Rumıniyanın Azərbaycandakı səfiri İqtisadiyyat və Sənaye Nazirliyində olub

 

İyunun 3-də İqtisadiyyat və Sənaye naziri, Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Ş.Mustafayev Azərbaycan və Rumıniya arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb, “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə”nin imzalanmasının ölkələrimiz arasında əlaqələrin genişlənməsinə töhfə verdiyini qeyd edib. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd edən Ş.Mustafayev komissiyanın növbəti iclasının sentyabrda keçirilməsini təklif edib.

Görüşdə Ş.Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu qəbula görə təşəkkür edib, ölkələrimiz arasında dostluq münasibətlərini qeyd edib. Bakıda keçiriləcək ilk Avropa Oyunlarında Rumıniyanın 200-dən çox idmançı, eləcə də rəsmi şəxslərlə təmsil olunacağını diqqətə çatdıran səfir Daniel Kristian Çiobanu qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulayıb. Səfir Çiobanu iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün imkanları qeyd edib.

Görüşdə Azərbaycan və Rumıniya arasında əməkdaşlığın genişləndirilməsi, Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

Azərbaycan. - 2015.- 4 iyun.-  S.10.