Braziliyanın EBC kommunikasiya şirkətinin telekanalında Azərbaycanla bağlı reportaj yayımlanıb

 

Mayın 27-də Azərbaycanın Braziliyadakı səfirliyi tərəfindən paytaxt Braziliada 28 May - Respublika Günü ilə əlaqədar keçirilən rəsmi qəbulda Braziliya Poçt Xidməti (Correios) ilə birgə “Braziliya-Azərbaycan: Diplomatik Münasibətlər Seriyası” ilə hazırlanmış, üzərində Azərbaycanın Dövlət Bayrağı Meydanı və Braziliyanın Üç Hakimiyyət Meydanının fotosu olan poçt markalarının ilkxüsusi buraxılışının təqdimatı olub.

Səfirlikdən bildiriblər ki, Braziliyanın EBC kommunikasiya şirkətinin telekanalında bu təqdimat barədə reportaj yayımlanıb.

Reportajda 2015-ci ildə Braziliya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 22 illiyinin qeyd olunduğu bildirilir. Braziliya Poçt Xidməti tərəfindən “Braziliya-Azərbaycan:  Diplomatik Münasibətlər Seriyası” ilə hazırlanmış poçt markalarının xüsusi buraxılışı iki ölkə arasında dostluğun bariz nümunəsi kimi səciyyələndirilir.

Vurğulanır ki, Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanındakı bayraq dirəyi 2010-cu ildə dünyanın ən hündür bayraq dirəyi kimi Ginnesin Rekordlar kitabına düşüb.

Reportajda ölkəmiz haqqında məlumat verilir, son illərdə Braziliya və Azərbaycan arasında əməkdaşlığın genişlənməsindən bəhs edilir. Son 10 ildə iki ölkə arasında ticarət dövriyyəsinin beş dəfə artdığı qeyd olunaraq 2013-cü ildə “Azərbaycan Hava Yolları” tərəfindən Braziliya istehsalı olan altı “Embraer” təyyarəsinin alındığı bildirilir.

Bundan əlavə, reportajda qeyd olunur ki, yaxın vaxtlara Braziliyanın EBC kommunikasiya şirkəti ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) arasında əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 4 iyun.-  S.12.