviləsi” XX əsrin kontraktı idi. Bu gün biz artıq XXI əsrin kontraktını icra edirik. “Cənub” qaz dəhlizi XXI əsrin kontraktıdır və məhz 1994-cü ildə imzalanmış müqavilə və ondan sonra əldə olunan uğurlar bugünkü reallığı mümkün etmişdir. 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə Beynəlxalq konsorsiumla müqavilə bağlanmışdır. O vaxt dünyanın neft-qaz sektorunda qaz amili o qədər də böyük əhəmiyyət daşımırdı. Ölkələrin enerji təhlükəsizliyi o vaxt bilavasitə qaz ehtiyatları ilə bağlı deyildi.

“Şahdəniz” qaz yatağı dünyanın ən böyük yataqlarından biridir və onun işlənilməsi bu gün “Cənub” qaz dəhlizinin əsas resurs bazasını təmin edir. O vaxta qədər isə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərləri inşa edilmişdir. Beləliklə, tarixdə ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə və Aralıq dənizi ilə çoxşaxəli kəmərlər şəbəkəsi ilə bağlandı. Bu da tarixi hadisə idi. Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlığı formalaşdı. Bu əməkdaşlıq başqa sahələrdə də özünü büruzə verməyə başlamışdır. Bu gün məhz bu dəhliz vasitəsilə böyük infrastruktur layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilir. Əgər biz enerji siyasətimizi düzgün qurmasaydıq, bu, mümkün olmaya bilərdi.

Beləliklə, 1990-cı illərin sonlarında görülmüş işlər və 2000-ci illərin əvvəllərində açılmış Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri əlbəttə ki, böyük tarixi nailiyyət idi. Bu kəmərlər imkan verdi ki, Azərbaycan böyük həcmdə valyuta ehtiyatları əldə etsin. Biz bu valyuta ehtiyatlarımızdan səmərəli istifadə edərək, onları ölkəmizin əsas inkişaf istiqamətlərinə yönəltdik. İnsanların rifah halı yaxşılaşdı, ölkəmizin iqtisadi inkişafı təmin edildi. Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən yüksək templərlə inkişaf etmiş, 300 faiz artmışdır. Eyni zamanda, ölkə qarşısında duran infrastruktur layihələri icra edilmiş, sosial məsələlər öz həllini tapmışdır. Biz düşünülmüş iqtisadi siyasət apararaq neftdən asılılığı böyük dərəcədə azalda bilmişik. Bu gün ümumi daxili məhsulumuzda neft amili təxminən cəmi 30 faiz təşkil edir. Beləliklə, biz ölkə iqtisadiyyatının şaxələndirilməsi işində böyük nailiyyətlərə imza atmışıq.

Bütün bunların təməlində əlbəttə ki, ölkəmizə 1990-cı, 2000-ci illərdə qoyulan böyük sərmayədir. Beləliklə, bu gün biz iqtisadi sahədə neft amilindən daha da az asılı vəziyyətdəyik. Məhz buna görə bu il iqtisadiyyatımız 5 faizdən çox artmışdır, baxmayaraq ki, neftin qiyməti iki dəfəyə yaxın azalmışdır. Yəni, ölkəmizin şaxələndirilmiş şəkildə inkişafı, iqtisadiyyatımızın dayanıqlılığı artıq reallıqdır. Bu gün bizim qarşımızda duran əsas vəzifələr əlbəttə ki, neft-qaz sektoru ilə bağlı deyil. Əsas vəzifələr iqtisadiyyatı şaxələndirmək, neft amilindən asılılığı daha da azaltmaq, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq, hələ icra edilməmiş böyük infrastruktur layihələrini icra etmək və beləliklə, uzunmüddətli inkişaf üçün daha da güclü zəmin yaratmaqdır. Bununla bərabər, əlbəttə, enerji sektorunda qarşımızda duran ciddi vəzifələr təbii ki, öz həllini tapacaq. Çünki bunun çox böyük əsası var. Bir daha demək istəyirəm, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq bu gün onu göstərir ki, Azərbaycanın xarici tərəfdaşları ilə əməkdaşlığı çox sağlam zəmində qurulub. Burada mən SOCAR-BP əlaqələrini xüsusi qeyd etmək istəyirəm. BP bizim əsas tərəfdaşımızdır, ən böyük sərmayə yatıran şirkətdir. BP həm “Əsrin kontraktı”nın icrasında, həm də “Şahdəniz” layihəsində aparıcı xarici investordur, tərəfdaşdır. Digər layihələr üzrə SOCAR-BP əməkdaşlığı davam edir və bu əməkdaşlığın artıq 20 ildən çox tarixi vardır.

