Bakıda 22-ci Beynəlxalq “Xəzər NeftQaz” konfransı öz işinə başlayıb

 

İyunun 3-də Bakıda 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransı “ITE Group” şirkətinin baş müşaviri Ser Endrü Vud aşıb. O, konfransda 30 ölkədən 500-dən çox nümayəndənin iştirak etdiyini, ildə bir dəfə keçirilən bu cür görüşlərin həm mütəxəssislər, həm də bütövlükdə neftqaz sənayesi üçün çox vacib olduğunu deyib.

Avrasiya enerji təchizatı təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolumövzusunda ilk plenar sessiyada çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib ki, hər bir ölkə öz eneji təhlükəsizliyini təmin etməkdə maraqlıdır. Məlumat verilib ki, Avropa ölkələri bu gün 90 faiz xam neft, 60 faiz qaz və ümumilikdə gündəlik 1 milyard dollar dəyərində enerji resursları idxal edir. 2035-ci ildə isə Avropada bu resursların idxalının xeyli artacağı gözlənilir. Bununla bir vaxtda Avrasiya enerji təchizatı təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu da artır.

Sessiyada çıxış edən Polşanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskiy Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan danışıb. Bildirib ki, bu gün Azərbaycan qitəni təbii qazla təmin etmək üçün olduqca əhəmiyyətli layihələr reallaşdırır və Polşa onun bu səylərini dəstəkləyir. Yanuş Pexoçinskiy qeyd edib ki, Azərbaycan həm Avopanın, həm də dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Türkiyənin enerji və təbii sərvətlər nazirinin müavini Səfa Sadiq Aytekin isə Azərbaycan ilə Türkiyənin birgə reallaşdırdığı Trans Anadolu qaz boru kəmərinin (TANAP) əhəmiyyətindən söhbət açıb. O bildirib ki, TANAP “Cənub” qaz dəhlizinin digər layihələrinin həyata keçirilməsində önəmli rol oynayacaq. Nazir müavini Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin enerji təhlükəsizliyinə verdiyi töhfələrdən də danışıb.

Böyük Britaniyanın sabiq energetika naziriBöyük Britaniya baş nazirinin Azərbaycanda xarici ticarət elçisi Çarlz Hendri qeyd edib ki, Azərbaycan bu gün öz təbii ehtiyatlarının, coğrafi mövqeyinin üstünlüklərindən istifadə edərək çox cəsarətli addımlar atır və mühüm layihələr reallaşdırır.

Konfrans işini digər sessiyalarla davam etdirir.

 

Azərbaycan. - 2015.- 4 iyun.-  S.11.