Burada tarix də vərəqlənir

 

Beynəlxalq Xəzər NeftQaz sərgisi bu dəfə 27 ölkədən gəlmiş 315 şirkəti qəbul edib. Sərgi sahəsinin 70 faizini xarici iştirakçılar tutub. Bu, o deməkdir ki, yerli müəssisələr və təşkilatlar da öz nailiyyətlərini sərginin geniş ərazisində nümayiş etdirirlər. Başqa sözlə, sərginin sahəsinin 30 faizində geniş pavilyonlarla təmsil olunmaq Azərbaycana uğur və perspektivlərini göstərməyə əlverişli imkan yaradır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) zövqlə tərtib olunmuş geniş pavilyonu da sərgi iştirakçılarının, qonaqlarının və tamaşaçılarının diqqətini cəlb edir.

AMEA keçən illərdə də NeftQaz sərgisində təmsil olunurdu. Lakin ekspozisiyalar kiçik sahədə yerləşdirilirdi. Bu səbəbdən də rəngarəng proqramlar tərtib edib göstərmək, qazanılan uğurlar və nəzərdə tutulan işlər barədə ətraflı məlumat vermək mümkün olmurdu.

Bu dəfə AMEA öz ekspozisiyalarını 40 kvadratmetrlik bir sahədə qurub. Burada akademiyanın bir sıra institutları və digər elmi qurumları geniş təmsil olunub. Məsələn, GeologiyaGeofizika İnstitutu, respublika Seysmoloji Xidmət Mərkəzi, Coğrafiya İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, MexanikaRiyaziyyat İnstitutu və digərləri neft-qaz sahəsinə aid tədqiqatlarını, əldə etdikləri nəticələri, apardıqları axtarışları müasir informatika vasitələri ilə tamaşaçılara əyani çatdırırlar. Belə ki, hər elmi qurumun özünün monitoru, saytları var. Mütəmadi olaraq hərəsi öz fəaliyyətinə aid videoçarxlar, filmlər göstərir.

Beləliklə, sərgi iştirakçıları və tamaşaçıları GeologiyaGeofizika İnstitutunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə birgə işlədikləri layihələr, eləcə də birlikdə apardıqları tədqiqatlar haqqında dəqiq və ətraflı məlumat əldə edirlər.

AMEA-nın Təcrübə-Sənaye Zavodunun ekspozisiyaları da maraq doğurur. Bu müəssisə 20-dən çox sürtkü materialı və neft-kimya reagentləri buraxır. Zavodun məhsulları da, onların buraxılışı üçün lisenziyası da, satış üçün bazarı da var. Sərgidə müəssisəyə göstərilən maraq onun məhsullarının alıcılarının artacağından xəbər verir.

Azərbaycan neftinin və qazının, onların hasilatı, nəqli, satışı və s. ilə bağlı bugünkü nailiyyətləri tarixdən, keçilmiş şərəfli yoldan qaynaqlanır. Təqdirəlayiq haldır ki, bu dəfə Xəzər NeftQaz sərgisi “qara qızıl” və mavi alov diyarı Azərbaycanın tarixinin bu sahəsi barədə də maraqlı söhbət açır. Bu gərəkli işi AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu öz üzərinə götürüb. AMEA-nın müxbir üzvü, professor, əməkdar elm xadimi Yaqub Mahmudovun rəhbərlik etdiyi bu elm ocağı neft tarixinin öyrənilməsində də uğurlara imza atıb.

Budur, özündə zəngin materialları birləşdirən, nəfis tərtibatı və gözəl üzlüyü ilə diqqəti cəlb edən “Azərbaycan nefti” kitabını sərgi tamaşaçıları əllərindən yerə qoymaq istəmirlər. Burada neçə əsr bundan əvvəl kustar üsulu ilə neft çıxarıldığı mənzərələrdən ta bugünkü ən müasir dəniz platformalarınadək bir salnamə öz əksini tapıb. Neft tarixi həm şəkillərdə, həm də alimlərin, mütəxəssislərin qələmindən çıxmış dəyərli yazılarda göstərilir.

Bu da ümummilli lider Heydər Əliyevin həmin tarixə aid ikicildlik dəyərli kitabı. Ulu öndərin hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan neft sənayesinin inkişafına bu sahədə müasir infrastrukturun yaradılmasına göstərdiyi diqqət və dəstək misilsizdir. Hələ keçən əsrin 70-80-ci illərində ümummilli liderin gərgin zəhməti və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın neft-qaz sahəsi yeni qazma qurğuları, gəmilər, digər avadanlıqlarla zənginləşmişdir. Bu gün öz yaradıcısının adını şərəflə daşıyan Bakı Dərin Özüllər Zavodu (BDÖZ) ölkəmizin inkişafında əvəzedilməz bir rol oynayır. Mütəxəssislərin fikrincə, əgər bu müəssisə olmasaydı, hazırda ölkəmizdə icra edilən neft hasilatı layihələrinin hər biri ən azı beş il gecikərdi.

Ulu öndərin belə yadigarları çoxdur. 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzalamaqla ümummilli lider Heydər Əliyev Azərbaycanın yeni neft strategiyasının əsasını qoydu. Əslində, bu müqavilə ölkəmizin inkişafına, yüksəlişinə, çiçəklənməsinə təkan verdi. Bu baxımdan “Əsrin müqaviləsi” - Azərbaycanın neft strategiyasının təməl daşı” kitabı da maraq doğurur.