SOCAR-BP əməkdaşlığı bundan sonra onilliklər ərzində davam edəcək. Bu, həm dövlətimiz, həm də xarici tərəfdaşlar üçün fayda gətirir. Bax, Azərbaycanda belə gözəl mühit yaranmışdır. Bütün xarici sərmayələr layiqincə qorunur. Bildiyiniz kimi, bütün neft-qaz kontraktları parlament tərəfindən təsdiq edilir və qanun qüvvəsinə minir. Bu, əlbəttə ki, investorlarda bizə inamı daha da artırır.

Bu gün artıq keçmişə baxaraq qürur hissi ilə deyə bilərik ki, Azərbaycan enerji sahəsində qarşıda duran bütün vəzifələri ləyaqətlə, vaxtında icra etmişdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, “Şahdəniz” qaz, “Azəri-Çıraq” neft yataqlarının işlənilməsi - bu layihələrin hər biri özlüyündə nəhəng enerji layihəsidir. Bununla bərabər, “Cənub” qaz dəhlizinin icrası prosesi də başlamışdır. Bu da tarixi hadisədir. Qeyd etməliyəm ki, Azərbaycan bu layihənin icrasında öz liderlik keyfiyyətlərini və rolunu bir daha göstərmişdir.

Bildiyiniz kimi, Xəzər hövzəsindən Avropaya çatdırılacaq qazın marşrutu uzun illərdir ki, müzakirə mövzusu idi və Azərbaycan bu müzakirələrdə iştirak edirdi. Ancaq görəndə ki, bu müzakirələr konkret nəticəyə gətirib çıxarmır, biz öz təşəbbüsümüzü irəli sürmüşük və 2012-ci ildə Türkiyə ilə Azərbaycan arasında TANAP qaz kəməri layihəsi haqqında müqavilə imzalanmışdır. Ondan sonra proseslər daha da sürətlə getməyə başlamışdır. Trans-Adriatik qaz kəməri Avropaya gedən əsas ixrac marşrutu kimi seçilmişdir və “Cənub” qaz dəhlizinin icrası başlamışdır. “Şahdəniz-2” layihəsinə start verilmişdir.

Bütün bu nailiyyətləri biz son üç il ərzində əldə edə bilmişik. Mən xatırlayıram, keçən il, düz bir il bundan əvvəl sərgidə çıxış edərkən demişdim ki, əminəm, gələn sərgidə biz yeni uğurlar haqqında xalqımıza hesabat verəcəyik. Həqiqətən bu, belədir. Baxın, keçən XXI sərgidən ötən dövr ərzində “Cənub” qaz dəhlizinin Bakıda, Səngəçal terminalında təntənəli şəkildə təməli qoyuldu, özü də sentyabrın 20-də, “Əsrin kontraktı”nın imzalandığı bir gündə. Bu, özlüyündə böyük rəmzi məna daşıyan bir hadisə idi. Ondan sonra Azərbaycanın təşəbbüsü ilə bu ilin fevralında Bakıda “Cənub” qaz dəhlizinin Məşvərət Şurasının birinci iclası keçirilmişdir. “Cənub” qaz dəhlizində iştirak edən bütün ölkələrin yüksək vəzifəli şəxsləri, eyni zamanda, Avropa Komissiyasının vitse-prezidenti və digər məsul şəxslər bu tədbirdə iştirak etmişlər.

Mart ayında biz Türkiyənin Qars şəhərində TANAP layihəsinə start verdik. Baxın, bütün bu hadisələr son bir il ərzində, yəni, keçən sərgidən sonra ötən dövr ərzində baş vermişdir. “Cənub” qaz dəhlizi artıq reallıqdır və icra edilir. Əminəm ki, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi işləri, - əslində bu, yeni kəmərin tikintisi deməkdir, - və 3 ildən sonra istifadəyə veriləcək

TANAP layihəsinin icrası vaxtında yerinə yetiriləcək. Beləliklə, Azərbaycan “Şahdəniz-2”-dən qazı həm Gürcüstana, həm Türkiyəyə nəql edə biləcək. Bununla bərabər, ümid edirəm ki, TAP layihəsinin icrasında da heç bir problem yaşanmayacaq. Hesab edirəm ki, burada bütün tərəflər böyük məsuliyyət göstərməlidirlər. Çünki bu, bizim ümumi işimizdir. Azərbaycanın təşəbbüsü ilə bu ilin fevralında Bakıda keçirilmiş “Cənub” qaz dəhlizinin Məşvərət Şurasının müzakirələri və qəbul edilmiş mətbuata bəyanat onu göstərir ki, iştirak edən bütün tərəflər öz məsuliyyətini dərk edirlər. O bəyanatda Azərbaycanın rəhbər rolu, yəni, xüsusi rolu qeyd edilmişdir.

