Azərbaycan xalqının maraqları
dövlət üçün hər
şeydən üstündür
Prezident İlham
ƏLİYEV: “İctimai nəzarət olmasa ölkəmiz uğurla
inkişaf edə bilməz”
Azərbaycan dövlətinin sürətli inkişafı onun bütün dünyada nüfuzunun artmasına səbəb olub. Bunun bir sıra səbəbləri var. Azərbaycan Prezidenti İlham Əliyev 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda onları bir daha ictimaiyyətin diqqətinə çatdırdı.
Dövlət başçısı qeyd etdi ki, ölkəmizdə ictimai proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycanda vətəndaş cəmiyyəti tam formalaşıb. Ölkəmizdə azad cəmiyyət mövcuddur. Bütün azadlıqlar təmin edilir, o cümlədən iqtisadi, siyasi sahədə: “Bu, bizim uğurlu inkişafımızı təmin edir. Baxın, dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar, müharibələr, böhranlar yaşanır. Əvvəldən qalan münaqişələr öz həllini tapmır, üstə gəl yeni münaqişə zonaları yaradılır. Bu, bizim gözümüzün qabağındadır. Ancaq Azərbaycan burada yenə də sabitliklə, düşünülmüş siyasətlə seçilir. Azərbaycan bu gərgin məkanda nəinki sabitlik adasıdır, eyni zamanda, sabitləşdirici amildir. Bizim bölgəyə çox müsbət təsirimiz var. Siyasi təşəbbüslər, iqtisadi, enerji, nəqliyyat təşəbbüsləri regional əməkdaşlığın əsasını təmin edir və burada Azərbaycanın rolu artır. Əlbəttə, bu, bizi sevindirir. Ancaq ən önəmlisi ondan ibarətdir ki, bizim artan beynəlxalq nüfuzumuz ölkəmizin inkişafına çox müsbət təsir göstərir”.
Daxili siyasətlə bağlı fikirlərini bildirərkən dövlət başçısı vurğuladı ki, bizim çox konkret proqramlarımız var. Azərbaycanda daxili sabitlik qorunur, hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Bütün azadlıqlar bundan sonra da təmin ediləcək: “Mətbuat azadlığı, söz azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan, din azadlığı tam şəkildə təmin edilir və biz gələcəkdə də bu yolla gedəcəyik. Biz möhkəm demokratik əsaslar qururuq ki, ölkəmizin inkişafı dayanıqlı və uzunmüddətli olsun”.
Cəmiyyəti narahat edən məsələlərlə bağlı konkret addımlar atıldığını deyən Azərbaycan Prezidenti bildirdi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Həm inzibati, lazım gəldikdə cəza tədbirləri həyata keçirilir. Ən əsası odur ki, bu sahədə sistemli şəkildə institusional islahatlar mühüm rol oynayır. “ASAN xidmət”in yaradılmasının da çox böyük önəmi oldu. Bu xidmət BMT tərəfindən yüksək mükafatla təltif edilib. Cəmi iki il ərzində 4 milyondan çox insan bu xidmətin imkanlarından faydalanıb. Bu şəffaflıq prinsiplərini dövlət quruculuğu, maliyyə sisteminə tətbiq edilməsinin vacibliyini vurğulayan ölkə başçısı onu da ictimaiyyətin nəzərinə çatdırdı ki, bu müsbət təcrübə yayılmalıdır.
İdarəetmə sahəsində müsbət islahatlar aparıldığını və ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd edən Azərbaycan Prezidenti fikirlərini qəti və konkret faktlar üzərində cəmləşdirdi: “Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, bu, mənim çox səmimi fikirlərimdir. İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam - Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər”. Burada ölkə başçısının vurğuladığı kimi, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılması ilə yanaşı, ictimaiyyət də bu işdə daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bu yaxşı bir haldır ki, demokratiyanın və azad sözün meydan verildiyi yerdə ictimaiyyət fəallıq göstərir. Hazırda hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verirsə, ictimaiyyət dərhal reaksiyasını bildirir. Dövlət başçısının bunu alqışlaması isə əsl demokratik cəmiyyətin formalaşmasının göstəricisidir.
Dövlətimizin xarici siyasətinin əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Burada da Azərbaycan tərəfinin siyasəti və mövqeyi birmənalıdır. Dövlət başçısının qeyd etdiyi kimi, birincisi, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır: “Erməni lobbisinin çirkin səylərinə baxmayaraq, hesab edirəm, biz son illər ərzində apardığımız siyasət nəticəsində sübut edə bilmişik ki, bu, əzəli Azərbaycan torpağıdır. İkincisi, Dağlıq Qarabağ bütün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Biz BMT-yə üzv olduqda Dağlıq Qarabağ da bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi, Azərbaycanın bir parçası kimi qəbul edildi. Bu gün siyasi müstəvidə, əlbəttə ki, Azərbaycanın siyasi çəkisi Ermənistanın çəkisi ilə müqayisəedilməz dərəcədədir. Üçüncüsü, iqtisadi amildir. Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından ən azı on dəfə böyükdür və güclüdür. Əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Postsovet məkanında buna oxşar münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etməyib. Ancaq bu məsələ ilə bağlı qəbul olunmuş qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Ermənistan bunu nə qədər təhrif etməyə çalışsa da, mümkün deyil, çünki bu, yazılıb və dərc edilib. Odur ki, siyasi, tarixi, hüquqi əsaslar var, onların hamısı bizim mövqeyimizi dəstəkləyir”.
Bütün bu müsbət inkişafın təməlində, əlbəttə, iqtisadi islahatlar nəticəsində əldə edilən uğurlar dayanır. Hətta bu il neftin qiymətinin iki dəfə aşağı düşməsinə baxmayaraq, iqtisadiyyat ötən dörd ayda beş faizdən çox, qeyri-neft sektoru təxminən yeddi faiz artıb.
Gələcəklə bağlı siyasətə toxunan dövlət başçısı dedi ki, Azərbaycanda dayanıqlı inkişaf modeli tətbiq edilir. Əlbəttə ki, gələcəkdə sənayenin inkişafı, kənd təsərrüfatı istehsalının, ixrac potensialımızın artırılması daim diqqət mərkəzində olacaq.
Əslində, qarşıda duran
vəzifələr çoxdur. Həm
aparılan təhlillər, həm də gələcəyə
olan baxışlar bir
daha əmin edir ki, Azərbaycanın inkişafı davamlı olacaq. Ölkəmiz bundan sonra da inkişaf
yolu ilə gedəcək. Bu
inkişafın əsası müstəqillikdir. Dövlət
başçısı adıçəkilən tədbirdə
yekun olaraq bir daha bildirdi:
“Müstəqilliyimiz bizim ən böyük dəyərimizdir, ən böyük sərvətimizdir. Biz müstəqilliyi qoruyuruq
və qoruyacağıq”.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan. - 2015.- 4 iyun.- S.11.