Qırğızıstanda MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilir

 

Qırğızıstanın Çolpon-Ata şəhərində MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilir.

İclasda Azərbaycanı müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Qırğızıstanın müdafiə naziri Abibulla Kudayberdiev çıxış edərək bildirib ki, son illərdə MDB Müdafiə Nazirləri Şurası formatında əməkdaşlıq daha da inkişaf edir.

MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev deyib ki, bu toplantıda müzakirə olunan “2020-ci ilədək hərbi sahədə əməkdaşlıq strategiyası” sənədinin MDB Dövlət Başçıları Şurasının iclasında qəbul edilməsi nəzərdə tutulur.

Tədbirdə 2016-cı ildə MDB silahlı qüvvələrinin birgə Tədbirlər Planı, bu ilin avqust ayında keçiriləcək Beynəlxalq Ordu Oyunları, avqust-sentyabr aylarında baş tutacaq MDB hava hücumundan müdafiə qüvvələrinin atıcılıq üzrə “Döyüş birliyi-2015” birgə təlimlərinə hazırlıq məsələləri müzakirə olunub. “Döyüş birliyi-2015” təlimlərinin Rusiyanın Həştərxan vilayətində keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Şuranın iclasında MDB məkanında hərbi istiqamətli uçuşların təhlükəsizliyi, hərbi metrologiya problemlərinin tədqiqi sahəsində mütəxəssislərin hazırlanması məsələləri də diqqət mərkəzində olub.

Müdafiə nazirləri vahid dövlət radiolokasiya sisteminin təkmilləşdirilməsi, radiasiya, kimyəvi və bioloji vəziyyətlə bağlı dəyişikliklər haqqında qarşılıqlı məlumatlandırma məsələləri, MDB silahlı qüvvələrində vahid geoinformasiya konsepsiyasının həyata keçirilməsi planını da nəzərdən keçiriblər.

Yığıncaqda maliyyə və kadrlarla bağlı sənədlər qəbul olunub, bu ilin mart ayından may ayına qədər hərbi yönümlü ali təhsil müəssisələrinin kursantları arasında keçirilən Beynəlxalq Olimpiadanın nəticələri açıqlanıb.

Ümumilikdə Şuranın iclasında 20-dən artıq məsələyə baxılır.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Çolpon-Ata

 

Azərbaycan. - 2015.- 4 iyun.-  S.10.