Ona görə, hesab edirəm ki, bu layihənin icrası zamanı əlaqələndirmə işlərinə daha böyük ehtiyac var. Mən bunu Məşvərət Şurasının iclasında da demişəm. Bu layihəni həyata keçirmək üçün qarşılıqlı inam mütləq yüksək səviyyədə olmalıdır. İştirak edən bütün ölkələr bir nöqtəyə vurmalıdır və burada heç kim əlavə imtiyaz əldə etmək istəməməlidir. Çünki burada hər şey göz qabağındadır. Bütün kontraktlar imzalanmışdır və bu qlobal layihədə iştirak edən bütün tərəflər, şirkətlər, ölkələr böyük xeyir götürəcəklər. Əlbəttə ki, biz indi yeni bir əməkdaşlıq formatına başlayırıq. Əvvəlki dövrlərdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı yaranmışdır və biz çox böyük səmərə ilə işləyirik. Bütün layihələri üç qardaş ölkə sıx əməkdaşlıq şəraitində icra etmişdir. İndi isə format daha da genişlənir və buraya yeni oyunçular daxil olunur. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya “Cənub” qaz dəhlizinin üzvləridir. Eyni zamanda, bir neçə Balkan ölkəsinin “Cənub” qaz dəhlizində iştirakı ilə bağlı memorandumlar imzalanmışdır. Yəni, görün bizim dairəmiz nə qədər genişlənir. Bir tərəfdən bu, böyük üstünlükdür. Digər tərəfdən əlbəttə ki, müəyyən mərhələlərdə bəzi məsələlər ortaya çıxa bilər. Bütün bu məsələlər gərək dostluq və qarşılıqlı anlaşma şəraitində müzakirə olunsun və həll edilsin. Bir daha demək istəyirəm ki, bizim qarşımızda heç bir süni maneə olmamalıdır və əminəm, olmayacaq. Belə olan halda biz TAP layihəsini də vaxtında icra edəcəyik. Beləliklə, Azərbaycan qazı Avropa məkanına nəql edilməyə başlanacaqdır. Bu da tarixi hadisə olacaq, həm bizim üçün, - çünki biz çox böyük qaz bazarına çıxış əldə edəcəyik, - həm də Avropa istehlakçıları üçün. Çünki onlar üçün də alternativ mənbədən böyük həcmdə və artan templə qaz daxil olacaqdır.

“Cənub” qaz dəhlizinin üstünlüyü ondan ibarətdir ki, burada yeni qaz mənbəyindən söhbət gedir. Marşrutların şaxələndirilməsi əlbəttə ki, vacib məsələdir. Hər bir ölkə çalışır ki, çoxşaxəli kəmərlər şəbəkəsi olsun, o cümlədən Azərbaycan. Çünki bizim hazırda 7 neft-qaz kəmərimiz var və beləliklə, biz heç bir istiqamətdən 100 faiz asılı deyilik. Təbii, istehlakçılar da istəyirlər ki, onlara çatacaq enerji resursları müxtəlif yollarla gəlsin. Ona görə, marşrutların şaxələndirilməsi əlbəttə, enerji təhlükəsizliyini gücləndirir. Ancaq əgər mənbənin şaxələndirilməsi yoxdursa, bu, o qədər də böyük əhəmiyyət daşımır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, qaz Avropaya həm yeni marşrutla nəql ediləcək, eyni zamanda, bu qaz yeni mənbədən hasil olunacaqdır və bu mənbə çox böyükdür. “Cənub” qaz dəhlizinin hazırda yeganə resurs bazası olan “Şahdəniz” yatağı 1,2 trilyon kubmetr qaz ehtiyatlarına malikdir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları hazırda 2,6 trilyon kubmetrdir və əminəm ki, bu, son rəqəm deyil. Bu rəqəm artacaq, çünki hazırda bir çox yataqlarda qiymətləndirmə işləri gedir. Bir neçə yataqda kəşfiyyat işləri aparılır və əminəm ki, bizim təsdiq edilmiş qaz resurslarımız daha da böyük olacaq.

Ona görə, enerji təhlükəsizliyi deyəndə əlbəttə ki, marşrutların, mənbələrin şaxələndirilməsindən söhbət gedir. Burada Azərbaycanın çox nadir rolu var və bu rol layiqincə qiymətləndirilir. Hələ 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Memorandum imzalanmışdır. Bu yaxınlarda Avropa İttifaqının enerji siyasətində gedən proseslər onu göstərir ki, Azərbaycan çox önəmli tərəfdaş kimi qəbul edilir və müvafiq sənədlərdə Azərbaycanın adı xüsusi qeyd olunur. Biz əlbəttə ki, öz rolumuzu yaxşı bilirik, eyni zamanda, öz məsuliyyətimizi də dərk edirik. Ona görə, Azərbaycan özünü Avropa üçün etibarlı tərəfdaş kimi göstərir. Gələcəkdə enerji sahəsində görüləcək işlər Avropa İttifaqı ilə Azərbaycan arasında olan əlaqələri daha da yüksək səviyyəyə qaldıracaqdır. Bizim niyyətimiz ondan ibarətdir ki, strateji tərəfdaşlıq formatı təşkil edilsin. Ondan sonra hər bir tərəf uzunmüddətli strategiyanı müəyyən edə bilər və əlbəttə ki, bütün məsələlər ciddi əlaqələndirmə şəklində öz həllini tapa bilər.