Deyilənlər Tarix İnstitutuna məxsus monitorlarda da müxtəlif formalarda öz əksini tapır. Budur, Prezident İlham Əliyev “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinin yekun investisiya qərarını imzalayır. Bu hədisədən səkkiz ay sonra - 2014-cü il sentyabrın 20-də isə dünyanın nəzərləri yenidən Bakıya dikilir. Səngəçal terminalının ərazisində “Cənub” qaz dəhlizinin təməli qoyulur...

Bir sözlə, Xəzər NeftQaz sərgisi bu dəfə həm də tarixdən danışır.

AMEA Rəyasət Heyətinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, sərgi rəhbəri Nuridə Quliyeva pavilyonun qonaqları ilə birgə bu tarixi vərəqləyir. Göz önündə 75 il əvvəlin hadisələri canlanır.

O zaman Hitler Bakını, Bakı neftini hədəfə almışdı. Faşist ordusunun zabitləri onun ad günü üçün bişirilən tortun üstündə Xəzər dənizini, Bakını əks etdirmişdilər. Amma Hitlerin bu böyüklükdə yağlı tikəni yeməyə gücü çatmazdı.

Güc isə Bakı neftində idi. İkinci Dünya müharibəsi illərində SSRİ kimi nəhəng bir ölkənin düşmənin üstünə şığıyan tank və təyyarələri Azərbaycandan gedən yanacaqla hərəkətə gəlirdi.

Əgər Bakı nefti olmasaydı, 70 il əvvəl faşizm üzərində qazanılan o qələbə də olmazdı...

Sərgi tamaşaçısının gözü qarşısında Azərbaycan neftçilərinin qələbələri bir-birinə calanır. Müharibədən sonra onlarNeft Daşları”nı kəşf edirlər.1949-cu ildə Xəzərdəki bu yataqda birinci quyunun fontan vurması ilə dünyada dəniz neftinin erası başlanır.

Kitab və bukletlər, videoçarx və filmlər Azərbaycan neftinin sonrakı tarixindən də xəbər verir. Göstərilən materiallardan məlum olur ki, “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsi, getdikcə artan hasilat ortaya yeni nəql infrastrukturunun yaradılması tələbini atıb. Beləliklə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilişi ideyası yaranıb. Ümummilli liderin böyük səyi və dünyadakı nüfuzu üç ölkənin - Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisindən keçən belə nəhəng bir boru kəmərinin reallığa çevrilməsini mümkün edib.

BTC yeni meqalayihələrə yol açıb. “Şahdəniz” qazını Səngəçaldan Gürcüstana və Türkiyəyə ixrac edən Bakı-Tbilisi-Ərzurum boru kəməri tikilib. İndi bu kəmər “Cənub” qaz dəhlizinin əsas seqmentlərindən birinə çevrilməkdədir.

Bütün bunlar sərgiyə gələn tamaşaçıların böyük marağına səbəb olub.

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun ekoloji proseslərin modelləşdirilməsi laboratoriyasının əməkdaşı Xatirə İmamverdiyeva təəssüratını belə ifadə etdi:

- Hərdən neftlə bağlı işlərimiz də olur. Ümumiyyətlə, istər Azərbaycanda, istərsə də dünyanın digər neft regionlarında baş verən yenilikləri, qazanılan müvəffəqiyyətləri ardıcıl izləyirəm. Hər dəfə Xəzər NeftQaz sərgisinə gəlməyim, burada göstərilənlərə tamaşa etməyim də bu səbəbdəndir. Amma doğrusu, neft tarixi ilə çox maraqlanmamışdım. Odur ki, bu gün sərgidə AMEA-nın pavilyonunu da maraqla ziyarət etdim və Azərbaycan neftinin tarixi barədə çox şey öyrəndim. Tarixi vərəqləmək yerinə düşdüyünə görə bu təşəbbüsü irəli sürənləri alqışlayıram.

ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin işçisi Gülnarə Əhmədova da burada idi. O, Xəzər NeftQaz sərgisinin daimi tamaşaçılarındandır. Odur ki, sərgidəki yenilikləri tez müşahidə edir və onları dəyərləndirir:

- Azərbaycan qədim zamanlardan neft ölkəsi kimi tanınıb. Lakin nədənsə qazı yeni bir sahə hesab etmişik. Halbuki Azərbaycan qazının da tarixi qədimdir. Dövlət başçısı İlham Əliyevin qarşıdakı “Bakı-2015” I Avropa Oyunlarının məşəlini məhz “Atəşgah”da - Bakının Suraxanı rayonu ərazisindəki qədim od məbədində alovlandırması bunu bizə bir daha xatırlatdı. Deməli, bu gün “Şahdəniz”dən çıxarılan qazın Türkiyəyədək çatmasının, yaxın gələcəkdə isə 3500 kilometrlik bir dəhlizlə Avropaya çıxacağının dərin tarixi kökləri varmış! Bu gün biz burada həmin tarixi gördük.

Sərgi öz işini davam etdirir. Hər gün Bakı Expo Mərkəzinə gələn neft-qaz mütəxəssisləri, digər peşə sahibləri, tələbələr dünyanın neft regionlarından xoş xəbərlər gətirmiş pavilyonlara baş çəkməklə yanaşı, AMEA-nın tarixçilərinin təqdim etdikləri bu ekspozisiyalar qarşısında da ayaq saxlayır, Azərbaycan neftinin salnaməsinə bir daha nəzər salırlar.

 

Flora SADIQLI,

 

Azərbaycan. - 2015.- 4 iyun.-  S.11.