İtaliyalı senatorlar: Azərbaycanın bir çox sahələrdə təcrübəsini öyrənməkdə maraqlıyıq

 

Azərbaycanda səfərdə olan İtaliya Senatının üzvlərindən ibarət nümayəndə heyəti Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, komitənin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov görüşdə Azərbaycan-İtaliya əlaqələrinin inkişafından danışıb. O, beynəlxalq təşkilatlarda əməkdaşlığa toxunaraq Azərbaycana dəstək verdiyinə, xüsusilə də ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə İtaliyaya təşəkkürünü bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan komitə sədri BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnamənin işğalçı Ermənistan tərəfindən yerinə yetirilmədiyini təəssüflə vurğulayıb. Diqqətə çatdırılıb ki, bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, bir milyondan artıq azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətində yaşayır.

Komitə sədrinin müavini Sevinc Fətəliyeva görüşdə çıxış edərək son vaxtlar Azərbaycan-İtaliya münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

İtaliya Senatının üzvləri Canluka Kastaldi, Vito PetroçelliAndrea Çoffi ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd ediblər. Onlar ötən il Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərinin əlaqələrimizin daha da inkişafına təkan verdiyini vurğulayıblar. Azərbaycanın bir çox sahələrdə qazandığı təcrübənin öyrənilməsində maraqlı olduqlarını deyən italiyalı senatorlar səfər zamanı məhsuldar görüşlər keçirdiklərini vurğulayıblar.

 

Azərbaycan. - 2015.- 4 iyun.-  S.10.