Azərbaycanın həm zəngin neft-qaz resursları, həm cəsarətli siyasəti və düşünülmüş addımları Avropanın enerji xəritəsini yenidən tərtib edir. Bu, reallıqdır və bizim rolumuz getdikcə artacaq. Bu, ölkəmizi daha da gücləndirəcək. Bu, ölkəmizə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək və nəticə etibarilə Azərbaycan xalqının daha da yaxşı yaşamasını təmin edəcək.

Bununla bərabər, dediyim kimi, biz iqtisadi sahədə islahatlar aparırıq. Azərbaycanda həyata keçirilən islahatlar dünyanın aparıcı beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Bütün iqtisadi göstəricilərimiz ən yüksək səviyyədədir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətliliyi üzrə 38-ci yerdədir. Xarici borc cəmi 10 faiz, işsizlik 5 faiz səviyyəsindədir. Valyuta ehtiyatları ümumi daxili məhsulumuzun 75 faizini, bəlkə də ondan da çox hissəsini təşkil edir. Neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Azərbaycan iqtisadi inkişafını təmin edir. Bu ilin 4 ayında iqtisadiyyat 5,3 faiz artmışdır. Qeyri-neft sektorumuz isə təxminən 7 faiz artmışdır.

Azərbaycan böyük, mötəbər beynəlxalq tədbirlər də keçirir. On gündən sonra tarixdə ilk dəfə olaraq məhz Azərbaycanda, Bakıda I Avropa Oyunları keçiriləcəkdir. Bu, tarixi hadisədir və cəmi 2 il ərzində biz bu Oyunlara hazırlıq işləri gördük. Qısa bir vaxt çərçivəsində biz Olimpiya Oyunları səviyyəsində keçiriləcək Oyunları təşkil etdik. Bu, ölkəmizin gücünü, güclü siyasi iradəmizi göstərir. Onu göstərir ki, baxmayaraq, biz müstəqil ölkə kimi gəncik, amma artıq dünya xəritəsində öz yerimizi tuta bilmişik və bu yer möhkəm yerdir.

Mən sərginin iştirakçılarına uğurlar arzulayıram. Sərgini təşkil edən şəxslərə bir daha minnətdarlığımı bildirirəm. Əminəm ki, sərgi müvəffəqiyyətlə keçəcək və bizim beynəlxalq şirkətlərlə tərəfdaşlığımız uğurla davam edəcəkdir. Sağ olun.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun sərgi-konfransa təbrik məktubunu oxuyan London şəhərinin Lord meri Alderman Alan YARROU dedi:

- Zati-aliləri cənab Prezident!

Xanımlar və cənablar!

Mən burada olmaqdan böyük məmnunluq duyuram. Bu gün möhtəşəm XXII Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisində iştirak edirik. Bu, bizim üçün şərəfdir.

Mən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun təbrik məktubunu diqqətinizə çatdırmaq istəyirəm. Məktubda deyilir:

“Zati-aliləri,

Mən Sizi və Azərbaycan xalqını XXII “Xəzər Neft və Qaz” sərgisi və konfransı münasibətilə hökumətim adından təbrik edirəm. Ölkələrimiz arasındakı güclü və davamlı qarşılıqlı münasibətləri yüksək qiymətləndirirəm.

Azərbaycanın enerji ehtiyatları dünya iqtisadiyyatının inkişafında, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatında həyati əhəmiyyətə malikdir. Mən çox şadam ki, Birləşmiş Krallığın şirkətləri Azərbaycanın karbohidrogen sektorunun davamlı inkişafında mühüm rol oynamaqdadırlar.

Avropa özünün enerji təhlükəsizliyini təmin etmək üçün həm enerji marşrutlarını, həm də enerji mənbələrini şaxələndirməlidir. Bu baxımdan “Cənub” qaz dəhlizi mühüm rola malikdir. Mən “Cənub” qaz dəhlizi Məşvərət Şurasının fevral ayında keçirilən ilk uğurlu görüşünə görə, eyni zamanda, Trans-Anadolu boru kəmərinin təməlinin qoyulması münasibətilə Azərbaycan hökumətini təbrik etmək istəyirəm. Artıq əsas məsələ odur ki, biz

TANAP layihəsinin vaxtında və səmərəli şəkildə başa çatdırılmasını təmin etməliyik. Əminəm ki, bu perspektivli, ambisiyalı layihə reallığa çevriləcək. Çox şadam ki, BP şirkəti bu mühüm işdə çox yaxından iştirak etməkdədir.

Azərbaycanın yaxın dostu kimi biz gələcək uzun illər üçün sabit enerji mənbəyini təmin etmək baxımından bütün tərəfdaşlara xoş arzularımızı bildiririk. Bu xoş fürsətdən istifadə edərək, bu il keçirilən XXII “Xəzər Neft və Qaz” sərgisinin bütün iştirakçılarına uğurlar arzu edirəm.

Hörmətlə,

Devid KEMERON,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri”.

Lord mer Alderman Alan YARROU çıxışına davam edərək dedi: - Bir daha vurğulayıram ki, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasındakı əlaqələr həqiqətən də çox mühümdür, xüsusilə də enerji nöqteyi-nəzərindən. Hesab edirəm ki, sərgi bu münasibətlərin daha da dərinləşdirilməsi baxımından bizim üçün böyük fürsətlər yaradacaq. Məni bura dəvət etdiyinizə görə Sizə təşəkkür edirəm. Çox sağ olun.

Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş PEXOÇİNSKİ çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Xanımlar və cənablar!

Qlobal enerji sektoru çox böyük çağırışlarla üzləşir. Yanacağın ənənəvi daşıma marşrutları və bununla əlaqədar ətraf mühitin mühafizəsi ilə bağlı öhdəliklər, iqlimin qorunmasına dair tədbirlər, nəqletmə infrastrukturuna böyük sərmayələrin yatırılması zərurəti bizi enerji təhlükəsizliyi və iqtisadi rəqabət sahəsində böhranların qarşısının alınması üçün qəti tədbirlərin həyata keçirilməsinə vadar edir. Bu mənada mən Cənubi Qafqazın qlobal enerji sənayesi üçün əhəmiyyətini vurğulamaya bilmərəm. Bu, onun strateji coğrafi yerləşməsindən qaynaqlanır. Bu region kəşfiyyat və hasilat layihələri, habelə enerji resurslarının daşınması baxımından əlverişli məkana çevrilib və onun rolu bundan sonra da artacaq.

Mən bu regionun enerji sektorunun mühüm hadisəsi - Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində iştirakımdan məmnunluq duyuram. Ümid edirəm ki, qarşıdan gələn və konfrans çərçivəsindəki müzakirələr bizi yeni, çox dəyərli mütəxəssis bilikləri ilə təmin edəcək, dövlət qurumları və şirkətlər arasında bilik və təcrübə mübadiləsi üçün Azərbaycanın regional mərkəz mövqeyinin güclənməsinə xidmət göstərəcək.

Bilik və ən münasib fəaliyyət metodlarının mübadiləsi bu gün hər iki sektor üçün çox aktualdır. Çünki bu gün biz böyük transformasiyaların astanasındayıq və vahid, qlobal enerji bazarının yaradılması prosesində səylərimizi birləşdiririk.

Neft və təbii qazın nəqli dəhlizlərinin gələcək geosiyasi arxitekturasının inkişafı baxımından Azərbaycanın və Cənubi Qafqazın həlledici rolunu vurğulamaq yerinə düşərdi. Azərbaycan bu prosesdə xüsusi rol oynayır. On ildən çoxdur ki, Avropa İttifaqı enerji mənbələrinin, təchizat marşrutlarının şaxələndirilməsi siyasətini həyata keçirməyə çalışır və Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirməkdə çox maraqlıdır. Avropa dövlətləri üçün alternativ enerji resurslarına çıxışın əldə edilməsinin nə dərəcədə vacib olduğunu görmək üçün Avropa İttifaqı ölkələrinin enerji balanslarında neft və təbii qazdan asılılığı əks etdirən statistikaya nəzər salmaq kifayətdir.

Mərkəzi Avropanın inkişafda olan dövlətinin Baş nazirinin müavini və iqtisadiyyat naziri kimi vurğulamaq istərdim ki, mənbələrin və marşrutların şaxələndirilməsi regionumuzun enerji siyasətinin prioritetidir. Polşa ümumi daxili məhsulun 3,6 faiz artımını nümayiş etdirib və sərmayələrin cəlb olunması baxımından yaxşı göstəricilərə malikdir. Polşa, eyni zamanda, şaxələndirmə sahəsində də uğurlu siyasət aparır. Mən Mərkəzi Avropanın idxal imkanlarının çox böyük olduğunu vurğulamaq istərdim. İnanıram ki, bu sərgidə ilk dəfə iştirak edən Polşa şirkətləri işgüzar təmaslar yaradacaq və ya Qafqaz regionunda artıq fəaliyyət göstərən investorlarla müxtəlif layihələr çərçivəsində işgüzar əlaqələri daha da dərinləşdirəcək.

Xanımlar və cənablar, sərgidə iştirak edən bəzi qonaqlar xəbərsiz ola bilər ki, XIX əsrin sonu XX əsrin əvvəlində polşalılar yalnız Bakının memarlıq intibahına deyil, həm də neft sənayesinin inkişafına töhfələrini vermişlər. Polşalı Stanislav Zenoviç Azərbaycan Neft Akademiyasından öncə müvafiq məktəbi təsis edib və bu gün bu akademiya daha bir polşalı Yozef Qoslavskinin memarı olduğu həmin binada yerləşir. Daha bir polşalı, təcrübəli mühəndis Pavel Pototski dəniz quyularından neftin hasil edilməsi üsulunu ilk dəfə burada tətbiq edib. Öz vəsiyyətinə görə, o, 1930-cu illərin əvvəlində məhz burada dəfn edilib. Onun abidəsinin yaradılmasını Azərbaycan hökuməti maliyyələşdirib. Buna görə də Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirirəm.

Biz polşalılara gözəl gələcək nəsib olmasını arzu edirik. Azərbaycana da daha böyük uğurlar diləyirik. Cənab Prezident, Sizə Avropa İttifaqı ilə hökumətlərarası və işgüzar səviyyədə əməkdaşlığın dərinləşdirilməsinə görə minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu gün açılışını qeyd etdiyimiz bu tədbir Avropada daha güclü enerji təhlükəsizliyi istiqamətində atılan növbəti addım olacaq. Mən hər kəsi beynəlxalq çərçivə və standartlar daxilində Azərbaycana sərmayə qoymağa dəvət edirəm.

Uğurlu siyasət hər zaman xalqa xidmət edir. Bu isə iqtisadiyyatın inkişafına töhfəsini verir. Azərbaycanı bu nailiyyətlərə görə təbrik edirəm. Diqqətinizə görə minnətdaram.

* * *

İraqın neft naziri Adil ƏBDÜLMEHDİ çıxış edərək dedi:

- Zati-aliləri cənab Prezident!

Xanım Əliyeva!

Xanımlar və cənablar!

XXII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisinə dəvət olunmağım mənim üçün şərəfdir. Mən iki gün yarımdır ki, buradayam və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təməlini qoyduğu və cənab Prezident, Sizin rəhbərliyinizlə davam etdirilən siyasət nəticəsində təkcə neft-qaz sahəsində deyil, bütün sahələrdə baş verən müasirləşmənin, qazanılan uğurların şahidi olmuşam. Mən bu təcrübəni öz ölkəmdə - İraqda tətbiq edəcəyəm.

Azərbaycan dünyada sənaye üsulu ilə neft çıxaran ilk ölkədir. Bildiyimə görə, ilk quyu 1847-ci ildə qazılıb. Dənizdə ilk neft quyusu Azərbaycanda qazılıb. Azərbaycan XX əsrdə uğurlu dövrünü yaşamışdır. Sovet İttifaqı dağılandan sonra Azərbaycan çətin vaxtlar yaşayıb. Son 20 il ərzində mənzərə dəyişib, yüksəliş aydın görünür. Azərbaycanlı mühəndis və işçilərin az sayda əcnəbilərlə birlikdə dənizdə qaz hasil edən ən böyük platformanı tikməsi məndə dərin təəssürat yaratdı. Azərbaycan öz qazını bir çox ölkələrə satmaq iqtidarındadır.

Cənab Prezident, Siz üç dənizin - Xəzər dənizi, Qara dəniz və Aralıq dənizinin birləşdirilməsini tarixi nailiyyət adlandırdınız. Ümid edirəm ki, qarşıdakı illərdə Siz Körfəzin Türkiyədən keçərək Avropaya gedən kəmərlər şəbəkəsinə qoşulması ilə dördüncü dənizin birləşdirildiyini bəyan edəcəksiniz.

Hazırda biz Bəsrədə Fars körfəzindən Aralıq dənizinə neft və qaz ixrac etmək üçün İordaniya və Misirlə danışıqlar aparırıq. Düşünürəm ki, Sizin Xəzər və Qara dəniz ölkələri ilə əməkdaşlıq təcrübənizə uyğun olaraq, biz də qonşu ölkələrlə əməkdaşlıq vasitəsilə Fars körfəzini, Oman dənizini və Hind okeanını birləşdirməklə dördüncü nailiyyəti əldə edəcəyik.

Azərbaycan regional və bəlkə də qlobal oyunçuya çevrilməkdədir. Son 20 il ərzində Azərbaycanın neft və qazı bu transformasiyanın mühüm komponenti olub. Mən azərbaycanlı həmkarlarımla keçirilən məhsuldar görüşlərdən çox şadam. Dünən biz energetika naziri ilə neftin kəşfiyyatı, hasilatı, nəqli, emalı və satışı ilə bağlı bütün növ fəaliyyətlərə yol açacaq Anlaşma Memorandumunu imzaladıq.

SOCAR artıq bu işin mərkəzindədir və bizim ölkəmizdə fəaliyyət göstərir. Bizim bir çox birgə layihələrimiz var. Azərbaycanın və İraqın oxşar keçmişi var. İraq çətin vaxtlar yaşayır. Lakin dünən zati-alilərinə dediyim kimi, əgər SOCAR, BP, “Shell”, “ExxonMobil”, “LUKoyl” kimi böyük xarici şirkətlər İraqda fəaliyyət göstərə bilirsə bu, o deməkdir ki, bizdə kifayət qədər sabitlik var, investisiya mühiti əlverişlidir və dayanıqlı ola bilər. Ölkənin əksər hissəsində -18 əyalətdən 15-də vəziyyət sabitdir və ora böyük investisiyalar yatırılır.

İraqın neft sektoru artıq dəyişikliklərin katalizatoru rolunu oynayır və gələcəkdə onun rolu daha da artacaq. İstehsal daim artır və bu meyil davam edəcək. Ötən ay biz 3,1 milyon barreldən artıq neft ixrac etmişik. Hazırda istehsal həcmi 4 milyon barrelə yaxındır. İraq dünyada qaz istehsalının həcminə görə öncül mövqelərdədir. Hazırda biz ehtiyatlarımızın həcminə görə 11-ci yerdəyik. Lakin biz bütün lazımi kəşfiyyat işlərini başa çatdırandan sonra ölkəmiz 5-ci yerdə olacaq.

İraqın neft və qaz sahəsində böyük potensialı var. Biz öhdəliklərimizi yerinə yetirmək üçün tərəfdaşlarımızla onların özlərini daha çox inamlı hiss etdiyi sahələr üzrə birgə işləyirik. Dediyim kimi, tezliklə SOCAR bizim neft-qaz sahəsində daha böyük bir tərəfdaşımız olacaq. Yayda neftin qiyməti aşağı düşsə də, hazırda bu qiymət bizim üçün qənaətbəxşdir. Neft öz bazarını, bazardakı payını müdafiə etməlidir, baxmayaraq ki, vaxtaşırı olaraq bu, çox ağrılı proses ola bilər. Bütün bunlara baxmayaraq, Neft Nazirliyi istehsalı artırmaq, infrastruktur potensialını bərpa etmək, İraq xalqının xeyrinə yeni investorların cəlb edilməsi məqsədilə etimad mühiti yaratmaq üçün tədbirlər görür. Bu baxımdan mən beynəlxalq neft şirkətlərinin hamısını qarşılıqlı mənfəət naminə İraqda fəaliyyət göstərməyə dəvət edirəm.

Cənab Prezident, bir daha demək istəyirəm ki, Azərbaycanda olmaqdan məmnunam və biz ölkələrimizin maraqları naminə SOCAR ilə birgə fəaliyyət göstərməyi səbirsizliklə gözləyirik. Təşəkkür edirəm.

* * *

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva XXII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi ilə tanış oldular. Respublikamızın paytaxtında ənənəvi olaraq keçirilən neft-qaz sərgi və konfransı Xəzəryanı regionda bu cür ən böyük tədbirdir.

Dövlət başçısına SOCAR-ın ekspozisiyası təqdim olundu. Prezident İlham Əliyevə axtarış və kəşfiyyat işləri, neft və qaz hasilatı, “Əsrin müqaviləsi” çərçivəsində görülən işlər, “Cənub” qaz dəhlizinin icrası vəziyyəti, Azərbaycanda neftin və qazın ixrac marşrutları ilə bağlı həyata keçirilən tədbirlər, neft emalı və neft-kimya sənayesi, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda görülən işlər barədə geniş məlumat verildi. Bundan başqa, SOCAR-ın xətti ilə nanotexnologiyaların tətbiqi, neft-qaz sahəsində aparılan elmi işlər və kadr hazırlığı ilə bağlı həyata keçirilən tədbirlər də dövlət başçısının diqqətinə çatdırıldı. SOCAR-ın xarici sərmayələrlə bağlı siyasəti və ekoloji layihələr barədə də Prezident İlham Əliyevə ətraflı məlumat verildi.

Böyük Britaniyanın BP şirkəti “Əsrin müqaviləsi”nin başlanğıcından Azərbaycan ilə sıx əməkdaşlıq edir. Dövlət başçısına “Şahdəniz-2” və digər layihələrlə əlaqədar həyata keçirilən tədbirlər barədə məlumat verildi və qısa videoçarx nümayiş etdirildi.

BP şirkəti Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının rəsmi tərəfdaşlarından biridir. Bu şirkət Azərbaycanın milli atletlərini dəstəkləyir və idmançılarımızdan altısı BP-nin atlet səfirləri sayılır.

Malayziyanın “PETRONAS” şirkəti də Azərbaycanda yeni fəaliyyətə başlayıb. Bu iqtisadi qurum dünyanın 30-dan çox ölkəsinin neft-qaz sektorunda çalışır. “PETRONAS” şirkəti də Azərbaycan ilə əməkdaşlığını genişləndirməkdə maraqlıdır.

“Türkiyə Petrolları” şirkəti də “Əsrin müqaviləsi”nə start veriləndən Azərbaycanda geniş fəaliyyət göstərir. Ümumilikdə, Türkiyə Azərbaycanın enerji sektorunda həyata keçirilən bütün layihələrdə ölkəmizlə hərtərəfli və uğurlu əməkdaşlıq edir. “Türkiyə Petrolları” Azərbaycanda bundan sonra da reallaşdırılacaq layihələrdə yaxından iştirak etməyə və sərmayə yatırmağa hazırdır. Dövlət başçısına “SOCAR Türkiyə” şirkətinin Türkiyə iqtisadiyyatına, o cümlədən neft-qaz sektoruna qoyduğu sərmayələr barədə məlumat verildi. Qeyd edildi ki, İzmirdəki limanın tikintisi artıq yekunlaşmaq üzrədir. Bundan başqa, SOCAR-ın xətti ilə qardaş ölkədə elektrik stansiyalarının inşa edildiyi Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı.

Fransanın dünyada böyük nüfuz sahibi olan “Total” şirkəti də Azərbaycanın ənənəvi tərəfdaşlarından biridir. Bu şirkət ən müasir texnologiyalarla bağlı zəngin təcrübəsini bundan sonra da ölkəmizlə bölüşməyə hazırdır. “Total” şirkəti “Abşeron”, “Ümid” və “Babək” qaz yataqlarında ölkəmizlə yaxından əməkdaşlıq edir. Şirkətin ekspozisiyasında “Formula” yarışları ilə bağlı yeniliklər də Prezident İlham Əliyevə təqdim olundu.

Fransanın “GDF Suez” şirkəti artıq “ENGIE” adlanır. Prezident İlham Əliyevə məlumat verildi ki, dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən bu şirkət Xəzərin neft-qaz ehtiyatlarının işlənilməsində, o cümlədən “Abşeron” qaz yatağında Azərbaycan ilə sıx əməkdaşlığını davam etdirmək əzmi ilə çalışır. Respublikamızda 7 ildir fəaliyyət göstərən bu iqtisadi qurumun müxtəlif ölkələrdə 153 mindən çox işçisi var.

“RUSNEFT” şirkəti də respublikamızın neft-qaz sektorunda fəaliyyətini genişləndirir. Rusiyada fəaliyyət göstərən 10 ən iri neft-qaz şirkətlərindən biri olan “RUSNEFT” ilə ölkəmiz arasında son illərdə həyata keçirilən birgə layihələrin xüsusi əhəmiyyəti var.

Ümumilikdə, XXII Beynəlxalq Xəzər Neft və Qaz sərgisində 27 ölkədən 315 şirkət təmsil olunur. Bunların böyük əksəriyyəti dünyanın ən nüfuzlu şirkətləridir və onların bir qismi “Əsrin müqaviləsi”nin iştirakçılarıdır. SOCAR-ın “Caspian Drilling Company” şirkətinin yeni nəsil qurğusu da dövlət başçısına təqdim edildi. Qeyd olundu ki, bu müasir qurğunun tikintisi qrafik üzrə gedir.

Çin Xalq Respublikasının “Jereh” şirkəti planetin 60-dan çox ölkəsində fəaliyyət göstərir. Şirkət neft-qaz avadanlığı üzrə ixtisaslaşıb və ölkəmizlə geniş əməkdaşlıqda maraqlıdır.

“North Drilling” şirkəti İran İslam Respublikasının tanınmış iqtisadi qurumlarından biridir. Bu şirkət İranın neft-qaz sənayesinin inkişafında mühüm rol oynayır və Azərbaycan ilə əməkdaşlıq imkanlarını araşdırır.

Almaniya şirkətləri də uzun müddətdir ki, respublikamız ilə sıx əməkdaşlıq edir. Sərgidə Almaniya şirkətləri də geniş təmsil olunub.

Azərbaycanın neft-qaz bazarına Polşa şirkətləri də böyük maraq göstərir. Bu ölkə sərgidə 15 şirkətlə təmsil olunub.

Qeyd edək ki, Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi artıq 10 ildir dalbadal Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının fərqlənmə nişanına layiq görülür.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Nobel qardaşları və Bakı nefti. Mükafat” mövzusunda rəsm sərgisi ilə tanış oldular. Bu rəsm kolleksiyası Nobel qardaşlarına məxsus neft şirkətinin Azərbaycandakı fəaliyyətinin 136-cı ildönümünə həsr olunub. Sərgi Nobel qardaşları irsini dolğun əks etdirir.

Sərgi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev XXII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının xatirə kitabını imzaladı.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 3 iyun.- S.1-3.